Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının baş qərargahında BMT-nin baş katibi Antonio Quterreş ilə görüşdü.
Etikxeber.az xəbər verir ki, Prezident İlham Əliyev BMT-nin fəxri qonaqlar kitabını imzaladı.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və BMT-nin baş katibi Antonio Quterreş birgə foto çəkdirdilər.
***
BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşməkdən məmnunluğunu bildirdi. Baş katib dedi: “Azərbaycan bizim köhnə dostumuzdur. Azərbaycan çox böyük və faydalı işlər görür, təşəbbüslər və tədbirlər həyata keçirir”.
Antonio Quterreş Azərbaycan ilə BMT arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu dedi, qarşılıqlı anlaşmanın mövcudluğunu vurğuladı. Qeyd etdi ki, Azərbaycan BMT-nin layihələrində fəal iştirak edir. Qurumun baş katibi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən narahatlığını ifadə etdi, münaqişənin həlli ilə bağlı həmsədrlərin əllərindən gələni edəcəklərinə ümidvar olduğunu bildirdi.
Prezident İlham Əliyev Azərbaycanın BMT çərçivəsində böyük işlər gördüyünü dedi. Dövlətimizin başçısı BMT-nin Sivilizasiyalar Alyansının qlobal forumları, mədəniyyətlərarası dialoq forumları, Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində Bakıda keçirilən tədbirlərdən danışdı və bu cür layihələrin ölkəmizdə davam etdiyini dedi.
Dövlətimizin başçısı Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini, yoxsulluğun aşağı səviyyədə olduğunu, savadlılığın 100 faizə yaxınlaşdığını vurğuladı. Prezident İlham Əliyev Ermənistan tərəfinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlara mane olduğunu və münaqişənin həllinin uzadılmasına çalışdığını bildirdi.
Azərbaycan Prezidenti qeyd etdi ki, ölkəmiz bu münaqişənin sülh yolu ilə həll edilməsini istəyir. Ancaq bu istiqamətdə təşəbbüslər göstərilsə də nəticə yoxdur. Dövlətimizin başçısı dedi ki, biz istəyirik insanlarımız öz dədə-baba yurdlarına qayıdıb orada rahat yaşasınlar.
Prezident İlham Əliyev Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpası barədə də danışdı. Bildirdi ki, bu kənddə bütün lazımi infrastruktur yaradılıb. Dövlətimizin başçısı qeyd etdi ki, Ermənistan qondarma xəritələr icad edir, Dağlıq Qarabağı oraya daxil edir və bir çox ölkələrdən erməniləri Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirir. Azərbaycan Prezidenti vurğuladı ki, BMT bütün bunları nəzərə almalı və həmsədrlərə mesaj göndərməlidir.
Etikxeber.az