“Şuşa Azərbaycanın əzəli ərazisidir, Ermənistanın reallıqları qəbul etməsi faydalı olar”-XİN BƏYANAT VERDİ

Azərbaycan Respublikasının suveren ərazilərində hər hansı tədbiri təşkil etməsi və bu tədbirdə beynəlxalq nümayəndələrin iştirakı Ermənistanın kompetensiyasına aid bir məsələ deyil.

Etikxeber.az-ın xəbərinə görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bunu Azərbaycanın Şuşa şəhərində keçirilmiş konfransda BMT nümayəndəsinin iştirakı ilə bağlı Ermənistan XİN-in etiraz bildirməsinə dair KİV-in sualını cavablandırarkən bildirib.

Qeyd edək ki, Ermənistan XİN-in yaydığı məlumata əsasən, bu ilin 18 mart tarixində Şuşa şəhərində Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş konfransda BMT nümayəndəsinin iştirakı ilə bağlı BMT-nin Ermənistandakı nümayəndəsi XİN-ə çağırılıb və ona etiraz bildirilib.

L. Abdullayeva isə deyib ki, Ermənistanın digər dövlətin daxili işlərinə qarışması əsassız və yolverilməzdir:

“Ermənistanın hələ də Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi bu ölkənin 44 günlük müharibədən doğru nəticə çıxarmadığını nümayiş etdirir. Ermənistan XİN-in bu mövqeyi Azərbaycanın beynəlxalq ictimaiyyətin aparıcı üzvləri ilə birgə bölgədə sülh quruculuğu səylərinə maneə törətmək cəhdindən başqa bir şey deyildir. Ermənistan XİN-in diqqətinə çatdırırıq ki, Şuşa Azərbaycanın əzəli ərazisidir. Azərbaycanın mədəniyyət beşiyi olan bu şəhər, digər ərazilərimizlə yanaşı 2020-ci ildə azad edilib və ərazi bütövlüyümüz bərpa olunub.

BMT heç vaxt keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı neytral mövqe sərgiləməyib, əksinə, Baş Assambleya və Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Bu xüsusda, Ermənistan XİN-in hansı “neytral statusu” bərpa etməyə çağırması aydın deyil. Yekunda, bir daha təkrar etmək istərdik ki, Ermənistan bölgədəki post-münaqişə reallıqlarını nə qədər tez qəbul edərsə, bu ölkə üçün bir o qədər faydalı olar”.

Etikxeber.az

Read Previous

Qeyri-sabit hava şəraiti martın 26-dək-DAVAM EDƏCƏK

Read Next

Millət vəkili Novruz bayramında seçicilərini dinlədi-AZTƏMİNATLI AİLƏLƏRİ SEVİNDİRDİ… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir