Şuşa həbsxanası ərazisində kütləvi məzarlıq aşkarlandı-OMBUDSMAN DÜNYA İCTİMAİYYƏTİNƏ ÇAĞIRIŞ ETDİ – YENİLƏNİB – (1)

Azərbaycanın işğaldan azad edilən Şuşa şəhərində kütləvi məzarlıq aşkar edilib.

Etikxeber.az xəbər verir ki, kütləvi məzarlıq Şuşa həbsxanasının ərazisində tapılıb.

Bu, bir daha onu göstərir ki, Şuşa həbsxanasında azərbaycanlılar qanunsuz saxlanılıb və onlara ağır işgəncələr verilib, orada amansız zorakılıqlar törədilib.

Aşkarlanan bu məzarlıq da həmin hadisələrin bariz nümunəsidir.

***

Torpaqlarımız işğaldan azad olunandan sonra Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərin meyit qalıqlarının axtarışı prosesinə başlanılıb. Şuşa türməsinin ərazisində aşkarlanan meyit qalıqlarının Birinci Qarabağ müharibəsi dövründə burada saxlanılan azərbaycanlılara aid olduğu ehtimal olunur.

Bunu jurnalistlərə açıqlama verən Hərbi Prokurorluğun Xüsusi İstintaq şöbəsinin rəisi Emil Tağıyev dilə gətirib.

Onun sözlərinə görə, ötən dövr ərzində Şuşa rayonun Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində, Xocalı rayonunun Fərrux kəndində, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində kütləvi məzarlıqlardan ümumilikdə 400-dən çox insan meyit qalıqları aşkarlanıb.

Həmin insan qalıqlarının Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərlə eynişləşdirmə aparılması məqsədilə məhkəmə tibbi kriminalistik ekspertizası ilə yanaşı, 200-dən artıq məhkəmə monekulyar genetik ekpertizası təyin edilib.

“Şuşa həbsxanasının ərazisində ən azı 4 şəxsə məxsus meyit qalıqları aşkarlanıb. Onların Birinci Qarabağ müharibəsi dövründə burada saxlanılan azərbaycanlılara aid olduğu ehtimal edilir”, – deyə Emil Tağıyev vurğulayıb.

***

Azərbaycan Respublikasının insan hüquqlari üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Şuşa həbsxanası ərazisində kütləvi məzarlığın aşkarlanmasına münasibət bildirib.

Bu barədə Ombudsman Aparatından bildirilib.

Qeyd olunub ki, Azərbaycanın azad edilmiş ərazilərində Ermənistan işğalı dövründə insanların qətlə yetirilməsi və kütləvi şəkildə dəfn edilməsini sübut edən daha bir kütləvi məzarlıq bu gün Şuşa şəhərində aşkarlanıb. İlkin məlumatlara əsasən, həmin məzarlıqda ən azı dörd nəfərin qalıqları tapılıb:

“Xüsusi diqqətçəkən məqamlardan biri budur ki, kütləvi məzarlıq Şuşa həbsxanası ərazisində aşkarlanıb. Bu fakt qanunsuz olaraq Şuşa həbsxanasında saxlanılmış azərbaycanlıların həmin həbsxanada dəhşətli işgəncələrə, qeyri-insani rəftara məruz qalması ilə bağlı səsləndirilmiş iddiaları və şahid ifadələrini bir daha təsdiq etdi”.

Təəssüflə bildirilib ki, Ermənistanın beynəlxalq humanitar hüququn tələblərini pozmaqla törətdiyi cinayətlərə dair faktların sayı bununla məhdurlaşmır. Belə ki, işğaldan azad edilmiş ərazilərimizdə daha öncə aşkarlanmış kütləvi dəfn yerləri ilə bağlı da Ombudsman tərəfindən dünya ictimaiyyətinə müraciətlər ünvanlanıb, Xocavənd rayonunun Edilli kəndində tapılmış məzarlıqlarda aparılmış yerində araşdırmaların nəticələrinə dair ayrıca hesabat hazırlanıb.

Vurğulanıb ki, azad olunmuş ərazilərimizdə davamlı olaraq kütləvi məzarlıqların aşkar edilməsi Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı və etnik təmizləmə siyasətini bir daha sübut edir. Eyni zamanda, vurğulamaq istərdik ki, Ermənistanın Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş dörd minə yaxın azərbaycanlının taleyi barədə hər hansı məlumat verməməsi uzun illərdir həmin şəxslərin ailə üzvlərinin dərin iztirab çəkməsinə səbəb olmaqdadır. Ermənistan tərəfi bu məsələdə də öz məsuliyyətindən boyun qaçıraraq kütləvi dəfn yerləri barədə məlumatların təqdim edilməsindən yayınıb.

“Azərbaycan ombudsmanı olaraq, bir daha dünya ictimaiyyətini beynəlxalq hüquq normalarının, insan hüquq və azadlıqlarının kobudcasına pozulmasını sübut edən bu kimi hallarla bağlı Ermənistana qarşı zəruri tədbirlər görməyə və itkin düşmüş soydaşlarımızın taleyi barədə məlumatların əldə edilməsi ilə əlaqədar dəstək verməyə çağırıram”, – deyə S.Əliyeva qeyd edib.

Etikxeber.az

Read Previous

“Artıq Ermənistanda da başa düşürlər ki…”-MİLLƏT VƏKİLİ

Read Next

“Ermənistan terror siyasətini davam etdirməklə bölgədə yeni faciələrə yol açmaqda davam edə bilər”-BƏHRUZ MƏHƏRRƏMOV YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir