“İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bir daha müdrikliklərini nümayiş etdirdilər, birlikdə növbəti Zəfər yazdılar”-ELDAR İBRAHİMOV YAZIR

Cəmi günlər öncə, 15 iyun tarixində, xalqımız üçün əziz və müqəddəs Milli Qurtuluş günündə növbəti Tarixi hadisə, növbəti Zəfər, növbəti Qurtuluş yaşandı.

Türk Dünyasının, bütövlükdə dünyanın nəhəng siyasətçilərindən və dövlət liderlərindən olan Azərbaycan Prezidenti, Qalib Ali Baş Komandan İlham Əliyevlə Türkiyə Cümruhiyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan növbəti dəfə Azərbaycanda, özü də işğaldan azad olunmuş ərazilərimizdə, Qarabağımızda, öncə Füzulidə, sonra isə Şuşada bir araya gələrək, “iki dövlət-bir millət” olan qardaş və dost Azərbaycanla Türkiyənin gələcək “Yol xəritəsi”ni cızdılar,  tarixi Şuşa bəyannaməsini-“Müttəfiqlik haqqında” bəyannaməni imzaladılar.

Bu tarixi görüşlə, bu tarixi imzalarla həm Azərbaycanın, həm də Türkiyənin növbəti tarixi Zəfərini möhürləşdirdilər.

Bəli, Şuşa bəyannamısi 30 illik müstəqilliyimiz dövründə imzalanmış bütün sənədlərin demək olar ki, fövqündə dayanan bir sənəddir.

Üstündən yüz illiklər, əsrlər, qərinələr keçəcək, amma Şuşa bəyannaməsi, 15 iyun 2021-ci il tarixdən, yaddaşlardan, hafizələrdən silinməyəcək, əksinə, daim minnətdarlıqla xatırlanacaq və qeyd ediləcək.

Müttəfiqlik bəyannaməsi ilə Azərbaycan və Türkiyə qardaşlığı, dostluğu, bərabərliyi, həmrəyliyi, müttəfiqliyi ən üst səviyyəyə, dünya üçün nümunə, örnək, model ola biləcək bir məqama qaldırıldı.

Bununla  bir daha Azərbaycan-Türkiyə, Türkiyə-Azərbaycan qardaşlıq və dostluğunun necə və nəyə qadir olduğu bütün dünyaya, bizi sevənlərə də, bizi sevməyənlərə, bizə həsəd, qısqanclıq, paxıllıq hissi ilə baxanlara da nümayiş etdirildi.

Hər kəsə, bütün dünyaya nümayiş etdirildi, göstərildi ki, bəli, əsl qardaşlıq, əsl dostluq, əsl birlik və bərabərlik bax bu cür olur.

Qardaşlığın, dostluğun, birlik və bərabərliyin, həmrəylik və müttəfiqliyin daimi, əbədi, dönməz və mübarək olsun-can Azərbaycan, can Türkiyə!

Bəli, tarixi Şuşa bəyannaməsində də deyildiyi kimi, Tərəflər öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirirlər. Tərəflər regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin və regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərirlər.

Eyni zamanda, bəyannamədə qeyd olunduğu kimi, Tərəflər aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər və Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər.

Həmçinin, Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər.

Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır.

Bununla yanaşı Bəyannamədə göstərilir ki, Tərəflərin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclasları keçiriləcəkdir və bu iclaslarda milli mənafe, Tərəflərin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi həyata keçiriləcəkdir.

Tərəflər iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam edəcək, minalanmış ərazilərin təmizlənməsi əsas götürülməklə Ermənistan işğalından azad edilmiş rayonlarda həyatın normallaşdırılması istiqamətində fəaliyyətləri dəstəkləyəcəklər və sair və ilaxır.

Bəli, nələr lazımdırsa, nələr vacib və zəruridirsə, hamısı bu sənəddə, tarixi Şuşa bəyannaməsində var və öz əksini tapıb.

Bəli, 20-ci əsrdə Atatürk və Heydər Əliyev, 21-ci əsrdə isə İlham Əliyev Rəcəb Tayyib Ərdoğan “iki dövlət-bir millət”in Xilaskarı, Qurtuluşçusu kimi tarixdə yerlərini əbədiyyət alıblar və alacaqlar. Şuşa bəyannaməsi də bunu, bu yeri bir daha möhkəmləndirmiş, gücləndirmiş, qüvvətləndirmiş oldu və olacaq.

Bəyannamənin imzalanmasından sonra mətbuat üçün birgə bəyanatların səsləndirilməsi zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyevin bəyan etdiyi kimi, imzalanmış bəyannamə tarixə əsaslanır. Belə ki,  Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb.

“XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”-deyən Azərbaycan Prezidentinin sözlərinə görə, birgə bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir.

“Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”-deyən Müzəffər Ali Baş Komandan bir daha qeyd etdi ki, bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır.

Yəni, beynəlxalq müstəvidə birgə əməkdaşlığımız, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Enerji təhlükəsizliyinin, Cənub Qaz Dəhlizinin önəmi Türkiyə, Azərbaycan və Avropa üçün göstərilir və hər bir məsələ çox böyük önəm daşıyır

Eyni zamanda, Türkiyə Prezidenti cənab Ərdoğanın qeyd etdiyi kimi, Qarabağ əvvəlki ehtişamına və öz kimliyinə qovuşacaq. Buna heç şübhə yoxdur. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa, Kəlbəcər, Ağdam, Xocavənd kimi Qarabağın qədim yaşayış məntəqələrinin yenidən inkişaf etdiyi günləri yaxın vaxtlarda hamımız birlikdə görəcəyik.

“Türkiyə olaraq, azadlıq mübarizəsində olduğu kimi, bərpa işlərində də qardaşlarımıza hər cür dəstəyi veririk, verməkdə də davam edəcəyik. Ən qısa müddətdə evlərinə qayıtmalarını gözlədiyimiz azərbaycanlı qardaşlarımız üçün də hər cür səy göstərəcəyik. Təbii ki, bu məsələdə hörmətli qardaşımın xüsusi fəaliyyəti var. Yetər ki, buranın əsl sahibləri evlərinə, məskənlərinə qayıtsın”-deyərək, cənab Ərdoğan həmçinin, qeyd etdi ki, onlara istər maliyyə köməyi, istərsə də iş imkanı ilə bağlı hər cür dəstəyi verməklə azərbaycanlı məcburi köçkünlərin öz evlərinə, öz məkanlarına geri qayıtmaları buraları ciddi mənada zənginləşdirəcək.

Bəli, həm Bəyannamədən, həm də verilən tarixi bəyanatlardan göründüyü kimi, bəyannamənin imzalandığı Şuşa şəhəri də daxil olmaqla, işğaldan azad olunmuş bütün ərazilərimiz, bütövlükdə Azərbaycanımız özünün növbəti Zəfərini yaşayır  və yaşayacaq.

Bundan sonra bütövlükdə hər iki qardaş və dost ölkə Qələbə və Zəfərlərə birlikdə yürüyəcək, birlikdə çatacaq, birlikdə qovuşacaqlar.

Bütün Qələbə və Zəfər bizlərlə, qardaş və dost Azərbaycan və Tükiyə ilə birlikdə olacaq.

Dünya bir daha Azərbaycanla Türkiyənin gücünü, qüdrətini, əzəmətini görəcək.

Eyni zamanda, bütün dünya, xüsusilə, “Dəmir Yumruq”la məğlubiyyətə uğradılmış, 10 noyabr bəyanatına imza atdırılmış Ermənistan və onun arxasında dayanan məkrli dairlər yaşananlardan, baş verənlərdən, Şuşa bəyannaməsindən nəticə çıxaracaq, Dərs alacaqlar.

Nəticə çıxarmalı və Dərs də almalıdırlar, başqa yolları yoxdur.

Növbəti Qələbələrimiz, Zəfərlərimiz mübarək olsun!

09:58

Eldar İBRAHİMOV,

Milli Məclisin  (MM) İntizam komissiyasının sədri, professor

Etikxeber.az

Read Previous

“Rzayeva Gülünün yaşayış yerinin yataqxana olduğu nəzərə alınaraq onun mənzillə təmin olunmasına köməklik edilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şəhər İcra Hakimiyyəti tərəfindən məktub ünvanlanıb”-SEYMUR HİDAYƏTOV

Read Next

Evin tək oğlu…3 bacının tək qardaşı…Ailə qursa da, övlad üzünə, “ata” sözünə həsrət qalan-ŞUŞA – VƏTƏN SEVDALISI ƏZƏMİ HÜSEYNOVUN ANASI VƏ HƏYAT YOLDAŞININ CANI KİRAYƏDƏN QURTARACAQMI? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir