“Elə bil parlament hökumətə hesabat verir, hökumət Milli Məclisə yox…Bir gün çox azdır…”-SABİR RÜSTƏMXANLI – HÖKUMƏT NÖVBƏTİ DƏFƏ PARLAMENTARİLƏR QARŞISINDA – YENİLƏNİB – (6)

Milli Məclisdə (MM) Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim edilir.

Etikxeber.az xəbər verir ki, hesabatı Baş nazir Əli Əsədov təqdim edir.

Hesabata əsasən, Azərbaycan Respublikasının 2021-ci il icmal büdcəsinin gəlirləri 23 828,1 mln manat proqnoza qarşı 33 903,7 mln. manat, yaxud 10 075,6 mln. manat və ya 42,3 faiz icra olunub. Bu, 2020-ci illə müqayisədə 9238,5 mln manat və ya 38,6 faiz çoxdur.

İcmal büdcəsinin xərcləri isə 31163,4 mln manat proqnoza qarşı 29 990,5 mln manat və ya 96,2 faiz icra olunub. Bu da 2020-ci ilə nisbətən 830,4 mln manat və ya 2,8 faiz çoxdur. 2021-ci ilin icmal büdcəsi 7 335,3 mln manat kəsirlə proqnozlaşdırılsa da, faktiki olaraq 3 913,2 mln manat büdcə artığı (profisit) yaranıb.

2021-ci il üçün dövlət büdcəsinin gəlirləri 25 427 mln manat proqnoza qarşı 26 396,3 mln manat təşkil edib. Bu da 969,3 mln manat, yaxud 3,8 faiz, 2020-ci illə müqayisədə isə 1 714,6 mln manat və ya 6,9 faiz çoxdur.

2021-ci ili üçün dövlət büdcəsinin xərcləri 27 422,4 mln manat və ya 96,1 faiz səviyyəsində icra olunub. Bu da 2020-ci illə müqayisədə 1 006,1 mln manat və ya 3,8 faiz çoxdur.

***

“Hesabatla tanışlıq belə qənaətə gəlməyə əsas verir ki, Prezidentin müəyyən etdiyi inkişaf dinamikası ötən il iqtisadiyyatın bütün sahələrində təmin edilib”.

Bunu parlamentin sədri Sahibə Qafarova deyib.

S. Qafarova bildirib ki, sosial iqtisadi inkişafda ölkəmizin əldə etdiyi nailiyyətlər ölkəmizin beynəlxalq aləmdə nüfuz qazanması ilə nəticələnib:

“Bu uğurların arxasında hökumətin gərgin fəaliyyəti dayanır. Hazırda ölkəmizin 53 milyard dollar valyuta ehtiyatı var”.

O, diqqətə çatdırıb ki, bu ilin yanvarından ölkədə böyük həcmli sosial paketlərin icrasına başlanıb:

“Digər tərəfdən, azad olunmuş ərazilərdə böyük quruculuq işləri həyata keçirilir. Bütün bu işləri Azərbaycan kənardan yardım almadan özü həyata keçirir. Nazirlər Kabinetinin illik hesabatlarının Milli Məclisdə dinlənilməsi parlamentlə hökumət arasında təmasların artmasına səbəb olur”.

***

“2021-ci ildə də Prezidentin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişaf dinamikası davam edib”.

Bunu isə Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, inkişafdan hər bir vətəndaşın bəhrələnməsi, işğaldan azad olunmuş ərazilərə əhalinin qayıdışı məqsədilə Prezident “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” ilə bağlı sərəncam imzalayıb:

“Hökumət tərəfindən strategiya artıq təsdiq üçün təqdim olunub. Peyvəndləmə prosesinin artımı, sosial təcrid tədbirlərinin yumşaldılması nəticəsində ölkəmizdə iqtisadi fəallıq bərpa olunub”.

Sonra “Strateji valyuta ehtiyatlarımız xarici dövlət borcunu 7 dəfə üstələyir”-deyən Baş nazir bildirib ki, 2020-ci illə müqayisədə xarici dövlət borcu 8,7 % azalıb:

“2021-ci ildə dövlət borcunun idarə olunması, şəffaflı\ın artırılması, ictimaiyyətin büdcə prosesində iştirakının genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Büdcə qaydasının tətbiqi artıq bərpa olunub. Onu da qeyd edim ki, dünyanın əksər ölkələrində inflyasiya təzyiqləri yüksəlib. 2021-ci ildə əvvəlki illə müqayisədə enerji qiymətləri 77 % faiz artıb. FAO-ya görə ərzaq qiymətləri son on ildə ən yüksək səviyyəyə çatıb. 2021-ci ildə inflyasiyaya xarici amillərin təsiri çoxalıb. Ümumi inflyasiyanın 60 %-i ərzaq inflyasiyasının payına düşür. Məzənnə sabitliyi inflyasiya idxalına azaldıcı təsir göstərib. Antiinflyasiya siyasəti xüsusi aktualdır və hökumətin siyasətinin mühüm hissələrindən biridir. Ötən il ərzində kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq 455 milyon manat sərf edilib ki, ərzaq təhlükəsizliyi təmin edilsin”.

Baş nazir həmçinin qeyd edib ki, 44 günlük İkinci Vətən Müharibəsində şəhid olmuş şəxslərə, bu müharibədə xəsarət alanlara ümumilikdə 55 milyon manatdan çox sığorta ödənişləri edilib.

Baş nazir bildirib ki, 2021-ci ildə yeni silahlar alınıb və ordumuzun müdafiə qabiliyyəti yüksəldilib:

“Komando qruplarının yaradılması ordumuzun döyüş hazırlığının artırılmasından xəbər verir”.

11:32

***

Çıxışında “Respublikada iqtisadi rayonların sayı 14-ə çatdırılıb”-deyən Baş nazir bildirib ki, azad olunmuş ərazilərin bərpası və yenidən qurulması ilə bağlı ötən il büdcədən ayrılan 2,2 milyard manat vəsait, demək olar ki, tam icra olunub:

“Cari ilin dövlət büdcəsində də bu məqsədlər üçün eyni miqdarda vəsait nəzərdə tutulub. Azad olunmuş ərazilərdə sosial infrastruktur layihələri bölgənin inkişafına mühüm təkan verir. Zəngəzur dəhlizi Azərbaycanın həm tarixi nailiyyəti, həm də böyük siyasi qələbəsidir. Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli tədbirlər görülüb və davam etməkdədir”.

11:38

***

“Ukraynadakı vətəndaşlarımızın təxliyəsi məsələsi diqqətimizdədir”-deyən Baş nazir bildirib ki, qonşu, yaxın ölkələrdə baş verən hadisələr Azərbaycana da təsirsiz ötüşmür:

“Soydaşlarımızın Ukraynadan təxliyəsi, həmçinin, təhlükəsizliyinin təmin edilməsi baxımından bütün işlər görülür. İndiyədək Ukraynadan 9246 nəfər təxliyə olunub”.

11:48

***

Daha sonra “Ukraynadakı hadisələr səbəbindən bəzi narahatedici məqamlar var. Bunlar nəqliyyat-logistika, qiymət artımı, idxal olunan məhsullar və müxtəlif qadağalarla bağlı problemlərdir”-deyən Baş nazir bildirib ki, bununla belə, Prezident İlham Əliyevin tapşırığına əsasən, yaranan çağırışlara adekvat, operativ və çevik cavab verilməsi üçün bu istiqamətdə qabaqlayıcı və təxirəsalınmaz tədbirlər görülür:

“Bunun nəticəsi olaraq ölkəmizdə əsas (ərzaq) məhsullar üzrə lazımi həcmlərdə ehtiyatlar yaradılıb və əlavə təchizatla bağlı təxirəsalınmaz tədbirlər görülməkdədir”.

“2021-ci ilə Azərbaycan əsasən 3 istiqamətdə – işğaldan azad olunmuş ərazilərin bərpa edilməsi, pandemiyanın iqtisadiyyatda yaratdığı fəsadların aradan qaldırılması, qlobal ərzaq qıtlığı və bahalaşması ilə mübarizə aparıb və xeyli uğurlara nail olub”.

Bunu da çıxışında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

Komitə sədri deyib ki, hesabat ilində dünya bazarlarında enerji qiymətləri 77%, qeyri-enerji qiymətləri 20.2%, ərzaq qiymətləri isə 23.1% artıb.

“Hesabat ilində ölkəmizdə ÜDM-in 5.6%, qeyri-neft qaz sektorunun 7.2%, qeyri-neft sənayesinin 18.9%, kənd təsərrüfatı istehsalının 3.4%, qeyri-neft ixracımızın 38.4%, strateji valyuta ehtiyatlarımızın 2.4 mlrd dollar artması, müsbət ticarət saldosunun 12.1 mlrd dolları ötməsi, xarici birbaşa dövlət borcunun 8.7% azalması və ÜDM-in 13.5%-ni təşkil etməsi, maliyyə sabitliyinin və büdcə dayanıqlılığının qorunub saxlanılması, dövlət büdcəsi gəlirlərinin proqnozdan artıq yerinə yetirilməsi, xərclərinin isə 96%-dən artıq səviyyədə icra olunmasını yüksək qiymətləndiririk”-deyə, o, əlavə edib.

12:17

***

Çıxışı zamanı “Dövlət başçısı 6 yanvar 2021-ci ildə keçirilmiş “2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə” hökumət qarşısında 2021-ci il üçün əsas hədəfləri müəyyən etmişdi. Hökumətin 2021-ci ildə fəaliyyəti haqqında hesabatın qiymətləndirilməsi üçün bu hədəflərə nail olunma vəziyyəti mühüm rol oynayır”-deyən T. Mirkişili qeyd edib ki, dövlət başçısı tərəfindən müəyyən edilmiş hədəflər və onlara hökumət tərəfindən nail olunma vəziyyətinə baxsaq, hesabat ilində uzunluğu 101 km olan Əhmədbəyli-Füzuli-Şuşa Zəfər Yolu istismara verilib:

“Hesabat ilində “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Aeroportu isifadəyəə verilib. Zəngilan və Laçın hava limanlarının isə bünövrəsi qoyulüb. Hesabat ilində işğaldan azad edilmiş ərazilərdə SES-ları, rəqəmsal yarımstansiyalar inşa edilib, Şuşa şəhərini elektrik enerjisi ilə təmin etmək üçün bütün imkanlar yaradılıb. Horadiz-Ağbənd, Horadiz-Füzuli və ondan sonra Füzuli-Şuşa dəmir yolunun tikintisinə başlanılmasını da qeyd etmək istərdim.

Bu sırada beşinci hədəf azad edilmiş torpaqlarda kənd təsərrüfatı inkişaf etdirilməsi, altıncı hədəf sərhədlərin qurulması istiqamətində təxirəsalınmaz işlərin aparılması, yeddinci hədəf Qarabağ bölgəsinin çox zəngin turizm potensialının işə salınmasıdır. Qeyd etdiyim bu hədəflərə nail olunmaq barədə hesabatda geniş məlumatlar verilib. Qarşıya qoyulmuş bu hədəflərə hökumət tərəfindən nail olunma vəziyyətini yüksək qiymətləndiririk”.

12:43

***

“Hökumətin hesabatına Milli Məclisdə bir gün ayrılması düzgün deyil”.

Bunu öz növbəsində millət vəkili Sabir Rüstəmxanlı deyib.

O, bildirib ki, yazıla bilənlər danışır, yazıla bilməyənlər isə öz rayonundakı problemi qaldıra bilmir.

“Bizim üçün əlçatan tribuna buradır. Hökumət üzvlərinə çıxış imkanımız demək olar ki, yoxdur. Zəng edirik, problem deyirik, deyirlər geri dönəcəyik və s. Burda da elə bil parlament hökumətə hesabat verir, hökumət Milli Məclisə yox. Bir gün çox azdır”-deyən S. Rüstəmxanlı təklif edib ki, MM-də azlıqda olan partiya təmsilçilərinə də söz verilsin.

Spiker isə cavabında bildirib ki, S. Rüstəmxanlı çıxış etmək üçün yazılanlar sırasında 29-cudur, vaxt çatsa, ona da söz verəcək.

Etikxeber.az

Read Previous

Tahir Kərimli nazir və nazir müavinlərindən-ŞİKAYƏTLƏNDİ…

Read Next

Millət vəkilləri Novruz bayramı münasibətilə Prezident və birinci xanımı-TƏBRİK ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir