Spikerin səfəri yerində və məqamında olan bir səfər idi…Bu səfərdə çox incə diplomatik mesaj verildi…Özü də elə həmsədrlərdən birinin paytaxtında, ali kürsüsündə…-KAMİL HƏMZƏOĞLU YAZIR

6-cı çağırış Milli Məclisin (MM) sədri, həm də yeni spiker kimi, Sahibə xanım Qafarova özünün ikinci rəsmi səfərini etdi.

Qardaş və dost, “Bir millət-iki dövlət” olan Türkiyədən sonra yaxın və şimal qonşumuza, dünyanın 3 supergücündən birinə-Rusiyaya ilk rəsmi səfərini gerçəkləşdirdi. Vacib, yerində, zamanında, məqamında olan bir səfər idi.

Düzdür, bəzi tanınmış politoloqlar, şərhçilər ikinci səfərin Azərbaycanla bütün məsələlərdə mövqeləri üst-üstə düşən, səmimi müttəfiq və etibarlı tərəfdaş olan Ukraynaya edilməsini məqsədəuyğun saysalar da, ikinci səfərin məhz Rusiyaya olması indiki reallıqda daha məntiqli və  önəmliydi. Çünki həm də son 6-7 aylıq pandemiya dönəmində Xarici işlər və Müdafiə nazirlərini çıxmaqla, ötən dövr ərzində bu iki ölkənin daha yüksək rəsmilərinin  qarşılıqlı səfərləri olmamışdı.

Odur ki, indiki dönəmdə, xüsusilə, iyul hadisələrindən-işğalçı və təcavüzkar Ermənistanın Tovuz təxribat(lar)ından, danışqlar prosesisinin faktiki dayanmasından, Ermənistanın aqressivliyinin daha da atmasından sonra bu səfərin Rusiyaya, ATƏT-in Minsk qrupunun 3 həmsədrindən birinə gerçəkləşdirilməsi hər baxımdan düzgün və müsbət addım idi.

Qeyd etmək mütləq şəkildə yerinə düşər ki, Rusiyanın Ermənistana yaxınlığı, onu himayə etməsi heç kim üçün sirr deyil- istər keçmiş RSFSR, istərsə də müstəqil Rusiya kimi. Qarabağ  münaqişəsinin başlamasından, alovlandırılmasından bu günə qədər  Rusiya hər zaman daha çox Ermənistanın, öz forpostunun yanında olub. Xüsusilə də, 90-cı illərin sonları, 2000-ci illərin əvvəllərinə kimi.

Həm də uzun müddət gizli və açıq şəkildə Rusiya ilə Azərbaycan arasında gərginlik, ziddiyyətlər olub, yaşanıb. İmperiya, “bəlkə də qaytardılar” xülyası ilə yaşayanlar Azərbaycanın müstəqilliyinə daim qısqanclıqla yanaşıblar və təəssüflər olsun ki, bu gün də bu tendensiya hökm sürməkdədir. Ancaq mərhum dövlət başçısı Heydər Əliyevin balanslı və tarazlı xarici siyasət kursu nəticəsində, o cümlədən, Yeltsin hakimiyyətinin Putin iqtidarı ilə əvəzlənməsindən, eləcə də 2003-cü ilin payızında hakimiyyət estafetini ölkə Prezidenti İlham Əliyevin qəbul etməsindən sonra Azərbaycan-Rusiya, Rusiya-Azərbaycan münasibətləri xeyli  dərəcədə yüksəlmiş, ikitərəfli əlaqələr, qarşılıqlı əmkədaşlıq formatları güclənmişdir.

Ancaq bununla belə, 90-cı illərdə olduğu kimi, son illərdə, son dönəmlərdə də Rusiyanın Ermənistanı-münaqişə tərəflərindən birini silahlandırması Azərbaycan cəmiyyətində ciddi, haqlı narazılıqlar, narahatlıqlar yaratmışdır. Bu haqlı narazılıq və narahatlıq ən üst səviyyədə, iki dövlət liderinin telefon danışıqlarında qarşı tərəfin diqqətinə çatdırılmışdır. Eyni zamanda, dövlət başçısının son-3 yerli telekanala müsahibəsində bu məqama bir daha diqqət çəkilmiş, etiraz ifadə edilmişdir.

Odur ki, proseslərin bu məcrada inkişaf etdiyi bir dövrdə Milli Məclis sədrinin Rusiya səfər etməsi, önəmli simalarla-Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri, Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının spikeri, eləcə də Qarabağ danışıqlarında yaxından iştirak edən və daha məlumatlı olan Xarici işlər naziri Lavrovla bir araya gəlməsi, Qarabağ həqiqətlərinin, xüsusilə, iyul hadisələrindən bu yana baş verənlərin, Ermənistanın növbəti fitnəkarlıqlarının, anti-insani davranışlarının Rusiya kimi bir ölkədən səsləndirilməsi bütün hallarda milli maraqlarımıza cavab verən adımlar idi və addımlardır. Onu da qeyd edək ki, xanım Qafarovanın çıxışı xüsusi sərtliyi və kəskinliyi ilə seçilirdi, işğalçı dövlətə və onu himayə edənlərə açıq və ötülü mesajlarla dolu idi.

Görüşlərdən birində çıxışı zamanı sərt və arqumentli üslubu ilə seçilən xanım Qafarova “…Biz görürük ki, bir sıra dövlətlər, məsələn Ermənistan Respublikası Birləşmiş Millətlər Təşkilatının və digər nüfuzlu beynəlxalq qurumların qərarlarına əhəmiyyət vermir. Əks təqdirdə, Yerevanın mərkəzində Hitler tərəfdarı olan faşist əlaltısı Qaregin Njdeyə altı metr hündürlüyündə heykəlin qoyulmasını nə ilə izah etmək olar? Axı, “kim faşizm uğrunda ölürsə, o, Ermənistan uğrunda ölür” ifadəsi məhz ona məxsusdur. Düşünürük ki, Ermənistanın bu cür hərəkətləri diqqətdən kənarda qalmamalı və öz adekvat cavabını almalıdır”-deyərək, əslində bununla çox incə-diplomatik bir mesaj vermiş oldu-həm Ermənistana, həm də münaqişənin həllində vasitəçilik missiyasını üzərinə götürənlərə, həmsədrlərə.

Özü də həmsədrlərdən birinin paytaxtında, ali kürsüsündə. Spiker ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın beynəlxalq siyasətdə öz nüfuzundan istifadə edəcəyinə və uzun illər davam edən bu qarşıdurmaya son qoymaq üçün əlindən gələni əsirgəməyəcəyinə ümid etdiyini vurğulamaqla yanaşı, çox ustalıqla bir daha Rusiyanın həmsədr kimi öhdəliyini yada salmış, xatırlatmış oldu.

 Daha sonra heç bir ali, insani, bəşəri dəyər tanımayan Ermənistanın dünyada yaşanan istənilən-hər bir fəlakətdən, acıdan, insanlıq dramından, o cümlədən, Livanda baş vermiş faicədən öz məqsədləri naminə istifadə etməyə çalışmasına, bir daha bütün beynəlxalq hüquq normalarını göz görə-görə, ayaqlar altında tapdalamasına, beynəlxalq birliyin buna səssiz qalınmasına toxunaraq, “Ermənistan tərəfindən həyata keçirilən Suriya və Livan qaçqınlarının qanunsuz Dağlıq Qarabağ ərazisində məskunlaşdırılması xüsusi narahatlıq doğurur”-deyə, bildirdi və xatırlatdı ki, Ermənistanın son təxribatı artıq Qarabağda deyil, Azərbaycan-Ermənistan dövlət sərhədində baş verdi. Belə ki, cari il iyulun 12-də Tovuz rayonu istiqamətində yaşayış məntəqələri artilleriya atəşinə tutuldu. Nəticədə azərbaycanlı hərbçilər və mülki şəxslər həlak oldu və yaralandı. Bütün bunlar beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının və 1977-ci il iyunun 8-də qəbul edilmiş Əlavə Protokolunun ciddi şəkildə pozulması deməkdir və hərbi cinayət kimi qiymətləndirilir.

 “Ermənistan rəhbərliyi unutmamalıdır ki, müasir dünyada Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktını “Ermənistanın və “Artsax”ın ümumi təhlükəsizlik sistemi” kimi qələmə verərək gizlətmək alınmayacaq. Xüsusən də Ermənistanın özünün Azərbaycanın Tovuz bölgəsində döyüşlərin başlanmasına səbəb olmasından və Qarabağın hüdudlarından kənarda Ermənistanın məhz bölgə üçün bütövlükdə önəmli olan infrastruktur obyektlərini hədəf almasından sonra işğal faktını gizlədə bilməyəcək”– deyən Milli Məclisin sədri həm də çıxışında tarixi faktlara diqqət çəkdi.

O,  diqqətə çatdırdı ki, 1805-ci il mayın 14-də Azərbaycanda, Gəncə şəhərinin yaxınlığında yerləşən Kürəkçay qəsəbəsində Qarabağ xanlığının Rusiyanın hakimiyyəti altına keçməsi haqqında Kürəkçay müqaviləsi imzalanıb. Müqavilə Qarabağ xanı İbrahimxəlil xan və Rusiya imperiyasının generalı Pavel Sisianov tərəfindən  imzalanıb. Sonralar 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri əsasında Azərbaycanın digər əraziləri də Rusiya imperiyasının tərkibinə keçdi. Rusiya imperiyası süquta uğradıqdan sonra 1918-ci ildə Azərbaycanda Azərbaycan Demokratik Respublikası yaradıldı və 2 il mövcud oldu. 1920-ci ildə isə, məlum olduğu kimi, Azərbaycanda Sovet hakimiyyəti quruldu. Bir il sonra isə – 1921-ci ildə Bolşevik partiyasının Qafqaz bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması haqqında qərar qəbul edib. Bəzi saxtakar erməni mənbələrinin əsassız olaraq iddia etdiyi kimi “təhvil verilməsi” deyil, “saxlanılması” haqqında. 1923-cü ildə Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması barədə fərman qəbul edib. Burada həyat səviyyəsi ölkənin digər regionlarından daha yüksək idi. Burada heç vaxt heç kəs milli və dini  mənsubiyyətinə görə sıxışdırılmamışdı…

Bəli, bu faktların dilə gətirilməsi, daha yüksək və daha geniş auditoriyadan, kürsüdən səsləndirilməsi, bir daha əsl həqiqətlərin necə və nədən ibarət, kimin sülhdən yana, kimin işğalda yana olması baxımından Milli Məclisin sədrinin ikinci səfərinin məhz Rusiyaya, Moskvaya gerçəkləşdirilməsi yerində və zamanında olan addım idi.

Təbii ki, bir səfərlə, eləcə də bu səfərlə nəyinsə tamam dəyişəcəyinə inanmaq çox sadəlövhlük olardı. Amma həm spikerin səfəri, gətirdiyi təkzibedilməz və tutarlı faktlar, arqumentlər, verilən sərt və incə (diplomatik) mesajlar, həm də dövlət başçısının sərgilədiyi mövqe heç şübhəsiz ki, təsirsiz, izsiz qalmayacaq.

Əslində qonşuluq və bir çox hallarda tərəfdaşlıq münasibətləri də bunları tələb və diktə edir, şərtləndirir, bundan qazanan həm elə Rusiya, həm də Azərbaycan ola bilər.

Odur ki, Rusiya ənənəvi mövqeyini dəyişməsə də ( mövqeyini dəyişə biləcəyinə inanmaq çətin olsa da), Qarabağ məsələsində bir yaxın qonşu, ən əsası vasitəçi kimi, üzərinə düşən missiyanı məhz həmin missiyanın fəlsəfəsinə uyğun həyata keçirməlidir. Bu, onun vəzifəsi, borcudur, eləcə də digər həmsədrlərin, həmsədr dövlətlərin.

Azərbaycanın mövqeyi də, yanaşması da bəllidir və burada dəyişən heç nə yoxdur, heç nə də olmayacaq!

11:18, 24 sentyabr

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az saytının baş redaktoru, “525-ci qəzet”in parlament müxbiri

Read Previous

“Azərbaycan Avropadan prinsipiallıq gözləyir”-MİLLƏT VƏKİLİ

Read Next

Deputat şəhidin adını daşıyan uşaq bağçası-körpələr evindəki təmir-yenidənqurma işləri ilə -TANIŞ OLDU VƏ…-FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir