Tək oğul və subay idi, Aprel döyüşlərində iştirak etmişdi, İkinci Vətən Müharibəsinin ilk günündə Şəhadətə qovuşdu…Ailənin dörd övladından, üç qardaşdan biriydi, qardaşı Qazi, özü Daşaltıda Şəhid oldu, digər qardaşı isə bu ilin fevralında vaxtsız şəkildə dünyadan köçdü-BU GÜN CƏNNƏTDƏKİ ALTINCI DOĞUM GÜNLƏRİ OLAN XÜSUSİ TƏYİNATLILAR – BEYLƏQANLI EMİN MƏMMƏDOV VƏ LƏNKƏRANLI ƏLİ MEHDİZADƏ – FOTOLAR

İkinci Vətən Müharibəsi Şəhidləri-Beyləqanlı Emin Vətən oğlu Məmmədov və Lənkəranlı Əli Məcid oğlu Mehdizadənin doğum günləridir.

Bu gün-15 avqust 2026-cı il tarixində Emin Məmmədovun 34 yaşı, Əli Mehdizadənin isə 25 yaşı tamam olur.

Bu, həm də hər iki Şəhidin Cənnətdəki altıncı doğum günləri, mövludlarıdır.

Etikxeber.az xəbər verir ki, Emin Məmmədov  15 avqust 1992-ci il tarixində Beyləqan rayonunun Qəhrəmanlı kəndində (qəsəbəsində) dünyaya gəlib…

Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub…

Çox kasıb, sadə və zəhmətkeş bir ailədə dünyaya gəldiyi üçün hələ məktəb yaşlarından ailəsinə maddi-mənəvi dəstək olmağa çalışıb…

Qəhrəmanlı kənd (qəsəbə) T.Məmmədov adına tam orta məktəbində oxuyub…

Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra-2010-cu ildə həqiqi hərbi xidmətə yollanıb…

2012-ci ildə Əsgərliyini bitirdikdən bir müddət sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb…

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin Giziri olub…

2015-ci ildə Türkiyədə baş tutan snayper hazırlığı kursunda 600 nəfərin arasından 13-cü yeri qazanaraq böyük bir uğura imza atan Emin Məmmədov həmçinin, Türkiyənin məşhur “Sualtı Taaruz” kursuna qatılaraq oranı da müvəfəqiyyətlə başa vurub…

2016-cı ilin Aprel döyüşlərində iştirak edib…

2020-ci ilin sentyabr ayının 27-də isə İkinci Vətən Müharibəsinə qatılıb…

Füzulinin azadlığı uğrunda gedən şiddətli döyüşlərdə iştirak edib və elə müharibənin birinci günündə də qəhrəmancasına Şəhadətə ucalıb…

Nəşi bir gün sonra, 28 sentyabr tarixində Qəhrəmanlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra medallarla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…

28 yaşında Şəhidlik zirvəsinə ucalan Emin həm də subay olub…

Hazırda ailəsinin yaşadığı küçə Onun adını daşıyır.

***

2001-ci ilin avqust ayının 15-də Lənkəran şəhərində dünyaya gələn Əli Mehdizadə isə ailənin 4 övladından biri idi.

Ailədə 3 qardaş və 1 bacı olublar.

Qardaşı Əhməd Mehizadə bu ilin fevral ayında, 21 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

Əli orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan bir müddət sonra-2019-cu ilin payızında həqiqi hərbi xidmətə yollanıb.

Azərbaycan Ordusunun Əsgəri, Xüsusi Təyinatlı kimi İkinci Vətən Müharibəsi zamanı Murovdağ, Xocavənd, Hadrut, Cəbrayıl və Şuşa istiqamətlərində döyüşüb.

Müharibənin başa çatmasına cəmi 9 gün qalmış, noyabr ayının 1-də isə Daşaltı istiqamətində ağır döyüşlərdən birində Şəhidlik məqamına ucalıb.

Nəşi 2 gün sonra-3 noyabr tarixində Lənkəran şəhər qəbiristanlığında yerləşən Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni və 6 medal ilə təltif olunub.

Əlinin digər qardaşı Murad da İkinci Vətən Müharibəsinin iştirakçılarındandır, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Murad həm də ailəlidir.

Əli özü isə Emin kimi subay idi.

***

Məkanları cənnətlik, Cənnətdəki altıncı doğum günləri mübarək olsun!

Nurlar içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Mingəçevirli Şəhid Qəhrəman Nəsirovun hərbçi-QARDAŞI VƏFAT ETDİ… – FOTOLAR – YENİLƏNİB

Read Next

Yüzlərlə insanın iştirakı ilə Mingəçevirli Şəhid qardaşının-VİDA VƏ DƏFN MƏRASİMİ KEÇİRİLDİ… – FOTO-VİDEO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir