“Subyektiv mülahizələrə görə onlar kənara qoyuldu….” – RAFAEL HÜSEYNOV

Komitə sədri: İmtiyazlar olmasa, kinematoqrafiyanın inkişafında ciddi problemlər olacaq

Azərbaycanda muğam sənətinin qorunması və inkişaf etdirilməsi ilə bağlı qanun layihəsi hazırdır.

Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov  adıçəkilən komitənin yanvarın 17-də keçirilən iclasında deyib.

Onun sözlərinə görə, qanun layihəsi artıq bütün müzakirələrdən keçib:

raf-rafa

“Əslində bu sənəd son payız sessiyasında müzakirələrə çıxarılmalı idi, amma bəzi səbəblərdən yubandı. Odur ki, bu layihənin artıq  yaz sessiyasının  müzakirələrinə çıxarılmasının vaxtıdır. Bu baxımdan, hesab edirəm, nəhayət, bu sessiyada bu sənədin müzakirələri baş tuta bilər”.

R.Hüseynov həmçinin qeyd edib ki, aşıq sənəti ilə bağlı ayrıca qanun layihəsinin olmasına ehtiyac var.

O, “Aşıq sənətinin qorunması və inkişaf etdirilməsi” ilə bağlı qanun layihəsinin hazırlandığını da söyləyib.

Komitə sədri eyni zamanda deyib ki, gələcəkdə “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanunda teatrda, kinoda, efir məkanında bu məsələnin məhdudlaşdırılmasının hüdudları ilə bağlı dəqiq parametrlər müəyyənləşdirilə bilər.

R. Hüseynovun sözlərinə görə, çünki ötən payız sessiyasında “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanun layihəsi ilə bağlı müzakirələr keçirilib:

“Bununla bağlı bizim çox ciddi düzəlişlərimiz var. Bunlar ilkin mərhələdə müzakirə də edilərək onun qəbul edilməsi ilə bağlı qərar da qəbul edilmişdi. Sonra subyektiv mülahizələrə görə onlar kənara qoyuldu. Düşünürəm ki, o məsələlərə yenidən qayıdılacaq. Burada təklif edilən dəyişikliklər obyektiv səbəblərdən irəli gəlirdi, real vəziyyəti əks etdirirdi. Məsələlərə daha realist yanaşmaq lazımdır, sonradan ortaya çıxan məsələlər nəzərə alınmalıdır”.

R.Hüseynov bununla yanaşı qeyd edib ki, “Kinematoqrafiya haqqında” yeni qanuna ehtiyac var və bu qanunun gələcəkdə işlək olması üçün də orada müəyyən güzəştlər, imtiyazlar nəzərdə tutulmalıdır:

“O imtiyazlar olmasa, kinematoqrafiyanın inkişafında ciddi problemlər olacaq. Əgər biz Azərbaycan kinosunda sıçrayışın olmasını istəyiriksə, imtiyazların və güzəştlərin nəzərə alınması vacibdir. Bizim müraciətlər nəzərə alınarsa, bununla bağlı təklifləri plenar iclasa təqdim edəcəyik”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

İki qanun yenilənəcək və ya XANIM DEPUTAT NƏDƏN RİQQƏTƏ GƏLDİ? – YENİLƏNİB – (1)

Read Next

Amaşov parlamentdə ƏDV məsələsini qaldırdı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir