“Şuşada, Cıdır düzündə “Xarıbülbül” festivalı keçirilməsi Şuşaya Azərbaycan insanının ruhunu qaytardı…”-BƏHRUZ MƏHƏRRƏMOV YAZIR

8 noyabr 2020-ci ildə, Şuşa azad edildikdən sonra müzəffər Ali Baş Komandan İlham Əliyev öz tarixi nitqində qeyd etmişdi ki, “Əziz Şuşa biz səni dirçəldəcəyik!”

İşğalına son qoyulduğu 6 ay ərzində Şuşanın dirçəldilməsi istiqamətində həqiqətən də xeyli işlər görülməkdədir, şəhər daxili infrastruktur demək olar ki, tam bərpa olunub, Şuşaya aparan Zəfər yolunun tikintisi hazırda sürətlə davam edir, Mehriban xanım Əliyevanın rəhbərliyi altında tarixi abidələr bərpa olunmaqdadır, dövlət başçısının da qeyd etdiyi kimi, artıq Yuxarı Gövhərağa məscidi təmiri başa çatıb, hətta yeni bir məscidin də təməli qoyuldu.

Həmçinin, bir neçə gün öncə cənab İlham Əliyevin Sərəncamı ilə mühim tarixi və strateji əhəmiyyətə malik addım atılaraq Şuşa Azərbaycanın Mədəniyyət paytaxtı elan edildi.

Bütün bunlar yalnız bir reallıqdan xəbər verir, o gerçəkliyi də Müzəffər Ali Baş komandan rəsmən elan etdi – “bundan sonra biz Şuşada əbədi yaşayacağıq”.

Bildiyimiz kimi, Şuşaya öncə cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında əskərimiz daxil olaraq düşməni məhv edib, işğalçının murdar izini bu müqəddəs şəhərdən sildi, Pənahəli xanın yurdu fiziki olaraq öz elinə qovuşdu.

Uzun fasilədən sonra Şuşada, Cıdır düzündə “Xarıbülbül” festivalı keçirilməsi isə Şuşaya Azərbaycan insanının ruhunu qaytardı. Xarıbülbül 30 ildir hərbi şəhərciyə, terror yuvasına çevrilmiş Şuşanın həqiqi simasını bərpa edib, bu şəhəri sözün əsl mənasında mədəniyyətin, incəsənətin, musiqinin paytaxtına, sülh, sabitlik, tərəqqi məkanına çevirdi.  

Bəllidir ki, biz Şuşanı dronlarla, raketlərlə, artileriya ilə yox yüzlərlə igidimizin canı bahasına əlbəyaxa döyüşlə işğaldan azad etmişik. Silahımızmı yox idi, ya Şuşanın üzərində dron uçurmaqmı mümkün deyildimi? Əlbəttə, VI nəsil müharibə aparan hərbi güc kimi bizim üçün səbəb bu ola bilməzdi.

Sualın bir cavabı var, Şuşaya  dağıdıcı “İskəndər” atan ermənilərdən fərqli olaraq biz Şuşamızın bir daşının da zərər görməsini istəmədik, çünki, bu şəhərin hər daşı hər kərpicində tariximizin şanlı bir səhifəsi yatır. 

Ermənilər isə, 28 illik işğal dönəmində tək şuşalılara yox Şuşanın özünə düşmənçilik etdilər, dediyimiz kimi, şəhərə iki ədəd istifadəsi qadağan edilmiş dağıdıcı “İskəndər-M” atıldı, bu şəhərin siması olan 17 məscid dağıdıldı, yandırıldı, bulaqlar quruduldu, ağaclar kəsildi, qala divarlarına ciddi zərər vuruldu, digər bir sıra maddi mədəni nümunələrə, memarlıq abidələrinə qarşı vandallıq edildi, tarixi evlər yerlə yeksan olundu.

Əslində, ermənilər bu vandalizmlə iki həqiqəti gün üzünə çıxardılar, bir, millət olaraq öz mənfur və dağıdıcı xislətlətə, terrorçu mahiyyətə malik olmaqlarını, iki, bu şəhərdə heç bir şeyin onlara aid olmadığını. İndi böyük zəfərimizdən sonra hələ də bəzən Ermənistan tərəfdən Şuşaya dair sayıqlamalar eşidirik, hərbi potensialının 80 faizi məhv edilmiş bir dövlətin idarəçiliyində təmsil olunan kəslər normalda rüsvayçılıqdan susmalı olduğu halda sayıqlayanaların dövlət və hökumət rəhbərləri, təcrübəli diplomatlar olması təəccüb, təəssüf və gülüş doğrur.

Üstəlik, regiondan çox uzaq, proseslərin gedişindən bixəbər dövlətlərin bu sayıqlamalara dəstək verməsi isə ikrah yaradır. Hərb meydanında məsələni köklü həll etmiş Prezident İlham Əliyevin belə bir siyasi şəraitdə “Xarıbülbül” festivalını birlik, qayıdış və ləyaqət bayramı elan edərək  keçirməsi Azərbaycanın Ermənistan və onun havadarlarının bütün nadanlıqlarından çox-çox ucada dayanan, bölgənin taleyini müəyyən edən güc olduğunu ortaya qoydu.

Artıq Ramazan bayramıdır. Cənab Prezident özü də bildirdi ki, “Xarıbülbül” festivalının məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsi təsadüfi deyil.

“Biz öz dini, milli, mənəvi köklərimizə bağlı olan xalqıq. Əks təqdirdə, biz heç vaxt işğala son qoya bilməzdik”.

Cənab İlham Əliyev bizə bax bu amalla yaşayıb – torpaqlarımızı azad edib, ədaləti bərpa etməyə öndərlik etdi və son nəticədə biz Şuşaya qayıtdıq, bayram namazımızı müzəffər ölkənin qalib vətəndaşı kimi işğaldan azad olunmuş mədəniyyət paytaxtımızın yenicə təmirdən çıxmış Yuxarı Gövhərağa məscidində qılırıq.

Cıdır düzündən Qarabağ şikəstəsi havalanır, qurudulmuş Xan qızı bulağından artıq su gur su gəlir.

Bir sözlə, Şuşaya həyat qayıdır.

Bəhruz MƏHƏRRƏMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

Şuşada 110/35/10 kilovoltluq yarımstansiya istifadəyə-VERİLDİ, RƏSM QALEREYASINA BAŞ ÇƏKİLDİ, MƏKTƏB BİNASININ TƏMƏLİ ATILDI… – FOTOLAR – YENİLƏNİB – (4)

Read Next

Şuşada-ATƏŞFƏŞANLIQ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir