Sonuncu-KADR…

AZƏRTAC-ın Fotoinformasiya baş redaksiyasına rəhbərlik etmiş mərhum Oqtay Aydın oğlu Məmmədov 70-ci doğum günündə ən xoş duyğularla xatırlanır

Fotoqraf ömrü çəkdiyi şəkillərdə, lentə aldığı kadrlarda yaşayır.

O, fotoaparatın düyməsini basmaqla zamanın, həyatın bir anını əbədiyyətə, yaddaşa çevirir.

İllər ötür keçir, vaxt, zaman dəyişir, lakin onun lentə aldığı kadrlar tarix olaraq yaşayır.

Oqtay Aydınoğlu (Məmmədov) o qədər də uzun olmayan ömründə təkcə fotoobyektivin yaddaşına köçürdüyü şəkillərdə deyil, özündən sonra yaddaşlarda xatırlanan, həmişə diri və canlı izlər qoyub…

O, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirəndən sonra L.Krasin adına Elektrik Stansiyasında bədən tərbiyəsi təlimatçısı işləyib. Boksla məşğul olub, reqbi və üzgüçülük üzrə SSRİ və respublika miqyaslı yarışlarda dəfələrlə çempion adı qazanıb, İdman ustasının çalışdığı energetika müəssisəsində bədən tərbiyəsi və idman sahəsində də bir sıra uğurlu nəticələrə nail olmuşdu. Bir dəfə AZƏRTAC-ın əməkdaşı Malik Şərifov həmin müəssisənin idman sahəsində əldə etdiyi göstəricilər barədə fotosüjet hazırlayıb.

Hərə şey də oradan başlayıb…

Foto sənətinin izi ilə

Oqtayın təlimatçısı olduğu müəssisə, buradakı üzgüçülük hovuzu, idman qurğuları, eləcə də bədən tərbiyəsi təlimatçısının fəaliyyətini əks etdirən şəkillər çəkir və bu barədə material dərc olunur.

Əslində, onun foto sənətinə gəlişində həmin hadisə çox mühüm rol oynayıb.

1980-ci illərin ortalarında o, qızı Aytənin, bundan bir il sonra oğlu Aydının şəkillərini çəkmək üçün Maliki evə dəvət edir.

Fotonun çəkilməsi, plyonkaların yuyulması, işıq düşməyən yerdə onun təmizlənməsi və ən nəhayət, ömrün bir anını əks etdirən ağ-qara şəkillərin araya-ərsəyə gəlməsi onu çox maraqlandırır.

Elə bu həvəslə evdəki “Zenit” fotoaparatını işə salıb, bir, iki, üç şəkil…

Aytənlə Aydının bir neçə şəklini çəkir, çox sevdiyi Xəzərin dalğalarını fotoobyektivin yaddaşına köçürür, Hövsanda yaşadığı bağ evini, ağacları, təbiəti lentə alır…

Bayılda yerləşən Elektrik Stansiyası öz fəaliyyətini başa vurandan sonra o, iş yerini AZƏRTAC-a dəyişir, bir müddət satış təmsilçisi işləyir.

Lakin ağ-qara şəkillərin sehri Oqtay Aydınoğlunu tərk etmir. Burada tanınmış foto ustası Oleq Litvindən bu sənətin incəliklərini öyrənir, kursa gedir. Həvəskar şəkillər çəkdiyi “Zenıt” fotoaparatını “Nikon” fotoaparatı ilə əvəz edir.

Oleq Aleksandroviçlə Azərbaycanın ayrı-ayrı regionlarına, təsərrüfatlara üz tutur. Ustad fotomüxbirdən bu işi ən xırda incəliklərinə qədər öyrənməyə çalışır. Öyrəndikcə öyrənir, ondan nə eşidirsə, əməl etməyə başlayır. Oqtay Aydınoğlu peşəkarlaşdıqca, püxtələşdikcə özünü ilk fotolarını nəyə görə bəyənmədiyini anlayır. Yavaş-yavaş bu işin ən mahir ustalarından birinə çevrilir.

AZƏRTAC-da keçən illər

1990-cı ildən AZƏRTAC-ın fotomüxbiri kimi dünyanı dolaşıb.

Azadlıq meydanındakı izdiham, Şəhidlər xiyabanında 20 Yanvar hadisələri qurbanlarının dəfni, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə olan dramatik hadisələr, Milli Məclis iclasları onun fotoobyektivinin yaddaşındakı lentlərdə əbədiliyə qovuşub.

20 Yanvar hadisələri vaxtı küçə və meydanlarda faciə qurbanlarının, əzilmiş maşın və texnikaların, atəşə məruz qalmış bina və evlərin şəkilləri məhz Oqtay Aydınoğlunun çəkdiyi kadrlar vasitəsilə dünyanın aparıcı kütləvi informasiya vasitələrinə yol tapıb. Həmin günlərdə sovet hərbçiləri bir neçə dəfə fotoqrafın çəkdiyi kadrların qarşısını almaq üçün onun üst-başını axtarsalar da, əvvəlcədən özündə saxladığı boş və ya istifadə edilmiş plyonkaları verərək məşum günləri əks etdirən kadrları qoruya bilib.

Oqtay Aydınoğlu1998-ci ildən agentliyin Fotoinformasiya baş redaksiyasına rəhbərlik edib. Həmin illər ərzində ölkəmizdə cərəyan edən ən mühüm sosial-ictimai, mədəni hadisələrin fotosalnaməçisi olub. O, xalqımızın ümummilli lideri Heydər Əliyevin, Prezident İlham Əliyevin çoxsaylı xarici və ölkədaxili səfərlərində AZƏRTAC-ın fotomüxbiri kimi iştirak edib. Onun çəkdiyi fotolar təkcə respublika mətbuatında deyil, “Reuters”, “Frans Press” və “Associated Press” kimi xəbər agentlikləri vasitəsilə də yayılırdı. Azərbaycan həqiqətləri və reallıqları onun fotoaparatının kiçik obyektivindən dünyaya pəncərə açıb.

Oqtay foto sənətini qəlbən, daxildən gələn bir istəklə və bütün varlığı ilə sevirdi. O, bu məhəbbəti uşaqlarına da aşılamışdı. Qızı Aytənin lentə aldığı bir neçə şəkil Rusiyada çıxan “Komsomolskaya pravda” qəzetində dərc olunub. Oğlu Aydına isə öz sənətini daha peşəkar səviyyədə öyrədib. 2004-cü ildən onunla birlikdə çalışıb. Ata-bala bir yerdə Litva, Latviya, Sloveniya, Türkiyənin Adana şəhərində Bakı-Tiflis-Ceyhan neft kəmərinin açılışında iştirak ediblər.

Fotomüxbir ömrünün son anları

2009-cu ilin 20 yanvar səhəri… Həmişəki kimi evdən çıxıb işə gedib. Şəhidlər xiyabanında faciənin ildönümü ilə əlaqədar ziyarətin çəkilişindən az sonra qəflətən ürəyindən ağrı tutub. Onu maşına qoyub iş yerinə gətirirlər. Həkimlər, tibb işçiləri çox çalışsalar da, Əməkdar mədəniyyət işçisi Oqtay Aydınoğlunun həyatını xilas edə bilmirlər…

Öz iş otağında anları, hadisələri, tarixi ədəbiləşdirən fotosənətkar ömür təqviminin 58-ci ilində əbədiyyətə qovuşur.

Əgər fotojurnalist Oqtay Aydınoğlunun həyat yolunu, yaşadığı ömrü fotolarla dolu bir alboma bənzətsək, yəqin ki, fotolaboratoriyada dünyaya “əlvida” dediyi gün sonuncu kadr olar.

2006-cı ildə Fotoqraflar Birliyi tərəfindən “İlin ən yaxşı siyasi fotomüxbiri”, 2009-cu ildə isə Mətbuat Şurasının “Media açarı” mükafatına layiq görülüb.

Ustad fotojurnalistin çəkdiyi şəkillər indi Azərbaycan fotojurnalistikasının salnaməsi kimi xatırlanır (AZƏRTAC).

Etikxeber.az

Read Previous

Əliyevlə Ərdoğan “Xan qızı” bulağında oldu, Şuşada “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” musiqili kompozisiyası təqdim edildi-BİRİNCİ XANIMLAR BİR ARAYA GƏLDİLƏR – YENİLƏNİB – FOTOLAR – (1)

Read Next

“Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad öz-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir”-PREZİDENT – ƏLİYEVLƏ ƏRDOĞAN BƏYANATLARLA ÇIXIŞ ETDİLƏR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir