“Statistika Komitəsinin sədri bazara gedib, ya getməyib, bilmirəm, amma…” – DEPUTAT

Vahid Əhmədov: İslahatların buynuzu olur?

Dövlət başçısının apardığı siyasətə bəzi qüvvələr kölgə salmağa çalışır. Bəzi özlərini professor, doktor, ekspert hesab edənlər  həyata keçirilən islahatların effektsiz olduğunu və heç bir əhəmiyyətinin olmadığını bildirirlər. Mənim fikrimcə, son illərdə ölkədə dərin islahatlar həyata keçirilir. İslahatın məgər buynuzu olur?

Etikxeber.az xəbər verir ki, bunu deputat Vahid Əhmədov Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili  qeyd edib ki, dövlət başçısı tərəfindən 2016-2020-ci illər üçün Strateji Yol Xəritəsi qəbul edilib:

“Bu Yol Xəritəsinə əsasən islahatlar həyata keçirilir. İslahatlar daha əvvəldən başlayıb və gedir. Mənim təklifim odur ki, belə büdcə məsələlərinin müzakirəsi daha geniş spektrdə təşkil olunmalıdır. Müzakirəyə çıxarılan büdcənin icrası ilə bağlı müzakirələrə QHT-lər, siyasi partiya rəhbərləri, bizi tənqid edən ekspert və alimləri dəvət etmək lazımdır ki, qoy onlar öz fikirlərini bildirsinlər, biz də öz arqumentimizi ortaya qoyaq. Qoy onlar müzakirə zamanı görsünlər ki, hansı  işlər görülüb. Ona görə də hesab edirəm ki, parlament müzakirələrə açıq olmalıdır”.

vahid-1

Deputat qeyd edib ki, Maliyyə Nazirliyi il boyu bircə tədbir keçirib, vacib məsələləri müzakirə etmir: “Təklif edərdim  ki, Maliyyə Nazirliyi beynəlxalq təşkilatlarla birgə ildə bir dəfə, heç olmasa, investisiyalarla bağlı müzakirə aparsın. Bununla bağlı bizlərə ciddi iradlar var. Bu iradların aradan qaldırılması üçün ictimai müzakirələr keçirilməlidir”.

V.Əhmədov çıxışı zamanı həm də  Qubanın Qonaqkənd kəndində anadan olduğunu xatırladıb:

“Bu kəndə sovet dövründə 70 il ərzində yol çəkilməyib. Rayon mərkəzi ilə kənd arasında 5 çay olub və bu çaylar üzərində körpü olmayıb. Ancaq Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində  son iki ildə bu kəndə yol çəkilir, çaylar üzərində körpü salınır, asfalt yol çəkilir…

Eyni zamanda, büdcənin icrası ilə bağlı sənəddə göstərilir ki, Azərbaycanda istehlak bazarında qiymət azalıb. Azərbaycanda nəyin qiyməti azalıb?! Əksinə, qiymət artıb. Bilmirəm, Statistika Komitəsinin sədri bazara gedib ya getməyib, danışanda da elə danışmaq lazımdır ki, inandırıcı olsun…”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Əcnəbilərə müvəqqəti yaşamaq üçün icazə vərəqəsi 15 və 20 iş gün ərzində veriləcək

Read Next

Əcnəbilərə iş icazəsi verilməsi üçün yeni rüsumlar müəyyənləşir…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir