Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Şəmkir rayonunun Heydər Əliyev Mərkəzində millət vəkili Sona Əliyevanın təşəbbüsü ilə şəhid Dinar Mustafayevin anım xatirə tədbiri keçirilib.
Etikxeber.az-ın xəbərinə görə, 1997-ci ilin aprel ayında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərərgah rəisinin əmri ilə döyüş tapşırığı alan Dinar Mustafayev və onun altı yoldaşı elə ilk döyüşdə düşmənin xeyli əsgərini və hərbi texnikasını məhv ediblər.
Lakin son anda hərbi sursatları qurtardığından düşmən əlinə keçməmək üçün özlərini əl qumbarası ilə məhv edərək, “Yeddi qardaş” adı ilə şəhidlik zirvəsinə ucalıblar.
Vətənin keşiyində öz sinələrini sipər edən, bu məğrur Azərbaycan övladlarının cəsədləri 6 aydan sonra alınaraq Vətən torpağında dəfn ediliblər.
Xalqımızın Ümummilli lideri Heydər Əliyev yurdumuzun müdafiəsi uğrunda müstəsna qəhrəmanlıqlar göstərən şəxslərin xatirəsini daima əziz tutub, onları yüksək qiymətləndirib.
1998-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə Dinar Mustafayev və onun döyüşdə həlak olmuş altı yoldaşı ölümlərindən sonra “Azərbaycan bayrağı” ordeni, 2005-ci ildə isə cənab Prezident İlham Əliyev tərəfindən “Vətən naminə” ordeni ilə təltif olunublar.
Şəhidin əziz xatirəsinə həsr olunmuş tədbir Mərkəzin əməkdaşı Arzu Həsənovun açılış nitqindən sonra bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə millət vəkilləri Sona Əliyeva və Qənirə Paşayeva, Türk dünyasının araşdırmaçı jurnalisti, “Aprel 2016 Şəhid Ailələrinə Dəstək” ictimai birliyinin həmsədri, “Qalibiyyət” kitabının müəllifi Aidə Eyvazlı, şəhidin sağ qalmış döyüş yoldaşı, Qarabağ qazisi Aqil Əhmədov, şəhidin ailə üzvləri, yaxın qohumları, Şəmkir rayon İcra Hakimiyyətinin müavini, Yeni Azərbaycan Partiyasının Şəmkir filialının sədri Fəxrəddin Vəliyev, Şəmkir rayon Polis Şöbəsinin rəis müavini Yaşar Hüseynov, şəhidin müəllimləri və sinif yoldaşları çıxış etmişlər. Tədbirdə rayon ictimaiətinin idarə heyyəti, Qarabağ qaziləri, Aprel şəhidlərinin ailə üzvləri, N-saylı hərbi hissənin heyyət üzvləri və digər qonaqlar iştirak ediblər.
Xatirə tədbiri Aprel döyüşündə göstərdiyi qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalmış polkovnik-leytenant Raquf Orucovun təşəbbüsü ilə onun komandir olduğu N-saylı hərbi hissədə çəkilmiş “Təki Vətən yaşasın” adlı film ilə başlayıb
Tədbirdə çıxış edənlərin hər biri kəşfiyyatçı şəhidimizin göstərdiyi qəhrəmanlıqdan, Vətən, torpaq sevgisindən onu şəhidlik zirvəsinə aparan şərəfli yoldan söz açıblar.
Tədbirin sonunda şəhid Dinar Mustafayevin əziz xatirəsinə hazırlanmış fotoalbom şəhidin ailəsinə və digər qonaqlara təqdim olunub.
Etikxeber.az