“Sürpriz oldu” – CAVAN ZEYNALLI ÖLKƏ PREZİDENTİNƏ MİNNƏTDARLIQ ETDİ

Xalq artisti adına layiq görülən Cavan Zeynallı: Daha da cavanlaşacağam

Ölkə prezidenti cənab İlham Əliyevə məni Xalq artisti fəxri adına layiq gördüyünə görə özüm, ailəm adımdan dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Çox-çox minnətdaram ki, məni də diqqətdən kənarda qoymadı və bu əziz, əlamətdar günlərdə-Respublika Günü və Ramazan bayramı ərəfəsində məni, ailəmi, sənətimi sevənləri ürəkdən sevindirdi. Çox sağ olsun, Allah dönə-dönə razı olsun!

SENET-ILHAM

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında tanınmış sənətkar, Xalq artisti Cavan (Cavanşir) Zeynallı bildirib.

“Düzünü desəm, bundan xəbərim olmamışdı, yəni, adımın Xalq artistliyinə təqdim olunmasından xəbərim yox idi. Hətta, bu gün zəng edib deyəndə, soruşanda da bundan xəbərim olmadığını bildirdim. Bu, mənim, ailəm üçün həm gözlənilməz, həm də sürpriz oldu,  mənim, ailəmin sevincini ikiqat artırdı. Ailəlikcə həyatımız necə deyərlər, bir daha gözəlləşdi bu xəbərlə”– deyən, Xalq artisti eyni zamanda, təbrik zənglərinin hələ də davam etdiyini sözlərini əlavə edib.

“Bayaqdan zəng dalınca zəng, təbrik dalınca təbrik alıram. Demək olar ki, günortadan bu yana telefonlarımız susmayıb. Hamı təbrik edir, sevinir, mənimlə, ailəmlə birgə sevincini bölüşür. Onlara da təşəkkürümü, minnətdarlığımı  bildirirəm.

Qeyri-təvazökarlıq kimi səslənməsin, artıq 50 ildən çoxdur ki, səhnədəyəm, sənətdəyəm. Hər zaman da sənətimlə, yaradıcılığımla xalqıma, dövlətimə, mədəniyyətimizin inkişafına xidmət etməyə, azacıq da olsa, töhfə verməyə çalışmışmışam.

cavan-1

Cavan_Zeynallı

Gecə-gündüz bilmədən öz işimlə, öz yaradıcılığımla məşğul olmuşam, bu gün də oluram. Hər zaman da belə bir dəyişməz şüarım, iş prinsipim olub: inkişaf, inkişaf, inkişaf. Yəni, daha yeni, daha gözəl əsərlər, yaradıcılıq nümunələri ortaya qoymaq lazımdır, durmaq, dayanmaq olmaz. Daim irəliyə baxmaq lazımdır.

Adım Cavandır, bundan sonra bir daha bu adı doğruldacam, daha çox cavan qalacam, daha da cavanlaşacağam, sənətə, dövlətimə, xalqıma dayanmadan xidmət edəcəm.

 Son olaraq, bir daha  fəxri ada layiq görülməyimlə bağlı dövlətimə, ölkə prezidenti cənab İlham Əliyevə minnətdarlığımı, təşəkkürlərimi ifadə edirəm. Ümumiyyətlə, bu məsələdə əməyi, rolu olan hər bir kəsə, o cümlədən, mədəniyyət nazirimiz Əbülfəs Qarayevə minnətdarlıq edirəm. Allah hər birindən razı olsun!”-deyə, Xalq artisti sonda bildirib.

Onu da qeyd edək ki, Cavan Zeynallı 29 sentyabr 1945-ci ildə Bakıda dünyaya gəlmişdir.

Anası Şəfiqə xanım Məcidova opera müğənnisi idi, dahi Üzeyir Hacıbəylinin kollektivində işləmişdi. Əvvəlcə 7 illik musiqi məktəbini, 1967-ci ildə A.Zeynallı adına musiqi texnikumu bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsinə qəbul olunmuşdur. 1972-ci ildə konservatoriyanı bitirdikdən sonra Azərbaycan Dövlət Mahnı Teatrında solist işləmişdir. 1976-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının solist-vokalçı kimi fəaliyyət göstərmişdir. 1979-2001-ci illərdə “Qaya” Dövlət ansamblının solisti olmuşdur.

“Qaya” ansamblı ilə birgə bir çox xarici ölkələrdə qastrolda olmuş, Azərbaycan estrada sənətinin nümunələrini ləyaqətlə təmsil etmişdir. Musiqiçi özünəməxsus səs tembri, ifa tərzi, aurası ilə böyük pərəstişkar kütləsi qazanmışdır,

Bakıda, Moskvada, Latviyada, Almaniyada, Polşada keçirilən Beynəlxalq caz festivallarının iştirakçısı olmuşdur. Bakı Caz Mərkəzində üç solo konserti ilə çıxış etmişdir.

TƏBRİK EDİRİK!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

 

 

Read Previous

Ramiz Rövşən, Musa Yaqub, Kamal Abdulla, Cavan Zeynallı… – SƏRƏNCAM

Read Next

Almaniya kubokunu “Bavariya” apardı… – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir