“Təhlillər aparılacaq, Fonda müraciətlər araşdırılacaq və lazımi addımlar atılacaq…”-ZİYAD SƏMƏDZADƏ – YENİLƏNİB – (1)

Ziyad SƏMƏDZADƏ: “Bu gün biznesmen üçün elə şərait yaradılıb ki, vəsaiti sandıqda gizlətməyə, xaricə çıxarmağa ehtiyac yoxdur”

Yaqut QARAYEVA: “Əgər situasiya pisləşməyə doğru getsə, regional və ya daha geniş miqyasda karantin rejimi sərtləşdirilə bilər

Bu gün Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının ilk iclası keçirilib.

 Etikxeber.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın Koronavirusla Mübarizəyə Dəstək Fonduna həsr edilmiş mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

 İ. Məmmədov deyib ki, bu günə qədər Fonda 113 milyon manatdan artıq vəsait toplanıb:

“Baş Nazirin sərəncamı ilə Fondun vəsaitlərinin xərclənməsində şəffaflığı təmin etmək üçün İctimai Nəzarət Şurası yaradılıb. İclasda Prezident Administrasiyası, icra orqanları, ictimaiyyət və qanunverici orqanın nümayəndələri iştirak edib. İclasda Fonda toplanan vəsaitlərin xərclənməsi istiqaməti barədə müzakirə aparılıb”. 

Sonra “Ən böyük ianəni 20 milyon manat olmaqla, Prezident İlham Əliyev edib”-deyən İ. Məmmədov bildirib ki, Fondun saytında digər ianə ödənişləri barədə də məlumat yerləşdirilib.

“Koronavirusla Mübarizəyə Dəstək  Fondunun əsas işi təbliğat olacaq”.

 Bunu isə Fondun İctimai Nəzarət Şurasının üzvü, Xalq artisti Fərhad Bədəlbəliyi bildirib.

F. Bədəlbəyli deyib ki, insanların koronavirusun böyük təhlükə olduğunu başa düşməsi üçün hər şey ediləcək:

“Müxtəlif sosial roliklər, sənədli filmlər də çəkilə bilər. Biz Fondun vəsaitlərinin şəffaf xərclənməsinə nəzarət edəcəyik və mən buna söz verirəm”.

F. Bədəlbəyli həmçinin deyib ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitlərinin xərclənməsi üçün 8 istiqamət müəyyənləşib. F. Bədəlbəyli bildirib ki, Fond daha çox sosial yardımla məşğul olmalıdır:

“Mən iclasda əsgərlərin ailə üzvlərinə sosial yardım edilməsini də təklif etdim. Həkimlərlə bərabər, əsgərlər də ön cəbhədədir”.

***
 
Şura üzvü, millət vəkili, akademik Ziyad Səmədzadə qeyd edib ki, İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə müzakirə aparılıb:

“Səhiyyənin az inkişaf etmiş sahələri, sosial yardıma ehtiyacla bağlı məsələlər var. Təhlillər aparılacaq, Fonda müraciətlər araşdırılacaq və lazımi addımlar atılacaq. Müraciətlər qiymətləndiriləndən sonra vəsaitlərin hansı istiqamətlərə xərclənəcəyi barədə qərar veriləcək”.

“Son vaxtlar pozitiv dinamikanı itirməyə başlamışıq, yeni yoluxmaların sayı artır”.

Bunu mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, bu, gözlənilən idi:

“Biz bilirdik ki, karantin rejimindən çıxmağa başlayanda yoluxmaların sayı artacaq. Bunun səbəbini bilmək üçün küçəyə çıxmaq kifayətdir. Koronavirusdan qorunmağın əsas yolu karantin qaydalarına ciddi əməl etməkdir”.

***

“Vaxtilə müxtəlif yollarla qazanılmış əmlaka amnistiya verilməsi iqtisadiyyat naziri Mikayıl Cabbarovun Prezident İlham Əliyevlə görüşündə müzakirə olundu”.

Bunu da Z. Səmədzadə bildirib.

Millət vəkili deyib ki, hazırlanacaq qanun layihəsi iqtisadiyyatın daxili investisiyalar hesabına genişlənməsi üçün imkanlar yaradacaq:

“Bu yolla ölkə iqtisadiyyatına daxili investisiyaları artırmaq olar. Bu gün biznesmen üçün elə şərait yaradılıb ki, vəsaiti sandıqda gizlətməyə, xaricə çıxarmağa ehtiyac yoxdur”.

“Əgər situasiya pisləşməyə doğru getsə, regional və ya daha geniş miqyasda karantin rejimi sərtləşdirilə bilər”.

Bunu Y. Qarayeva deyib.

“Normal həyata qayıtmaq istəyirik, amma unutmaq olmaz ki, əsas insanların sağlamlığıdır. Qaydalara əməl edərək karantin rejimindən çıxmaq lazımdır. Ancaq bu gün heç kim buna əməl etmək istəmir. Rəqəmlər də göstərir ki, vəziyyət pisləşməyə doğru gedir” – deyə, Y. Qarayeva vurğulayıb.

Etikxeber.az

Read Previous

76 yeni yoluxma faktı qeydə alındı-OPERATİV QƏRARGAH

Read Next

“İnsanlar arxayınlaşmamalı, bir-birilərinin qəsdinə durmamalıdır”-İLHAM MƏMMƏDOV YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir