Stiv Çiobo: “İki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsinə Avstraliya Ticarət Komissiyası böyük töhfə verə bilər”

Milli Məclisin (MM)  nümayəndə heyətinin Avstraliyaya səfəri davam edir.

Etikxeber.az-ın məlumatına görə, oktyabrın 20-də Azərbaycan-Avstraliya parlamentlərarası dostluq qrupunun sədri Xanlar Fətiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Avstraliyanın hərbi memorialını ziyarət edərək önünə əklil qoyub.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə, Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidov, ölkəmizin fəxri konsulu Aydan Rzayeva iştirak ediblər.

Sonra nümayəndə heyəti Türkiyə Respublikasının qurucusu Atatürkün xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

Həmən gün nümayəndə heyətinin Avstraliyanın ticarət və investisiya naziri Stiv Çiobo ilə görüşü keçirilib. Görüşdə çıxış edən deputat Xanlar Fətiyev parlamentlərarası dostluq qrupu tərəfindən iki ölkə arasında biznesin inkişafı üçün bütün lazımi köməyin göstərilməsinə hazır olduqlarını bildirib. O, Avstraliya ilə Azərbaycan arasında ticarət əlaqələrinin inkişafının vacibliyini vurğulayıb. Qeyd edib ki, Avstraliya iş adamları ölkəmizdə onları maraqlandıran investisiya layihələri ilə tanış ola bilərlər. Avstraliya hökuməti öz növbəsində Azərbaycan iş adamları üçün ölkənin şimal hissəsində həyata keçirilən geniş investisiya layihələrinin təqdimatını təşkil edə bilər.

Nazir Stiv Çiobo bildirib ki, iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsinə Avstraliya Ticarət Komissiyası böyük töhfə verə bilər. Avstraliya ilə Azərbaycan arasında prioritet sahələr kimi kənd təsərrüfatı, ərzaq məhsullarının istehsalı, qarşılıqlı investisiyalar və nəqliyyat sahələri qeyd edilib.

Nümayəndə heyətinin Avstraliyanın immiqrasiya və sərhəd məsələləri nazirinin müavini Aleks Hovkla görüşündə viza rejimi, tələbələrin mübadiləsi, ikitərəfli əlaqələrin genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanın ADA Universiteti haqqında ətraflı məlumat verilib və bu təhsil müəssisəsi ilə əməkdaşlığa Avstraliya tərəfindən böyük maraq göstərilib.

Etikxeber.az

Read Previous

10 bankın qorunan əmanətçilərinə 498 milyon manatdan artıq kompensasiya ödənildi

Read Next

“Milli inkişaf yolunda ən mühüm problem Qarabağ münaqişəsidir” – HƏSƏNOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir