Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
2016-cı ilin dördgünlük Arpel döyüşlərində Qəhrəmanlıq Dastanı yazan, Şəhidlik məqamına ucalan Oğullardan, Vətən fədailərindən biri də əslən Zəngilan-Qubadlılı, özü isə Sumqayıtlı olan Rəşid Əliağa oğlu Baxşəliyevdir.
O Rəşid Baxşəliyev ki, ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub.
O Rəşid Baxşəliyev ki, 2016-cı ildə həqiqi hərbi xidmətini, Vətənə borcunu yerinə yetirdikdən sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb, Azərbaycan Silahlı Qüvvələrində MAXE kimi fəaliyyət göstərməyə başlayıb.
O Rəşid Baxşəliyev ki, 2016-cı ilin Aprel döyüşlərində ilk saniyələrdən öndə gedənlərdən olub və aprelin 2-də Ağdam istiqamətində qəhrəmancasına Şəhid olub.
O Rəşid Baxşəliyev ki, nəşi 9 gündən sonra ailəsinə təhvil verilib və aprelin 12-də, cəmi 20 yaşında Sumqayıt Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
O Rəşid Baxşəliyev ki, 10 ildir ailəsini, valideynlərini gözləri yaşlı, arxa-dayaqsız qoyub gedib və oğul itkisindən, oğul dərdindən ürəyi dözməyən atası ötən ilin avqustunda, cəmi 52 yaşında dünyasını dəyişib, Haqqın Dərgahına və balasına qovuşub.
Qeyd edim ki, bu gün-2 aprel 2026-cı il tarixində, Aprel döyüşlərinin 10-cu ilində Şəhidimizin anası Çimnaz xanımla Sumqayıt Şəhidlər Xiyabanıda, balasının məzarı başında tanış oldum.
Çimnaz xanımla söhbətləşdim, dərdləşdim, ona Allahdan səbr və dözüm arzuladım.
“Şəhidimizin, balanızın ruhu şad olsun! Ruhu qarşısında baş əyirəm!”-dedim.
“Rəşid mənim iki övladımdan biri, tək oğlum idi. Əsgərlikdən döndükdən sonra yenidən Orduya qayıtdı. 2016-cı ilin Aprel döyüşlərində də Şəhid oldu. Tək oğlum Vətən yolunda özünü fəda etdi, Şəhadətə qovuşdu. Həyat yoldaşım da oğlumuzun yoxluğuna dözə bilmədi. Ötən ilin avqustunda balamızın məzarını ziyarət etdikdən sonra qəfildən dünyasını dəyişdi. Həm oğlumu, həm də həyat yoldaşı itirdim. Çox ağırdır, çox çətindir…”-deyə, Çimnaz xanım bildirdi.
Onu da bildirdi ki, tək qızı Yardımlı rayonundan olan Aprel döyüşlərinin Şəhidi Nurəddinin qardaşı ilə ailə həyat qurub.
İki Şəhid ailəsi quda olub.
Eyni zamanda qeyd edim ki, Rəşid 1996-cı ilin 23 oktyabr tarixində dünyaya gəlib.
2014-2016-cı illərdə həqiqi hərbi xidmətdə olub, Vətənin keşiyində dayanıb.
20 yaşında Şəhidlik məqamına ucalan Rəşid həm də subay olub.
Şəhidliyindən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.
Məqamı Ali və Uca olsun!
Nur içində uyusun!
***





Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





