“Sülhlə də olmasa, Azərbaycan hərb yolu ilə öz torpaqlarını işğaldan azad edəcək…”-BİRİNCİ VİTSE-PREZİDENTİN KÖMƏKÇİSİ – YENİLƏNİB – (2)

Siz Gəncə şəhərinə səfər edəndə Ermənistanın təxribatının şahidi oldunuz.

Etikxeber.az-ın xəbərinə görə, bunu bu gün xarici ölkələrin səfirləri, Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O, bildirib ki, Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı raketlərdən, o cümlədən “Smerç” yaylım-reaktiv atəş sistemlərindən istifadə edir:

“Ermənistan hazırda atəşkəs rejimini kobud şəkildə pozaraq Ağdam, Tərtər, Goranboy və digər rayonları atəşə tutur, gərginliyi daha da artırır və münaqişə ərazisindən kənara çıxır. Ermənistan münaqişə zonasından uzaqda yerləşən Azərbaycanın şəhərlərini öz ərazisindən atəşə tutur. Bu gün Ermənistan Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərini vurmaq üçün raket komplekslərini hazır vəziyyətə gətirmişdi. Biz Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün həmin raket komplekslərinin neytrallaşdırılması istiqamətində tədbirlər gördük. Azərbaycanın bu addımı beynəlxalq qanunlara uyğundur. Çünki beynəlxalq hüquqa əsasən, təhlükəsizliyi təmin etmək üçün təhlükə yaradan hərbi hədəfləri vurmaq hüququ var. Biz bundan əvvəl gördük ki, Ermənistan mülki əhalini hədəf alır, xeyli sayda mülki əhali həlak olur. Bu hadisənin təkrarlanmaması üçün Azərbaycan təhlükə yaradan hərbi hədəfləri neytrallaşdırıb”.

***

“Ermənistan Moskva bəyanatından sonra yenə də Azərbaycanın yaşayış məntəqələrini, infrastruktur obyektlərini hədəf alır. Bu, qəbuledilməzdir”-deyən H. Hacıyev bildirib ki, Ermənistan yenidən qoşun toplayaraq Azərbaycana qarşı hücumlara keçir:

“Ermənistan münaqişəni getdikcə daha da gərginləşdirir. Artıq bu gün də Ermənistanın Azərbaycanın şəhərlərini atəşə tutması nəticəsində infrastruktura ciddi ziyan dəyib, həlak olan və yaralananlar var. Ermənistan Azərbaycanın mülki əhalisini qətlə yetirməkdə davam edir. Azərbaycan bütün bunların qarşısını almaq üçün tədbirlər görmək məcburiyyətində qalır”.

 Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə hazırdır:

“Ancaq görünən odur ki, Ermənistan Moskva danışıqlarını pozaraq münaqişəni gərginləşdirir. Moskva Bəyannaməsində qeyd olunub ki, münaqişə sülh yolu ilə baza prinsipləri əsasında həll edilməlidir. Ermənistan bu şərtlərin heç birinə əməl etmir, təxribatlarını davam etdirir”.

Sonra “Azərbaycan öz ərazilərini işğaldan azad edir”-deyən H. Hacıyev qeyd edib ki, münaqişənin həlli prinsipləri müəyyən edilib:

“Münaqişənin həlli prosesinə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməsi ilə başlana bilər. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilə bilər”.

***

“Oktyabrın 12-də Mingəçevir və Gəncə şəhərinə Ermənistan ərazisindən raket zərbəsi endirilib. Əgər dünən həmin raket kompleksləri məhv edilməsəydi, bu raketlər Bakıya da çata, hətta Dağlıq Qarabağa keçsə, məsafəsi Bakını da ötə bilərdi”.

Bunu da brifinqdə Hərbi Hava Qüvvələri komandanının müavini, HHQ-nin Qərargah rəisi, general-mayor İkram Əliyev bildirib.

 General-mayor İ. Əliyev deyib ki, ballistik raketlərə qarşı xüsusi əməliyyat nəticəsində oktyabrın 12-də Qubadlı rayonu ərazisində 1 ədəd “Toçka-U” raketi məhv edilib:

“Oktyabrın 14-də gecə saat 1.00 radələrində 2 ədəd, səhər 8.30 radələrində 1 ədəd olmaqla, “Elbrus” raket kompleksi Azərbaycan Ordusu tərəfindən aşkarlanaraq məhv edilib. 300 km atış məsafəsinə sahib “Elbrus” raketi Dağlıq Qarabağa gətirilərdisə, 300 km məsafəsi var və Bakıya da çatardı. Kəşfiyyatdan əldə etdiyimiz məlumatlara görə, Dağlıq Qarabağda yerləşən ümumqoşun hissələrində belə raket yoxdur. Bu, Ermənistanın 71-ci raket alayının tərkibindədir. Həmin alay Ermənistanın Stepanavan şəhərində dislokasiya olunub”.

 HHQ-nin Qərargah rəisi həmin raketlərin atışa hazırlandığı anın görüntülərini nümayiş etdirib. 

***

“Təəssüflər olsun ki, Ermənistanın törətdiyi müharibə cinayətlərinə qarşı beynəlxalq ictimaiyyətin kifayət qədər reaksiyası yoxdur. Siz Gəncədə Ermənistanın beynəlxalq müharibə cinayəti törətdiyinin şahidi oldunuz”.

Bunu isə brifinqdə Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov deyib.

O, qeyd edib ki, Azərbaycan öz əhalisinin təhlükəsizliyini təmin etmək üçün lazımi qabaqlayıcı addımlar atmağa hazırdır:

“Ermənistan atəşkəs rejiminə əməl etməli, işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmalıdır. Yalnız bu halda münaqişə sülh yolu ilə öz həllini tapacaq. Sülhlə də olmasa, Azərbaycan hərb yolu ilə öz torpaqlarını işğaldan azad edəcək”.

Etikxeber.az

Read Previous

“Biz sona qədər gedəcəyik… Hərbi, yaxud siyasi yolla…”-ŞAHİD SEYİDZADƏ SON GÜNLƏRİN BAŞ VERƏNLƏRİNDƏN YAZIR

Read Next

“Səhər saatlarından Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulur…Növbəti əməliyyat-taktiki ballistik raket kompleksi dəqiq zərbə ilə sıradan çıxarılıb…”-MÜDAFİƏ NAZİRLİYİ DÖYÜŞ TƏYYARƏMİZİN VURULMASINI TƏKZİB ETDİ, DÜŞMƏNİN DAHA BİR PUASI MƏHV EDİLDİ – FOTO -YENİLƏNİB – (5)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir