Spiker 65 yaşdan yuxarı deputatların iclaslarda iştirakına qadağan qoyulmadığını dedi-SİYAVUŞ NOVRUZOVLA ZİYAFƏT ƏSGƏROV YENƏ “RADİKALLAR”I İTTİHAM ETDİ…-YENİLƏNİB – (3)

Fövqəladə vəziyyət zamanı məhdudlaşdırıcı tədbirlər yenə deputatlara şamil olunmayacaqmı? Mən bu məsələni keçən dəfə də qaldırmışdım.

Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı millət vəkili Tahir Kərimli deyib.

T. Kərimli bildirib ki, karantin rejimi haqqında qanunumuz yoxdur:

“Təəssüf ki, ötən dəfəki çıxışım düzgün başa düşülmədi. Bizim yaşlı deputatlarımız bu gün iclasda iştirak etmir. Bunlar da sərbəst hərəkətə qoyulan məhdudiyyətlərlə bağlıdırmı? Bununla bağlı bəlkə Konstitusiya Məhkəməsinə müraciət edək. Bu məsələlər aydınlaşdırılmalıdır”.

Qeyd edək ki, qanun layihəsinin yeni redaksiyasında epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar ölkə ərazisində sərbəst hərəkətə qoyulan məhdudiyyətlərin deputatla bərabər, onun şəxsi və xidməti nəqliyyat vasitələrinə də şamil edilməməsi nəzərdə tutulur.

***

“Bu gün xaricdə oturub Azərbaycan əleyhinə işlər aparan adamlar var”

Bunu da MM-in Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri deyib ki, onlar utanmaslar deyərlər ki, dünyada koronavirusu Azərbaycan hökuməti yaradıb:

“Özləri xaricdə oturub evdən çıxa bilmirlər. Azərbaycanda vəziyyət nə qədər ağır olsa onlar üçün yaxşıdır. Bunu istəyən iki qrup var: Ermənistan və Azərbaycanı istəməyən qüvvələr”.

***

“Təklif edirəm ki, karantin rejimi əvəzinə epidemiya əleyhinə rejim ifadəsi istifadə edilsin”.

Bunu millət vəkili Nizami Səfərov deyib. O, bildirib ki, qanunlar qarşımızda duran hədəflərlə uzlaşmalıdır: “Bu, ölkə başçısının da tövsiyəsidir. Təcili həlli gözlənilən məsələlərlə bağlı qanuna təklif edilən dəyişikliklərin bir oxunuşda qəbul olunması daha məqsədəuyğundur. Bir çox yeni qanunun təcili qəbul edilməsi zərurətini proqnozlaşdırmaq elə də çətin deyil”.

Millət vəkili Qüdrət Həsənquliyev öz növbəsində bildirib ki, Nazirlər Kabinetinin məhdudiyyətlərin MM-in üzvlərinə şamil olunmaması ilə bağlı qərarı ilə bundan əvvəl yaşı 65-dən yuxarı olan şəxslərin küçəyə çıxmasına qadağa qoyulması ilə bağlı qəbul etdiyi qərar arasında ziddiyyət var: “Konstitusiyanın 102-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərin deputatlara şamil edilmədiyini qanun layihəsinə daxil etsəydik, məsələ bununla da yekunlaşardı. Təəssüf ki, belə olmadı”. Q. Həsənquliyev bəzi mağazaların bağlanmasına da münasibət bildirib: “Tibbi maskalardan istifadə etmək şərti ilə bəzi müəssisələrin fəaliyyəti bərpa olunmalıdıır. Kənd təsərrüfatı üçün gübrə satan mağazaların fəaliyyətinə icazə verilməlidir. Rayonlarda bir sıra istixanalarda yetişdirilən məhsullar elə orada da qalır. Hətta bəzi sahibkarlar deyir ki, icazə verin, məhsullarımızı Bakıda gətirib əhaliyə pulsuz paylayaq”.

***

“Hazırda koronavirusa qarşı ən kamil mübarizə aparan dövlətlərdən biri Azərbaycandır”-deyən MM-in Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov müxalifətə qarşı sərt ifadələr səsləndirib: “Bizim birliyimiz Azərbaycanı istəməyən qüvvələrə təsir edir. Siyavuş Novruzovun fikri ilə razıyam, onlar utanmasalar deyərlər ki, koronavirusu dünyaya Azərbaycan hökuməti yayıb. Əli Kərimli, Cəmil Həsənli və s. Azərbaycanın düşmənləridir. Azərbaycan xalqı həmişə Prezident ətrafında sıx birləşməlidir. Hamı qanuna tabe olmalıdır”.

***

“Yaşı 65-dən yuxarı olan deputatların parlamentin iclaslarına gəlməsinə məhdudiyyət qoyulmayıb”.

Bunu isə spiker Sahibə Qafarova bildirib.

Spiker deyib ki, dünən komitələrin videokonfrans formatında keçirilən iclasında da bunu qeyd edib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

MM-in iclası-YAŞLILAR İCLASA QATILMADI, TİBBİ İŞÇİLƏRİ, POLİSLƏR, HƏRBÇİLƏR AYAQSTƏ ALQIŞLANDI, ELMAN RÜSTƏMOV TƏSDİQLƏNDİ, BAŞ NAZİR VİDEOHESABAT VERDİ, NEFTDƏN, PANDEMİYADAN DANIŞDI, BADAMOVLA HƏSƏNQULİYEV TƏKLİFLƏRİNİ VERDİ, HESABAT MÜSBƏT SAYILDI…-YENİLƏNİB – (6)

Read Next

Milli Məclis və onun komitələri ilə bağlı 3 qanun layihəsinə baxıldı-İKİNCİ OXUNUŞDA QƏBUL EDİLDİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir