Şuşanın işğaldan azad olunduğu gün Ağbənddə Şəhid olan-BİR ORDEN VƏ İKİ MEDALLI BAŞ LEYTENANT CEYHUN NƏHMƏTOVUN ANIM GÜNÜDÜR…-FOTOLAR – YENİLƏNİB – (1)

Bu gü İkinci Vətən Müharibəsi Şəhidi, peşəkar hərbçi, Baş leytenant, bir orden və iki medallı Ceyhun Ehtiqad oğlu Nəhmətovun Anım Günüdür.

Evin-ailənin iki oğul övladından biri olan Ceyhun Nəhmətovun bu gün torpağa tapşırılmasından, Əbədiyyətə uğurlanmasından bir il keçir.

Etikxeber.az xəbər verir ki, Ceyhun Ehtiqad oğlu sentyabr 1994-cü ildə Bakı şəhərinin Xəzər rayonunun Mərdəkan qəsəbəsində, sadə bir ailədə anadan olub.

Ailədə iki uşaq, iki qardaş olublar.

Ceyhun evin böyük övladı-oğlu olub.

O, 2001- 2012 ci illərdə Mərdəkan qəsəbəsində yerləşən 123 saylı orta məktəbdə təhsil alıb.

Orta məktəbi bitirdikdən sonra, 2012-ci ildə Dövlət Sərhəd Xidməti Akademiyasına qəbul olunub və 2016-cı ildə Akademiyanı Leytenant rütbəsi ilə bitirib.

Elə həmin ildə də Sərhəd Qoşunlarının Yevlax Çevik hərbi hissəsində fəaliyyətə başlayıb.

2018-ci ildə Qazax Sərhəd dəstəsinə yollanaraq, orada Zastava rəisi vəzifəsində işini davam etdirib.

2019-cu ildə isə Zaqatala Sərhəd Dəstəsinə göndərilərək, orada xidmətini davam etdirib.

2020-ci ilin sentyabr ayının 27-sindən, İkinci Vətən Müharibəsi başlanan gündən isə Xüsusi Təyinatlı (XTQ) olaraq döyüşlərə atılıb.

Kəlbəcər, Füzuli, Cəbrayıl, Laçın dəhlizi, Qubadlı, Zəngilan uğrunda gedən döyüşlərin hər birində fəal iştirak edib, qəhrəmanlıqlar göstərib.

Cəbrayıl döyüşlərində ayağından qəlpə yarası almasına baxmayaraq, döyüşə davam edib.

8 noyabr 2020-ci ildə, İkinci Vətən Müharibəsinin başa çatmasına cəmi iki gün qalmış, 26 yaşının tamanından düz iki ay sonra Zəngilanın Ağbənd qəsəbəsi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olaraq, Şəhidlik zirvəsinə ucalıb.

Və nəşi Bakı şəhərində, 2-ci Fəxri Xiyabanda dəfn edilib.

Ölümündən sonra İgidliyinə, Qəhrəmanlığına görə, Azərbaycan Respublikasının Prezidentinin sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”  “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Onu da qeyd edək ki, Şəhidimiz nişanlı olub.

Həmçinin, 1 yanvar 2016-cı il tarixində Şəhidimizin anası vaxtsız şəkildə dünyasını dəyişib.

Bu ilin 8 sentyabr tarixində Cənnətdəki ilk doğum günü, mövludu ilə bağlı Mərdəkan qəsəbəsində Şəhidin adını daşıyan ehsan-“Şəhid bulağı”nın açılışı olub.

***

Anım Günü ilə bağlı bu gün öncə-səhər saatlarında Şəhidin 2-ci Fəxri Xiyabandakı məzarı ziyarət olunub.

Ziyarətdən sonra Ceyhun Nəhmətovun ailəsinin yaşadığı evdə Anım mərasimi başlayıb.

Anım mərasimində Şəhidin adına ehsan süfrəsi açılıb.

Mərasimdə Şəhidin atası və tək qardaşı, yaxınları, qohumları, Bakıdan və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri və digər şəxslər iştirak edirlər.

Mərasimdə Şəhidlərin xatirəsinə anılıb, ruhlarına dualar edilib.

11:30

***

Mərasimdə eyni zamanda, millət vəkili Rauf Əliyev, Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov və digər rəsmi şəxslər iştirak ediblər.

Onlara bir daha Şəhidin atasına başsağlığı verib,ona Allahdan səbr diləyiblər.

Anım mərasimi 5 saatdan çox davam edib.

Məkanı cənnətlik, ruhu şad olsun!

Allah atası və qardaşına, əzizlərinə səbr versin!

16:30

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Zəfər Günü bizim bayramımızdır. Bu, Zəfər bayramıdır, bu, rəşadət bayramıdır, bu, ədalət bayramıdır, bu, milli qürur, milli ləyaqət bayramıdır. Biz öz ləyaqətimizi bərpa etdik. Bundan sonra müzəffər ölkə və qalib xalq kimi əbədi yaşayacağıq…”-İLHAM ƏLİYEV – FOTOLAR

Read Next

“Azərbaycanın Zəfər Bayramını, Qarabağ torpaqlarının azadlığa qovuşmasını müjdələyən bu şanlı günü ürəkdən təbrik edirəm”-ƏRDOĞAN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir