Şuşada 110/35/10 kilovoltluq yarımstansiya istifadəyə-VERİLDİ, RƏSM QALEREYASINA BAŞ ÇƏKİLDİ, MƏKTƏB BİNASININ TƏMƏLİ ATILDI… – FOTOLAR – YENİLƏNİB – (4)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mayın 12-də Şuşada səfərdədirlər.

Etikxeber.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Arzu Əliyeva əvvəlcə 110/35/10 kilovoltluq “Şuşa” yarımstansiyasının açılışında iştirak ediblər.

Şuşa şəhərinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, şəhərin etibarlı, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə ötən ilin dekabrında “Şuşa” yarımstansiyasının və Füzuli rayonunun “Şükürbəyli” yarımstansiyasından başlayaraq 75 kilometr məsafədə 110 kilovoltluq “Şükürbəyli-Şuşa” hava elektrik verilişi xəttinin tikintisinə başlanılıb. Yarımstansiya məsafədən idarə olunan SCADA Dispetçer İdarəetmə sisteminə qoşulmaqla tam rəqəmsallaşıb. Burada perspektiv inkişaf da nəzərə alınıb. Yarımstansiya və elektrik verilişi xəttinin tikintisinin çətin coğrafi şəraitdə aparılmasına baxmayaraq, ən qısa zaman ərzində yekunlaşıb. Füzulidəki “Şükürbəyli” yarımstansiyasından Şuşaya 110 kilovoltluq ikidövrəli elektrik verilişi xətti çəkilişi fasiləsiz, növbəlilik prinsipi ilə 73 günə icra olunub ki, bu da nəinki Azərbaycan energetikası, regionun energetika tarixində rekorddur.

Ümumilikdə işğaldan azad olunmuş ərazilərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində işlər uğurla davam edir. Hazırda Kəlbəcər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdamda ümumilikdə, 9 yarımstansiya və onları əlaqələndirən 110 kilovoltluq ötürmə xətlərinin tikintisi gedir.

Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərin “Yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı qarşıya qoyduğu tələblərə uyğun olaraq, Suqovuşandakı 2 kiçik su elektrik stansiyasında yenidənqurma, təmir və bərpa işləri yekunlaşıb. Yaxın vaxtlarda isə Kəlbəcərdə 2 kiçik su elektrik stansiyasının tikinti və bərpasına başlanılacaq.

20:08

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mayın 12-də Şuşa Rəsm Qalereyasında görülən işlərlə tanış olublar.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya qalereyada aparılan işlər barədə məlumat verildi.

Bildirildi ki, burada qaytarılmış Qarabağ xalçalarının sərgisi, “Qarabağ işğaldan əvvəl və sonra”, “Azərbaycan rəssamlarının motivlərində Qarabağ” adlı sərgilərin keçirilməsi nəzərdə tutulur.

20:48

***

Mayın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada Xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binada oldular.

Dövlətimizin başçısına və birinci xanıma görülən bərpa işləri ilə bağlı məlumat verildi.

Qeyd olundu ki, burada səmərəli fəaliyyət üçün hərtərəfli şərait yaradılacaq və inzibati bina ən müasir səviyyədə yenidən qurulacaq.

Dövlətimizin başçısı görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini verdi.

***

Mayın 12-də Şuşada 1 saylı ümumtəhsil məktəbinin təməli qoyulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər.

Dövlətimizin başçısı məktəbin təməlini qoydu.

Prezident İlham Əliyevə məlumat verildi ki, 1830-cu ildə Azərbaycanda və Cənubi Qafqazda ilk dünyəvi məktəbin bünövrəsi məhz burada qoyulub. 1980-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bu məktəbin 150 illik yubileyi qeyd olunub. İşğala qədər 1 saylı məktəb kimi fəaliyyət göstərən bu təhsil ocağını da erməni vandalları tamamilə dağıdıblar.

Yeni 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrılıb.

21:41

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mayın 12-də Şuşa Yaradıcılıq Mərkəzinin yerləşəcəyi bina ilə tanış olublar.

Dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya mərkəzdə görüləcək işlər barədə məlumat verildi.

Bildirildi ki, bu binada Ağa Qəhrəman Mirsiyab oğlunun Karvansarası yerləşib.

Ölkə əhəmiyyətli memarlıq abidəsi XVIII əsrə aiddir.

Dövlətimizin başçısı görüləcək işlərlə bağlı tapşırıqlarını verdi.

21:46

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla və Arzu Əliyevalar mayın 12-də Şuşada xan qızı Natəvanın sarayına baxış keçiriblər.

Şuşa şəhərində Xan qızı Natəvanın evi də işğal dövründə dağıdılıb. Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi olan Şuşa Musiqi Məktəbi Xan qızı Natəvanın evində fəaliyyətə başlamışdı. XVIII əsrə aid tarix-memarlıq abidəsi erməni vəhşiliyinin, vandalizminin qurbanı olub.

Dövlətimizin başçısına məlumat verildi ki, işğal zamanı binaya dəyən ziyanın qiymətləndirilməsinə artıq başlanılıb.

Bu prosesdən sonra burada bərpa işlərinə start veriləcək.

Etikxeber.az

Read Previous

“Missiya davam edir: Bu gün Şuşa, sabah Zəngəzur…”-ZAHİD ORUC

Read Next

“Şuşada, Cıdır düzündə “Xarıbülbül” festivalı keçirilməsi Şuşaya Azərbaycan insanının ruhunu qaytardı…”-BƏHRUZ MƏHƏRRƏMOV YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir