“Sonra da deyirlər ki, uşaqlar qorxaq böyüyür, müstəqil davrana bilmir” – DEPUTAT YAZDI

İki fərqli hərbi xidmət keçdiyimdən (Sovet ordusunda əsgər kimi, Azərbaycan ordusunda zabit kimi) müxtəlif auralarda düzənlənən Hərbi and mərasimində iştirakçı olmuşam.

Həm özü adn içən kimi, həm də müşahidəçi kimi.

Sovet ordusunda andiçmə mərasimində mənimlə bərabər xidmətdə olan 150-yə yaxın azərbaycanlının valideynlərindən kimsə iştirak etməyib.

Ötən gün Naxçıvana yola düşərkən hava limanında bir neçə orta yaşlı qadın və kişinin pərişan durumda olduğu diqqətimi çəkdi. Hiss olunurdu ki, yoxsul və xəstəhal insanlardır.

Yaxınlaşıb soruşdum ki, nə probleminiz var, nədən belə pərişansınız. Bildirdilər ki, borc-xərc tapıb Zərdabdan və Gədəbəydən gəlmişik uçaq Naxçıvana, hələ ki, bilet tapmamışıq.

Bilirəm ki, yayda bilet məsələsində obyektiv sıxıntılar olur, lakin elə zəruri hallar var ki, insanların yola salınması olduqca vacibdir. Səfərlərinin səbəbini soruşanda, söylədilər ki, uşaqların hərbi andiçmə mərasimidir, ora yetişməliyik.

Söylədim ki, ay anam, ay atam, nə vacibdir ki, borc götürüb əziyyətlə bir günlüyə gedib-qayıdasınız, dövlətimiz əsgərlərin qarğısına ən yüksək səviyyədə qalır, Naxçıvanda isə əsgər münasibət ən yüksək düzeydədir, istər qida, istər də hüquq baxımından, özləri andını içib xidmətə başlayacaqlar.

İmkan verin bir az da vildeyn himayəsi olmadan həyata baxmağa vərdiş etsinlər. Orta yaşlı qadın söylədi ki, başqa validenlər gəlir deyə gedirik ki, uşağımızın gözü yolda qalmasın.

Məhz bu başqa valideyn, başqa qonşu, başqa tələbə qoymur ki, bu millətin insanı öz bildiyi kimi davransı. Yasını da, toyunu da, təhsilini də, evinin inşasını da, istirahətini də başqasının nə deyəcəyi anlayışı üzərində quran bir cəmiyyətin fərdlərinin öz müstəqil düşüncəsi ola bilməz ki…

Başqasının qorxusundan öz anladığını din kimi yaşamaz, öz oxuduğuna doğru tarix kimi baxmaz, hər şeydə başqasının nə deyəcəyi barədə qorxu onu təqib edər. Odur ki, biz cəmiyyətimizdə başqasına görə müəyyənləşən yaşam fəlsəfəsini dəyişməliyik. 

Hərbi and məsələsinə gəldikdə isə, hər bir halda Müdafiə Nazirliyi bu mövzuda insanların vəziyyətini yüngülləşdirəcək addımlar atmaq barədə düşünməlidir.

Anlayıram ki, valideynlərin iştirakı vətənpərvərlik aurası baxımından, ordu-vətəndaş münasibətləri sağlamlığı baxımından faydalıdır. Ancaq imkansız valideynlərin bu cür sıxıntı içində, borc götürüb bu mərasimlərə getməsi ürəkaçıcı durum deyil.

Əlbəttə, izahat aparmaq ilk növbədə vacibdir ki, uşaq Kamçatkada vəya Baltikyanı ölkələrdə xidmət etmir, müəyyən vaxtlarda telefonla əlaqə də saxlaya bilirsiniz, imkan verin normal xidmətini etsin.

Ümumiyyətlə, Azərbaycanın bir başından o biri başına məsafə nə qədərdir ki, həftə səkkiz mən diqquz valideyn kəsir hərbi hissənin qabağını. Sonra da deyirlər ki, uşaqlar qorxaq böyüyür, müstəqil davrana bilmir. Buraxın mətin əsgər kimi formalaşsınlar.

Hər halda bu cür xırda görünən məsələlər sonrada xarakterimizdəki yanlışların böyüməsinə səbəb olur deyə, bu müşahidəmi yazdım.

Fazil MUSTAFA,

Millət vəkili

Etikxeber.az

Read Previous

Avstraliya Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edilib – XİN

Read Next

“Həsən Həsənov dəstəyi qaldırıb xəbəri dövlət başçısına bildirdi…” – AKADEMİK YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir