“Şuşa ermənilər üçün yad idi…”-İLHAM ƏLİYEV – YENİLƏNİB – (3)

Şuşa ermənilər üçün yad şəhər idi. Əgər bu, erməni şəhəri idisə, nə üçün belə bərbad vəziyyətdədir? Nə üçün bu şəhərə baxmamısınız? Nə üçün bütün bulaqları qurutmusunuz?

Etikxeber.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev fevralın 2-də Gənclər Forumunda gənclərin suallarını cavablandırarkən bildirib.

“Biz Şuşanı azad edəndə orada cəmi 1500 adam məskunlaşmışdı. Düzdür, biz artıq Şuşaya yaxınlaşanda onlar oradan çıxdılar. Amma orada yaşayanların da 90 faizi hərbçilər və onların ailə üzvləri idi. Yaxşı, bu, erməni şəhəridirsə, niyə burada yaşamırsan? Niyə belə bərbad vəziyyətdədir? Niyə şəhəri məhv edirdiniz bu illər boyu?”, – deyə dövlətimizin başçısı bildirib.

***

“Şəhid ailələri, müharibə əlilləri üçün də genişmiqyaslı proqram icra edilir. Mən Azərbaycanı heç bir ölkə ilə müqayisə etmək istəmirəm, amma o da həqiqətdir ki, şəxsən mən bilmirəm hansı ölkələrdə buna oxşar proqram icra edilir”-deyən Prezidentin sözlərinə görə, bu günə qədər 10 mindən çox şəhid ailəsi və müharibə əlili evlərlə, mənzillərlə təmin edilib.

Dövlət başçısı bildirib ki, mənzil proqramına Vətən müharibəsi qəhrəmanları da daxil edilib.

Prezident deyib ki, təkcə müharibə əlilləri yox, bütövlükdə əlilliyi olan şəxslər dövlət tərəfindən daha böyük qayğı ilə əhatə olunmalıdır.

***

“Təəssüf hissi keçirdim ki, bizim böyüklərimiz bu günü görməyiblər”.

Bu fikirlər də ölkə Prezidentinə məxsusdur.

Prezident İlham Əliyev bildirib ki, bizim üçün isə Şuşa bir müqəddəs rəmz idi. Bizim bir çox şəhərlərimiz, demək olar ki, ölkəmizin hər yeri xüsusi tarixi əhəmiyyətə malikdir:

“Amma Şuşanın Azərbaycan xalqı üçün əhəmiyyəti təkcə bu coğrafi mənzərə ilə məhdudlaşmırdı. Şuşanın çox böyük rəmzi mənası var idi”.

Şuşanın azad olunması xəbərindən qürur hissi keçirdiyini söyləyən Prezident deyib:

“Qürur hissi keçirdim ki, biz tarix qarşısında öz vəzifə borcumuzu yerinə yetirdik. Təəssüf hissi keçirdim ki, bizim böyüklərimiz bu günü görməyiblər. Çünki on minlərlə, bəlkə də yüz minlərlə azərbaycanlı həyatdan narahat gedib – Şuşanı görmədən, azadlığı görmədən”.

18:21

***

Sonra “Bu il isə həm ənənəvi işlər, yəni, infrastruktur işləri, eyni zamanda, məcburi köçkünlər üçün nəzərdə tutulmuş yaşayış binalarının inşası da artıq başlanacaq”-deyən dövlət başçısı bildirib ki, azad edilmiş torpaqlarda bu il 5 su elektrik stansiyası inşa ediləcək. Nəzərdə tutulan layihələr arasında Ağalı kəndinin inşasının artıq tamamlanmasını qeyd edən Prezident deyib ki, bunun böyük rəmzi mənası var: “Çünki artıq bu il ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar və Ağalı kəndi elə bil bizim istədiyimizin təcəssümüdür”.

Prezident İlham Əliyev cari ildə Zəngilan Hava Limanının açılacağını, 2023-cü ildə dəmir yolunun Ermənistan sərhədinə gətiriləcəyini, avtomobil yolunun tikintisinin isə davam etdiyini diqqətə çatdırıb. Bütün bu işlərdə gənclərin fəal iştirak etdiklərini söyləyən dövlətimizin başçısı deyib:

“İndi azad edilmiş ərazilərdə müxtəlif kənd təsərrüfatı layihələri icra edilir. Deyə bilərəm ki, bu il 40-50 min hektarda əkin işləri nəzərdə tutulur. Bu, bizim ərzaq təhlükəsizliyimizi təmin edəcək. Orada da işləyənlərin əksəriyyəti gənclərdir. Ona görə gənclər, əlbəttə ki, bu işlərdə qabaqcıl rol oynayacaq, onlar öz təşəbbüslərini də gərək ortaya qoysunlar”.

18:43

***

“Dördüncü Sənaye İnqilabı artıq reallıqdır və biz geridə qalmamaq üçün bu istiqamətdə öz addımlarımızı atırıq. Biz milli dəyərlər üzərində qurulmuş güclü dövlət, eyni zamanda, dünyaya açıq, özünə qapanmayan və ən mütərəqqi texnologiyaları və innovasiyaları gətirən və burada tətbiq edən ölkəyik”, – deyən Prezident İlham Əliyev qeyd edib ki, Dördüncü Sənaye İnqilabı artıq reallıqdır və biz geridə qalmamaq üçün bu istiqamətdə öz addımlarımızı atırıq.

Dövlətimizin başçısı bildirib ki, Dördüncü Sənaye İnqilabının mərkəzinin Azərbaycanda yaradılması bizə, eyni zamanda, geniş bir informasiya məkanına çıxış əldə etmək üçün köməklik göstərəcək.

Prezident İlham Əliyev deyib:

“Prinsip etibarilə biz özümüzü texnologiyaları tətbiq edən ölkə kimi görürük və bir addım arxada olmalıyıq, texnologiyaları icad edənlərdən bir addım geridə. Ən müasir texnologiyalar buraya gəlməlidir, biz gətirməliyik – həm dövlət, həm özəl sektor və beləliklə, inkişafı təmin etməliyik. Artıq yeni yaradıla biləcək peşələr yaranmaqdadır. Burada mərkəzin olması bizə, yenə də deyirəm, imkan verəcək ki, biz öz iqtisadi siyasətimizi planlaşdıraq, dövlət tərəfindən yeni işlərin yaradılmasına stimul verək, təkan verək, insanların peşə profilini dəyişdirək”.

Etikxeber.az

Read Previous

“İldə 400-ə qədər gənc dünyanın aparıcı ali məktəblərinə göndəriləcək”-PREZİDENT GƏNCLƏRLƏ GÖRÜŞÜNDƏ BELƏ DEDİ

Read Next

“Bizim dilimiz o qədər zəngindir ki, kənar sözlərə ehtiyac yoxdur…”-PREZİDENT – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir