“Təhsil xərci təhsil hüququnun qarşısında maneə olmamalıdır…”-BƏHRUZ MƏHƏRRƏMOV “TƏHSİL KREDİTLƏRİ HAQQINDA” QANUNUN QƏBULUNU, TƏHSİL KREDİTLƏŞMƏSİNİ VACİB SAYIR

Qanunvericiliklə təhsil sahəsində dövlət siyasətinin əsasında 10 prinsip dayanır, bunlardan da bərbərlik və fasiləsizlik, yəni, bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin olunması, habelə mövcud təhsil standartları, tədris proqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsi imkanı xüsusi çəkiyə malikdir.

Habelə “Təhsil haqqında” mövcud qanuna əsasən, təhsilin əsas məqsədləri müəyyən olunub – azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq. Gördüyünüz kimi, məqsədlər sırasında biznes amili yoxdur, təhsil büdcə məqsədli sfera deyil. Hətta “Təhsil haqqında” qanunda birbaşa nəzərdə tutulub ki, dövlət ali və orta ixtisas təhsili müəssisələrinin əldə etdiyi mənfəət yalnız təhsilin inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilə bilər. Bu gün müasir çağırışlar, xüsusən pandemiya və post-pandemiya tələbləri ali təhsilə yeni baxış tələb edir. Mövcud yanaşma iləsə artıq təhsilin prinsiplərinə sadiq qalmaq, məqsədlərə nail olmaq mümkün deyil.

Bunu Etikxeber.az-a özəl açıqlamasında ixtisasca hüquqşünas olan millət vəkili Bəhruz Məhərrəmov ödənişli təhsil, təhsil kreditləri məsələsi ətrafında illərdir davam edən müzakirələrə, cəmiyyətin gözləntilərinə münasibətini bildirərkən deyib.

Happy group of students with thumbs up

Qeyd edib ki, bu gün istər təhsil xərclərinin müəyyənləşmə meyarları, habelə təhsilin keyfiyyəti və xərcləri mütənasib deyil.

“Əlbəttə, bu məsələlərə baxarkan unutmamalıyıq ki, təhsil müəssisələrinin muxtariyyətinin artırılması qanunla müəyyən olunmuş prinsipdir, yəni, xərclər müzakirə ediləndə bu prizmanı unutmamalıyıq. Qəbul edək ki, muxtariyyətə can atan ali təhsil ocağı ziyanla işləyib, dövlətə möhtac qalmamalıdır. Lakin onu da nəzərə almaq lazımdır ki, təhsil xərci təhsil hüququnun qarşısında maneə olmamalıdır. Unutmayaq ki, Konstitusiyamıza əsasən, maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir.

Bütün bunların fonunda yeganə çıxış yolu təhsil kreditləşməsidir. Tələbə univerisiteti bitirib işə düzələnə qədər möhlət vermək yaxud digər ciddi güzəşt şərti ilə tələbəyə təhsil krediti almaq imkanı tanınmalıdır. Təhsilin ali məqsədlərini nəzərə alaraq, dövlət hətta bu kreditlərin faiz hissəsini subidiyalaşdıra bilər. Habelə ölkədə iri sahibkarlıq subyektləri, dövlət şirkətlərini limit müəyyən edilməklə, özlərinin gələcək kadr potensialı naminə təhsil xərclərinin qarşılanmasında iştiraka cəlb etmək, onların özlərinə təhsili kreditləşməsini həyata keçirmək imkanı verilməli, tələbəyə, yəni, öz gələcək əməkdaşına investisiya qoymaq mexanizmi qurulmalıdır”-deyə, B. Məhərrəmov sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Daha 135 yeni yoluxma-DAHA 2 ÖLÜM…

Read Next

Hikmət Hacıyev və Kərim Vəliyev ön xətdə yerləşən bir sıra hərbi hissələrdə-OLUBLAR – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir