Dünən, 12 iyun 2023-cü il tarixində daha bir Şəhid anası ilə tanış oldum, daha bir Nur üzlü İkinci Vətən Müharibəsi Şəhidimizin anası ilə bir araya gəldim…
Artıq sayı-hesabı bilinməyən, İkinci Qarabağ Savaşında minbir çətinliklərlə, təkbaşına böyütdüyü tək, yeganə oğlunu, arxa-dayağını, ümidini itirmiş daha bir Şəhid anası ilə dərdləşdim…
Kədəri, üzüntüsü, həyata olan inamsızlığı, ümidsizliyi elə ilk andan gözlərindən oxunan, çöhrəsindən hiss olunan, gözlərindən dərd-kədər yağan Sevda ana, Sevda xanımla…
Biləndə ki, bu Ana da tək, yeganə övladını Şəhid verib, ilk anda nə deyəcəyimi, nədən başlayacağımı, necə təsəlli verəcəyimi bilmədim…
Axı, nə deyəsən, nədən başlayassan, necə təsəlli verəsən bu Anaya?!
Təsəlli edəcək sözlər, kəlmələr belə bu Ananın çarəsizliyi, tükənmişliyi qarşısında heç nədir…
Heç nə o Ananı ovuda, təsəlli edə bilməz…
Sözlər də, kəlmələr də yetmir və yetməz!!!
***
Sevda Ana əslən Cəlilabadandır…
Ancaq ailə həyatı ilə əlaqədar Bakıda yaşayır illərdir…
Tək övladı da Bakı şəhərində, Xətai rayonunda dünyaya gəlib…
1999-cu ilin 9 avqust tarixində…
Böyüyüb, boya-başa çatıb ana himayəsində…
Orta məktəbi oxuyub, bitirib həmyaşıdları kimi…
Uşaqlıqdan da hərbə, hərb sənətinə böyük marağı olub…
Və odur ki, 55 saylı tam orta məktəbi bitirdikdən sonra, 2016-2020-ci illərdə isə ali hərbi təhsilə yiyələnib…
Heydər Əliyev adına Ali Hərbi Məktəbi (AAHM) bitirib, Leytenant rütbəsində Azərbaycan Ordusunda fəaliyyətə başlayıb…
Və cəmi bir neçə aydan sonra-İkinci Vətən Müharibəsinin başlaması ilə əlaqədar döyüşlərə atılıb…
Axırıncı dəfə isə sentyabrın 26-da anası və ana yarısı nənəsi ilə danışıb…
Deyib ki, “nənə, mamamı qoru, mamam sənə əmanət…”
Döyüş yolu cəmi 3 gün çəkib…
Sentyabrın 29-da Tərtər-Ağdərə-Suqovuşan istiqamətində qəhrəmancasına Şəhid olub…
Ancaq nəşi 16 gündən sonra əldə edilib və İkinci Fəxri Xiyabanda Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra isə medallarla və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib…
Cəmi 21 yaşında Şəhidlik məqamına ucalan Samir həm də nişanlı idi…
Nərmin adlı istəklisi, nişanlısı olub…
Və həm onun-özünün, həm də onu təkbaşına böyüdən anasının arzuları yarım-yarımçıq qalıb…
Bəyliyi ağ kəfəni olub…
***
…Nə qədər çətin olsa da, Şəhidimizin anasına-Dərdli, Yaralı, həm də Qəhrəman Sevda xanıma Allahdan səbr və dözüm dilədim…
“Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedim…
Şəhidimizin ruhu, Sevda xanımın özü qarşısında baş əydiyimi bildirdim…
Balasına da, özünə də olan borcumuz heç nə ilə və heç zaman bitməz və bitməyəcək!
Allah bir daha səbr və dözümünü versin!











Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az