Tək oğlunu Vətən yolunda Şəhid verən, hələ də kirayə pulu ödəyən…-ŞƏHİD ANASI ÇOXMU GÖZLƏYƏCƏK, ÇOXMU GÖZLƏMƏLİDİR?

Fəxri Qəribzadə…

Azərbaycanımızın, Bərdəmizin İkinci Vətən Müharibəsi Qəhrəmanlarından, İgidlərindən, Şəhidlərindən biri…

Haqqında da dəfələrlə yazdığım və hələ çox yazacağım, hələ çox yazılacaq Vətən sevdalısı…

Hazırda Bərdədə, Güloğlular kəndində, Fəxrinin tək-yeganə bacısı Türkanə xanımgildəyəm…

Çünki Fəxrinin 9 aydır övlad həstəri, oğul acısı ilə qovrulub, alışıb-yanan anası Mehparə xanım məcburən qızıgildə qalmaqda, yaşamaqdadır…

Mehparə xanım, Mehparə ana Fəxri Şəhid olan gündən özləri bir çətən külfət olan qızılgildədir…

Çünki yaşamağa, ömrünün qalan hissəsini sürdürməyə, başını daldalamağa evi-eşiyi yoxdur Şəhid anasının…

Övladlarını təkbaşına, minbir zülm-zillətlə böyütməyə məhkum olan, məhkum edilən Mehparə xanım 20 ilə yaxındır Bakıda ev adına utanc olan bir daxmada, kirayədə yaşayıb, bu gün də həmin evin pulunu ödəməkdə, ara-sıra həmin “ev”ə baş çəkməkdə, orada qalmaqdadır…

Övladlarını da məhz həmin daxmada böyüdüb, boya-başa çatdrıb, Fəxrisini də oradan Əsgərliyə, Orduya, Müharibəyə yola salıb…

Yemək yeməyə, nahar etməyə stolları, yatmağa çarpayıları belə olmayıb…

Bir divanda nahar etməyə, yatmağa məhkum və məcbur qalıblar…

…Vətən yolunda canını fəda edən hərbçi-MAXE, 3 medallı İgidinin də Şəhidliyindən sonra dəyişən heç nə yoxdur…

Yaralı, dərdli Şəhid anasının dərd-sərləri sanki kimsənin, heç bir dövlət qurumunun, aidiyyatı İcra Hakimiyyətlərinin umrunda, vecinə deyil…

Ötən 9 ay ərzində daşı daş üstünə qoyan, Şəhid anasının dərdini xəfiflətməyə, könlünü oxşamağa, ovutmağa çalışan olmayıb…

Sadəcə, quru vədlər, “ötür-ötür”, başqa heç nə…

Heç bir dünya malında gözü olmayan Şəhid anası isə yenə səbrlə, dözümlə, ümidlə nə vaxtsa başını daldalamağa bir evlə, mənzillə təmin olunacağı anı, həm də məhkəmənin nəhayət, onunla bağlı ədalətli qərar verəcəyi günü gözləyir…

Çoxmu gözləməlidir, çəkdikləri bəs etmirmi, yetmirmi???

Bunu anlamaq çoxlarına, bəzi səlahiyyətlilərə çoxmu çətindir???!!!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

Bakı-Bərdə-Güloğlular, 15 iyul 2021

Etikxeber.az

Read Previous

“Neftçi” Çempionlar Liqasında-MƏRHƏLƏ ADLADI

Read Next

4 medallı, evin tək oğlu-CƏMİL MƏMMƏDLİNİN ŞƏHİDLİYİNDƏN 9 AY ÖTÜR… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir