Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bərdəli, həm də Bakılı Şəhid anası Mehparə Süleyman qızı Qəribova Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Prezidentin köməkçisi Hikmət Hacıyevə, Müdafiə naziri, general-polkovnik Zakir Həsənova və Müdafiə nazirinin Birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyevə müraciət ünvanlayıb.
Etikxeber.az-a daxil olan müraciətdə deyilir:
“Hörmətli cənab Prezident!
Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Mehparə Süleyman qızı Qəribova Bərdə rayonunun Güloğlular kəndindənəm və bir ildən artıqdır ki, Ramana qəsəbəsində Şəhid və Qazi ailələri üçün tikilmiş binalardan birində, bir otaqlı mənzildə yaşayıram. Şəhid anasıyam. Tək və nişanlı oğlum-Fəxri Elmir oğlu Qəribzadə İkinci Vətən Müharibəsinin Şəhididir, Qələbə və Zəfər Şəhidlərimizdəndir.
Fəxrim iki övladımdan biri və tək oğlum idi. Övladlarımı 90-cı illərdən, körpə yaşlarından Bakı şəhərində, olduqca şəraitsiz olan kirayə evlərində təkbaşına, minbir çətinliklərlə böyütmüşəm. Onlara həm ana, həm ata olmuşam. Və tək, nişanlı, hərbçi-MAXE oğlumu Vətən yolunda, Qarabağımız uğrunda Şəhid vermişəm. Nə Bərdədə, nə Bakıda yuvam, ocağım olmadığı üçün övladımı atam evində son mənzilə uğurlamışam, qardaşımın şəraitsiz evində məclis təşkil etmişəm. Və balamın, tək oğlumun, Şəhidimin qanı qurumamış Hərbi Komissarlığa müharibədə iştirak üçün müraciət etmişəm.
Çünki övladımdan, ömründə ata qayğısı, ata nəvazişi götməyən, kirayələrdə böyüyən oğlumun Şəhidliyindən sonra yaşamaq istəmirdim, dünya mənə dar gəlirdi. Fəxrimsiz bu dünyada yaşamağın bir mənasını görmürdüm. Allah kimsəyə, heç bir bəndəsinə, heç bir anaya övlad, oğul itkisi, acısı yaşatmasın. Mən yaşadım, biz yaşadıq, bundan sonra kimsə yaşamasın!
Övlad, oğul dərdi çəkilməz, dözülməzdir. Ancaq övladımla, tək oğlumla, Zəfər və Qələbə Şəhidimlə Fəxr edir, Qürur duyuram. Nə yaxşı ki, Fəxri kimi bir İgidin, bir Oğulun, bir Qəhrəmanın Anasıyam. Bəli, qeyd etdiyim kimi, Fəxrimdən sonra yaşamaq istəmirdim, hər şey mənə mənasız gəlirdi. Tək qızımın, qardaşımın gəlini olan Türkanəmin sonuncu-dördüncü övladı, Fəxrimin adını daşıyan və doğulduğu gündən də səhhətində ciddi problemlər olan balaca Fəxrinin dünyaya gəlməsindən sonra az da olsa, həyata tutunmağa başladım. Az da olsa, mənə ümid, dayaq, yaşam səbəbim oldu.
Onu da qeyd edim ki, qanunlarımızdakı boşluqlar səbəbindən ata adına ləkə olan birisi aylar sonra “ortaya” çıxdı və 3 ildir ki, Şəhid atası adından, statusundan sui-istifadə edir, dərdim azmış kimi dərdimin üstünə dərd gətirir. Haraya əl atsam da, müraciət etsəm də, xeyri yoxdur təəssüf ki…Nə isə…
Şəhidliyindən sonra övladım Ali Baş Komandanımız kimi Sizin sərəncamlarımızla üç medalla təltif olunub. Buna görə Sizə minnətdarlıq və təşəkkürlərimi bildirirəm bir daha. Bu yerdə xatırladım ki, son üç ildə övladım bir neçə dəfə ordenə, xüsusilə, “Qarabağ” ordeninə təqdim olunsa da, dəfələrlə Müdafiə Nazirliyinin rəsmiləri tərəfindən söz, vəd verilsə də, sonda nəticə olmayıb, xəyalqırıqlığı, üzüntü yaşamışam. Allah qəni-qəni rəhmət etsin, 2 il öncə xalqımızın dəyərli qızı-mərhum Qənirə xanım Paşayevanın qəbulunda olarkən bu məsələni dilə gətirmişdim, o da dərhal aidiyyatı qurum və şəxslərlə danışmışdı. Və ona da vəd olunmuşdu ki, bu məsələ həll olunacaq. Ancaq təəssüflər olsun ki, söz olaraq qaldı, heç bir nəticə olmadı. Bu isə tək və nişanlı oğlunu Şəhid vermiş bir ana kimi məni dərindən yaraladı, üzdü…”
Müraciətdə sonra qeyd olunur:
“Çox dəyərli İlham Heydər oğlu, Müzəffər Ali Baş Komandanımız!
Bu müraciəti ünvanlamaqla, bir Yaralı, Dərdli, həm də Məğrur, Qürurlu, Qəhrəman Şəhid anası kimi Sizdən bir xahişimi etmək istərdim. Övladım hərbçi-MAXE kimi İkinci Vətən Müharibəsində 14 gün döyüşdü, vuruşdu, qəhrəmanlıqlara imza atdı və sonda da Vətən yolunda canını fəda etdi. Övladımın necə Qəhrəmanlıq göstərdiyi də hər kəsə, o cümlədən aidiyyatı qurumlara da bəllidir. Ona görə istəyirəm ki, övladım Haqqı ordenlərimizdən biri-“Qarabağ” ordeni və ya “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı ilə təltif edilsin. Hər ikisi balamın Haqqıdır. Daha çox da övladımın “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə təltif olunmasını istərdim.
Çünki balamdan sonra Onun nişanəsini, xatirəsini yaşadacaq kimsə yoxdur. Mən də bu dünyanı tutub durası deyiləm, bu gün varam, sabah yoxam. İstəyirəm ki, məndən sonra da balamın xatirəsi, ruhu yaşasın. Odur ki, Sizdən balamın, Şəhidimin “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə təltif olunmasını dönə-dönə xahiş və rica edirəm. Əgər belə olarsa, həm Şəhidimin ruhu sevindirilmiş, həm də bir Şəhid Anası kimi mənə təsəlli, təskinlik verilmiş olar. İnanıram və əminəm ki, belə də olacaq, budəfəki-növbəti müraciətim nəzərə alınacaq və öz müsbət həllini tapacaq.
Yeri gəlmişkən, qarşıdan növbədənkənar prezident seçkiləri gəlir və seçimim, seçimimiz birmənalı olaraq, Müzəffər Ali Baş Komandanımız kimi Sizsiniz. Başqa seçimim, başqa seçimimiz yoxdur, ola da bilməz!
Öncədən də Sizə növbəti parlaq Qələbə və Zəfər arzulayır, bir daha dərin minnətdarlıq və təşəkkürlərimi bildirirəm. Allah Sizi, ailənizi, Qalib Azərbaycanımızı qorusun!”
Etikxeber.az





