Təyyarə qəzası ilə bağlı dekabrın 26-da Azərbaycanda-MATƏM ELAN EDİLDİ – YENİLƏNİB – (6)

Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Etikxeber.az xəbər verir ki, bu barədə AZAL-dan bildirilib.

Qeyd olunub ki, sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək.

Məlumata görə sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir.

Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

***

“Azerbaijan Airlines” şirkətinə məxsus “Embrayer 190AR” təyyarəsinin göyərtəsində ekipaj üzvləri ilə birlikdə 69 nəfər olub.

Bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yerli vaxtla saat 11:00 radələrində Mərkəzi Dispetçer Məntəqəsinə sözügedən təyyarənin qəza vəziyyəti elan etdiyi və Aktau havalimanına eniş icazəsi istədiyi barədə məlumat daxil olub.

Əraziyə dərhal Manqistau vilayətinin Fövqəladə Hallar Departamentinin canlı qüvvə, eləcə də texniki vasitələri cəlb edilib.

Bundan sonra 11:30 radələrində həmin təyyarənin havalimanının 3 kilometrliyində qəzaya uğradığı və ərazidə yanğın başladığı haqqında məlumat alınıb.

Təyyarə qəzası ilə bağlı operativ məlumatlandırmanı təmin etmək məqsədilə Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Nəqliyyat Nazirliyi, Xarici İşlər Nazirliyi və Milli Qvardiya və digər səlahiyyətli orqanların rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradılıb.

Qəzanın nəticələrinin aradan qaldırılmasında Mülki Müdafiə Qoşunlarının 82 xüsusi texnikası və 701 nəfərlik şəxsi heyəti, Qazaxıstan FHN-in xüsusi təyyarəsi, eləcə də sanitar aviasiya dəstəsi cəlb edilib.

Görülən tədbirlər nəticəsində yanğın 11:45-də lokallaşdırılıb, 12:05-də isə tam söndürülüb.

Yerli vaxtla saat 14:10-da aralarında 2 azyaşlı olmaqla 29 nəfər müvafiq tibb məntəqələrinə çatdırılıb.

Eyni zamanda Astanadakı Mərkəzi Komanda Məntəqəsində xüsusi qərargah yaradılıb.

Qərargahın telefon nömrələri: +77172-55-96-21, +7717255-96-83.

Hadisə ilə bağlı informasiyanın əldə olunması üçün Manqistau Fövqəladə Hallar Xidmətinin +7717292-31-90-91 nömrəsi ilə də əlaqə saxlamaq mümkündür.

***

25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Xarici İşlər Nazirliyindən (XİN) verilən xəbərə görə, qəzanın səbəbləri araşdırılır.

Bildirilib ki, göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

İlkin məlumata əsasən, 32 nəfərin sağ qaldığı müəyyən edilib. Aralarında vəziyyəti ağır olanlar var:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun sədrliyi ilə dövlət komissiyası yaradılıb. Azərbaycan Respublikasının Prezidentinin tapşırığına uyğun olaraq, faciəvi qəza ilə əlaqədar, Azərbaycan Respublikasının fövqəladə hallar naziri, eləcə də rəqəmsal inkişaf və nəqliyyat nazirinin rəhbərlik etdiyi heyət Qazaxıstana yola düşüb.

Qəza ilə əlaqədar ilk andan Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğu hadisə yerində fəaliyyət göstərir. Qazaxıstan tərəfi ilə əlaqələndirilməklə, fövqəladə xilasetmə qurumları tərəfindən təcili operativ tədbirlər görülür.

Qəza ilə bağlı qaynar xəttlər:

AZAL

(+994) 12 5048280

(+994) 12 5048202

(+994) 12 5048203

Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğu

+77087127016

Qazaxıstan Respublikasının Fövqəladə Hallar Nazirliyi:

+7 7172 559621

+7 7292 319091

Qəza nəticəsində həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik”.

***

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aktau şəhərində AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Prezident İlham Əliyevə başsağlığı verib.

Bu barədə Qazaxıstan Prezidentinin Mətbuat xidmətindən bildirilib.

Qazaxıstan Prezidenti Azərbaycan xalqının kədərini bölüşdüyünü vurğulayıb:

“Sizə, həlak olanların yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Mənim tapşırığımla Qazaxıstan hökuməti xilasetmə əməliyyatı çərçivəsində lazımi tədbirləri həyata keçirən və gələcəkdə Azərbaycan tərəfinə lazımi dəstəyi göstərəcək dövlət komissiyası yaradıb”.

***

Rusiya Prezidenti Vladimir Putin Azal-a məxsus təyyarənin Aktauda qəzaya uğraması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Peskov bildirib ki, Rusiya Azərbaycan Hava Yollarına məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması nəticəsində yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verir.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev MDB-nin Sankt-Peterburq sammitinə səfərini təyyarə qəzası səbəbi ilə yarımçıq qoyub.

Kremlin sözçüsü Putinin artıq Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək başsağlığı verdiyini söyləyib.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yollarına” məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Aktau şəhəri yaxınlarında Azərbaycan Hava Yollarına aid təyyarənin qəzaya uğramasını böyük kədərlə öyrəndik“, – Ərdoğan qeyd edib.

O, iki qardaş ölkəyə başsağlığı verib.

***

Xəbər verdiyimiz kimi, Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına səfərə yola düşən Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilib və dövlətimizin başçısı dərhal geri dönmək barədə tapşırıq verib.

Təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna endikdən dərhal sonra Prezident İlham Əliyev hadisə ilə bağlı müşavirə keçirib.

***

Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması səbəblərini araşdırmaq üçün Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, 2024-cü il dekabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportundan saat 07:56-da havaya qalxan və Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” təyyarəsinin Qazaxıstan Respublikasının Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı və xəsarət alanlar olmuşdur.

Sərəncama əsasən, 2024-cü il dekabrın 25-də baş vermiş təyyarə qəzasının səbəblərini araşdırmaq və müvafiq tədbirlər görmək məqsədilə aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılıb:

Dövlət Komissiyasının sədri

Əli Əsədov – Azərbaycan Respublikasının Baş naziri

Dövlət Komissiyasının üzvləri:

Şahin Mustafayev – Azərbaycan Respublikası Baş nazirinin müavini

Rəşad Nəbiyev – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Samir Rzayev – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti

Ceyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziri

Kamran Əliyev – Azərbaycan Respublikasının Baş prokuroru

Vilayət Eyvazov – Azərbaycan Respublikasının daxili işlər naziri

Əli Nağıyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Teymur Musayev – Azərbaycan Respublikasının səhiyyə naziri

Sahil Babayev – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Arif Məmmədov – Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru.

Dövlət Komissiyası baş vermiş qəzanın səbəblərini qısa müddətdə araşdırıb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, qəza nəticəsində həlak olmuş və xəsarət almış şəxslərin ailələrinə müvafiq yardım göstərilməsini təmin etməli, qəza nəticəsində həlak olmuş və xəsarət almış xarici ölkə vətəndaşları ilə bağlı məsələləri həll etməli və Dövlət Komissiyasının fəaliyyəti barədə ictimaiyyətə mütəmadi məlumat verməlidir.

Etikxeber.az

Read Previous

Bu yollarda sıxlıq və tıxac var-BAKIDA

Read Next

Ərdoğan təyyarə qəzası ilə bağlı İlham Əliyevə-ZƏNG ETDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir