Sona Əliyeva: “Belə maneə ilə qarşılaşmamışam…”

Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, 99 saylı Şəmkir kənd Seçki Dairəsindən Milli Məclisin üzvü seçilmiş Sona Əliyevanın APA-ya müsahibə verib.

Etikxeber.az müsahibəni olduğöu kimi, təqdim edir:

– Artıq bir ildir Milli Məclisdə təmsil olunursunuz. Ötən müddətdə fəaliyyətinizi özünüz necə xarakterizə edərdiniz?

– Seçicilərim mənə böyük etimad göstərdilər. Onlara bir daha minnətdarlığımı bildirirəm. Düşünürəm ki, parlamentdə təmsil olunduğum qısa dövr ərzində gördüyüm işlər barəsində geniş məlumat verməyim bir qədər təvazökarlıqdan uzaq olar. Gərək fəaliyyətə kənardan qiymət versinlər. Təkcə onu deyə bilərəm ki, təkcə seçicilərimin yox, məndən nəsə umanların hamısının etimadını doğrultmağa çalışıram. Buna nə dərəcədə nail olduğumu həmi insanlar daha yaxşı bilir. Seçicilərə əlçatan olmağımı özümün əsas prinsipim hesab edirəm və fəaliyyətimi bu gerçəkliyin kontekstində qururam. Bununla yanaşı, parlamentdə müzakirəyə çıxarılan qanun layihələrinə münasibətdə səmərəli təklif irəli sürmək, fikir bildirmək, plenar iclaslarda aktiv mövqe sərgiləmək deputatlıq fəaliyyətimin tərkib hissəsinə daxildir.

 

– Yəni düşünürsünüz ki, ötən bir ildə seçicilərin etimadını doğrultmusunuz?

 

– Xeyr, elə düşünmürəm. Düşünürəm ki, bu suala seçicilər daha dəqiq cavab verər. Bir il böyük müddət deyil. Ancaq bəzən bir gün belə, minlərlə insanın xeyrinə iş görməyə bəs edir. Hər günümü daha səmərəli qurmağı qarşıma məqsəd qoymuşam. Vaxtı düzgün dəyərləndirmək vacibdir. Belə olanda həm parlamentdə, həm də seçicilərlə ünsiyyətdə səmərəli insana çevrilirsən.

 

– Bəs hansı meyarlar seçicilərin Sizə üstünlük verməsinə səbəb oldu?

 

– Seçildiyim şəhərdə doğulmuşam, böyümüşəm, müəllimlikdən yüksək vəzifəyə qədər qalxmışam. Bütün uğurlarıma şəmkirlilərin gözləri qarşısında çatmışam. Mənim ailəm, mənsub olduğum nəsil Şəmkirdə yüksək dəyərlərə malik tanınmışlardandır. Əminəm ki, bugünə qədər qazandığım nailiyyətlərdə genin də rolu var. Həm pedaqoji fəaliyyətlə məşğul olanda, həm İcra Hakimiyyətində müavin vəzifəsini daşıyanda insanların rəğbətini qazanmağa çalışmışam. Şəmkirlilər, ümumiyyətlə, azərbaycanlılar qədirbiləndir. Hamı məni sözün hər iki mənasında yaxşı tanıyıb. Nəticə də göz qabağındadır.

 

– Hesab edirsiniz ki, seçkilərdə üstünlüyü həmin rayonun sakini olmaq şərtləndirir?

 

– Bizim ziyalılarımız var ki, onlar xalq, dövlət, hökumət, cəmiyyət üçün xeyli yaxşı işlər görüblər və bu missiyanı davam etdirilər. Belə insanların deputat seçilməsində bölgə anlayışı əsas rol oynamır. Onları xalq çoxdan tanıyır. Söhbət məndən gedirsə,  bəli, yerli sakin olmağımın müsbət tərəfləri var. Respublika üzrə tanınmağım parlamentdə quracağım fəaliyyətlə bağlıdır ki, buna da çalışıram.

 

– Seçicilər daha çox hansı problemlərlə bağlı Sizə müraciət edirlər və Siz hansı məsələləri həll edə bilirsiniz?

 

– Müraciətlər əsasən sosial-məişət problemləri ilə bağlı olur. Müayinə və müalicə, sosial müavinətin verilməsi, işsizlik, xəstəlik, əlillik və sair bu səpkili müraciətlər üstünlük təşkil edir. Demək olar ki, müraciətlərin ən azı yarısını həll etməyə gücüm çatır.

 

– Bu problemlərin həlli ilə bağlı məmurların, xüsusilə də nazirlərin Sizi eşitməsində çətinlik olmur ki?

 

– Belə maneə ilə qarşılaşmamışam. Adətən seçicilər müraciət edərkən ünvanı düzgün seçmirlər. Məsələn, problemləri yerli icra hakimiyyətləri səviyyəsində həll oluna biləcəyi halda, bizə müraciət edirlər. Biz də yenidən icra hakimiyyətinə ünvanlayırıq və həll olunur. Seçicilər bəzən öz hüquqlarını bilmirlər. Biz də onlara hüquqlarını öyrənmələrində bilməklərində kömək edirik.

 

– Deputat fəaliyyətinizdən başqa hansı fəaliyyətlə məşğul olursunuz?

 

– Şəmkir rayonunda Heydər Əliyev Mərkəzinə ictimai əsaslarla rəhbərlik edirəm. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Şəmkir Bilik Evinin direktoruyam. Təbii ki, bu fəaliyyətimi də ictimai əsaslarla həyata keçirirəm.

 

– Deputat olmaq çətin deyil ki?

 

– Deməzdim ki, asandır. Məsuliyyətlidir. Ciddi yanaşma tələb edir. Mən məsuliyyətimi dərk edirəm. Çətin tərəfi odur ki, rayonda yaşadığım halda, 400 kilometrlik məsafəni tez-tez qət edərək Bakıya – Milli Məclisin iclaslarında iştirak etməyə gəlirəm. Bundan başqa, tez-tez seçicilərin yanında olmaq lazımdır ki, bu da fiziki baxımdan çətinlik yaradır. Amma vətəndaşlarla lap əvvəldən işlədiyimə görə çətinlikləri dəf etməyi bacarıram.

 

– Deputatın əsas səlahiyyətlərindən biri də qanunvericilik təşəbbüsüdür. Sizin hansı təşəbbüsünüz olub?

 

– Mən parlamentin Elm və Təhsil, eyni zamanda İnsan hüquqları komitəsində təmsil olunuram. Hazırda Elm və Təhsil komitəsində hazırlanmış “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin müzakirələrində fəal iştirak edirəm. Xüsusilə də bu qanun layihəsinə xarici təcrübədən yararlanmaqla müəyyən müddəaların salınmasında fəallıq göstərmişəm.

 

– Orada hansı təklifin müəllifi olubsunuz?

 

– Çoxdur, saysam bitməz…

 

– Bir-ikisini sadalayın.

 

– Pedaqoji bölümlə bağlı çoxdur, saymaqla qurtarmaz.

 

– Pedaqoq kimi məktəblərdə müəllimlər tərəfindən tez-tez pul yığılması faktları ilə bağlı nə deyə bilərsiniz?

 

– Müəllim adı müqəddəsdir. Müəllimlərə rüşvətxor adını yaraşdırmıram, bu üzdən onların rüşvət aldıqlarını təsdiqləyə bilmərəm və belə faktların olmasını inkar edirəm.

 

– Yəni deyilənlər yalandır?

 

– Mən öz rayonumuz adına danışa bilərəm ki, Şəmkir məktəblərində müəllimlər pul götürmür. Əslində məktəblərin nizamnaməsinə baxsanız, görərsiniz ki, həmin sənəddə məktəblərin maddi yardım alması məsələsi tənzimlənir. Yəni valideyn tərəfindən məktəbə hər hansı ianə köçürülürsə, bu, qeyri-qanuni deyil. Cəmiyyət məktəbə dəstək verməlidir. Bəzən bu dəstək maddi tərəfdən olur. Sadəcə, məktəb rəhbərliyi həmin vəsaitdən istifadəni şəffaf şəkildə həyata keçirməlidir.

Etikxeber.az

Read Previous

Çovdarov vəkillərindən imtina barədə ərizəsini geri götürdü

Read Next

“Heç kim mükəmməl deyil…” – Əliyevdən “Associated Press”-ə cavab

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir