“Soruşurlar ki, niyə Tofiq Yaqublunun, yaxud da Mübariz Mənsimovun həbsinə münasibət bildirmirsiniz…”-FAZİL MUSTAFA SƏBƏBİNİ YAZDI

Bizə bir çox dostluğumuzda olan şəxslər yazırlar ki, niyə Tofiq Yaqublunun həbsinə, yaxud da Mübariz Mənsimovun Türkiyədə həbsinə münasibət bildirmirsiniz.

Əlbəttə, biz Azərbaycanla bağı olan hansısa şəxsin, vətəndaşımız olsun-olmasın, həbs olunmasını istəməzdik.

Allah hamısının qapısini açsın. Ancaq insanlar da anlamalıdırlar ki, hər bir məsələni siyasiləşdirmək, önyarğılı davranmaq sonradan həmin şəxslərin özünə daha çox zərər yetirir.

Əgər iki avtomobilin toqquşması nəticəsində mübahisə yaranıbsa və mübahisə edən tərəflərdən biri zorakılıq motivlərinin olduğunu iddia edərək hüquq-mühafizə orqanlarına şikayət edibsə, bu istər müxalifətçi olsun, istər Qarabağ qazisi, istər də sıradan vətəndaş- hamıya qarşı qanunvericliyin tələblərinə uyğyn addım atıla bilər.

Görülən tədbirlər kimisə qane edə bilər-bilməz, kimsə burada qərəz axtara bilər, lakin enində-sonunda hüquq müstəvisində məsələ araşdırılıb aydınlaşdırılmalıdır. Digər tərəfdən hər bir şəxs özü üçün dəyərli hesab etdiyi şəxsi müdafiə etmək haqqına sahibdir.

Ancaq unutmamalıyıq ki, Mübariz Mənsimov əslən azərbaycanlı olsa da, Türkiyə vətəndaşıdır və vətəndaşlığını daşıdığı ölkənin qanunları qarşısında məsuliyyət daşıyır.

Onu sevən insanlar öz subyektiv mülahizələrinə görə bunun siyasi sifariş olduğunu iddia edə bilərlər, yaxud da bu həbsdən narazılığını ifadə edə bilərlər, imza toplayıb müvafiq instansiyalara təqdim edə bilərlər.

Ancaq bu məsələni qardaş Türkiyənin ədalət mühakiməsi sisteminə etimadsızlıq yaratmaqla etmək yanlış bir davranışdır. Biriləri bu məsələni bəhanə edib Türkiyənin prezidenti barədə hörmətsiz ifadələr işlədirsə, Azərbaycan hakimiyyət orqanlarını sübutsuz, dəlilsiz ittiham edirsə, əslində ən böyük ziyanı müdafiə etdikliəri şəxsə vururlar.

Bu cür məsələlər hədsiz siyasiləşəndə, hüquq müstəvisində də müsbət yöndə həlli çətinləşir. Türkiyə bir hüquq dövlətidir, vəkillərin nüfuzu kifayət qədər yüksəkdir, məhkəmə çəkişməsi tamamilə aşkar şəkildə aparılır, yetərincə sübutlar olmasa, hansısa şəxsin qondarma ittihamla mühakimə olunması çətindir.

Ona görə də mən yenə də hər iki şəxslə bağlı hüququn aliliyinə hər kəs tərəfindən hörmət göstərilməsinin tərəfdarıyam.

Ümid edək və inanaq ki, hər şey yaxşı sonluqla qurtaracaq.

Fazil MUSTAFA,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Bu addım atılsa, heç kim axmaq-axmaq ehtimallar irəli sürməz”-“FORMULA-1”-İN SABİQ RƏHBƏRİ

Read Next

Aqrar siyasət, o cümlədən Əmək və sosial siyasət komitələri də-ONLAYN İCLASLAR KEÇİRƏCƏKLƏRMİ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir