Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Xaçmaz rayonunun Maqsudkənd kəndindən olan və hazırda Bakı şəhərində-yataqxanada yaşayan Şəhid anası Samirə Əhmədxanova ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, o cümlədən Birinci vitse-prezident, Birinci xanım Mehriban Əliyevaya, Prezidentin köməkçisi, general-polkovnik Məhərrəm Əliyevə, Prezidentin köməkçisi Hikmət Hacıyevə, Prezidentin köməkçisi Anar Ələkbərova, Müdafiə naziri, general-polkovnik Zakir Həsənova, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevə və parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruca müraciət ünvanlayıb.
Etikxeber.az xəbər verir ki, müraciətdə deyilir:
Cənab Prezident!
Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Samirə Əhmədxanova Xaçmaz rayonunun Maqsudkənd kəndindənəm, bu kəndin yeganə İkinci Vətən Müharibəsi Şəhidi Səbuhi Hüseynlinin Dərdli, Yaralı, həm də Qəhrəman anasıyam. Övladım, Azərbaycan Ordusunun hərbçisi-MAXE Səbuhi Hüseynli İkinci Vətən Müharibəsi, Qələbə və Zəfər Şəhidlərimizdəndir.
Səbuhi mənim iki övladımdan biri, tək oğlum, arxam-dayağım idi. Səbuhi və tək qızımı minbir əzab-əziyyətlərlə, çətinliklərlə, təkbaşına, eyni zamanda, qardaşlarımın ailələri birlikdə, bir yerdə ata ocağında-şəraiti yaxşı olmayan bir evdə böyütmüşəm. Həyatda çox zülmlər çəkmişəm. Tək oğlum, Səbuhim həm də ailəli, bir övlad atası idi. Amma nə özü balasından doydu, nə də tək balası atasından. Özüm də balamdan doymadım, arzularım gözümdə qaldı. Mən yaşadım, kimsə yaşamasın, kimsə bala dərdi görməsin!
Qeyd edim ki, Səbuhi uzun və şərəfli döyüş yolu keçərək, oktyabrın 27-də Xocavənd istiqamətində qanlı döyüşlərdən birində ağır yaralandı və 6 ay komada qaldı. Bütün səylərimizə, cəhdlərimizə baxmayaraq, Onun-balamın həyatını xilas etmək mümkün olmadı, Şəhidlik məqamına ucaldı. Nəşi doğulub boya-başa çatdığı Maqsudkənd kəndinin qəbiristanlığında dəfn edildi. Şəhidliyindən sonra isə Müzəffər Ali Baş Komandan kimi Sizin müvafiq sərəncamlarınızla 4 medalla təltif olundu. Bunlara görə bir daha Sizə minnətdarlığımı bildirirəm.
Tək oğul, övlad itkisi, acısı nə qədər ağır və dözülməz olsa da, Səbuhimin xatirəsi naminə yaşamağa, ayaqlarım üstə dayanmağa çalışıram. Səbuhimlə, İgidimlə, Qəhrəmanımla Fəxr edirəm. Fəxr edirəm ki, Səbuhi kimi bir Oğulun, İgidin, Qəhrəmanın anasıyam!
Qeyd etdiyim kimi, həyatda çox zülmlər görmüşəm, iki balamı necə deyərlər, qoltuqlarda böyütmüşəm. Evimiz-eşiyimiz olmayıb. Hazırda da Bakı şəhərində işləyir və yataqxanlardan birində, özü də kirayədə, təkbaşına yaşayıram. Bu yerdə onu da qeyd edim ki, övladım ailəli olarkən evimiz-eşiyimiz olmadığı üçün kirayədə yaşamışdı və hazırda ailəsi (gəlinim və nəvəm) Xudatda, gəlinimin valideynlərinin yanında yaşayır. Oğlumun Şəhidliyindən iki il keçməsinə, eləcə də ötən dövr ərzində müraciətlərimə baxmayaraq, Xaçmazda işlə və evlə-mənzillə təmin olunmadım. Hər dəfə söz verildi, bir bəhanə gətirildi.
Ona görə məcbur qalıb Bakı şəhərinə üz tutdum, çox çətinliklərlə də olsa, bir iş tapdım və hazırda da Bakıda, şəraiti olmayan yataqxanalardan birində kirayədə qalıram. Övladım ağır yaralandıqdan və Şəhidlik məqamına ucaldıqdan sonra yaxşı olmayan səhhətim tam pozulub, dərmanlarla güclə ayaq üstə dayanıram. Bakı şəhərinə gəldikdən sonra da müraciətlərimə baxmayaraq, evlə-mənzillə təmin olunmamışam. Balamdan sonra dünya malında belə gözüm yoxdur. Təki balam yanımda, sağ olaydı, mənə heç nə lazım olmazdı.
Bununla belə, balamın xatirəsi üçün yaşamalıyam və yaşamağa çalışıram. Amma bu günə qədər bir Şəhid anası, bir Dərdli, bir Yaralı ana kimi Haqq etmədiyim münasibətlə qarşılaşıram. Şəhid anasına, zülmlərlə böyütdüyü tək oğlunu Şəhid vermiş anaya belə ögey, laqeyd münasibət olmaz, düzgün deyil. Vallah, çox bezmişəm, çox yorulmuşam…Sözlə ifadəsi belə mümkün deyil…
Eyni zamanda, övladım hələ də Haqq etdiyi, yəni, ölkəmizin ali ordenlərindən biri ilə təltif edilməyib. Bu barədə də müraciətlərimə doğru-düzgün cavab ala bilməmişəm. Bunlar da məni çox üzür, çox incidir, çox kədərləndirir.
Müraciətdə sonra qeyd olunur:
“Çox dəyərli və çox hörmətli Müzəffər Ali Baş Komandan!
Sizə müraciət etməkdə məqsədim odur ki, yuxarıda qeyd etdiyim məqamlarla bağlı mənə köməkliyiniz və dəstəyinizi əsirgəməyəsiniz. Xahiş və rica edirəm ki, öncə övladımı Haqqı olan ali ordenlərimizdən biri ilə təltif edəsəniz. Əgər belə olarsa, bununla həm Şəhidimin ruhu sevindirilmiş, həm də tək oğlunu Şəhid vermiş bir ana kimi mənə mənəvi təskinlik-təsılli verilmiş olar, balam məzarında huzur tapar.
Eyni zamanda, işlədiyim üçün Bakı şəhərində Şəhid ailələri və Qazilər üçün tikilən binlardan birində mənzillə təmin olunmağıma, çox şəraitsiz və kirayə qaldığım yataqxana həyatından qurtulmağıma köməkliyini əsirgəməyəsiniz. Bununla bağlı müvafiq qurumlara, xüsusilə, Əmək və Əhalinin Sosia Müdafiəsi Nazirliyinə, Sosial Xidmətlər Agentliyinə, onun rəhbər şəxslərinə göstəriş və tapşırıqlarınızı verəsiniz. Heç olmasa, əzablı ömrümün son illərini Şəhidimin adına olan evdə, mənzildə, ocaqda yaşayım, keçirim.
Həmçinin, övladımın adının, xatirəsinin əbədiləşdirilməsi üçün Nazirlər Kabinetinə və Xaçmaz rayon İcra Hakimiyyətinə müvafiq göstəriş və tapşırıqlarınızı verəsiniz. İnanıram və əminəm ki, belə də olacaq, müraciətim və xahişlərim nəzərə alınacaq, öz müsbət həllini tapacaq.
Öncədə də Sizə öz dərin minnətdarlıq və təşəkkürlərimi ifadə edirəm. Allah Sizi, gözəl ailənizi, Qalib Azərbaycanımızı, Rəşadətli Ordumuzu qorusun!”
Etikxeber.az




