“TƏBİB”-ə geniş səlahiyyətlər verilib ki… – KOMİTƏ SƏDRİ – YENİLƏNİB – (1)

Daha 3 yeni qanun layihəsi gəlir

Milli Məclisin (MM) qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı parlamentin  növbəti komitəsinin- Səhiyyə komitəsinin ilk iclası öz işinə başlayıb.

Etikxeber.az-ın xəbərinə görə, adıçəkilən komitənin sədri, akademik Əhliman Əmiraslanov bildirib ki, sonuncu-2018-ci ilin payız sessiyasında komitənin 10 iclası keçirilib və bu iclaslarda 15 məsələ müzakirə edilib ki, onlardan 7-si qanun layihəsi olub.

Bununla yanaşı, sessiya dövründə komitəyə 105 şikayət, əzizə daxil olub və onlardan 100-ü baxılıb, tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib.

Həmçinin, sessiya ərzində komitə sədri tərəfindən 40 vətəndaş qəbul edilib.

Sonra komitə sədri 2019-cu ilin qanunvericilik işləri planı barədə məlumat verərək bildirib ki, sessiya ərzində əsasən 3 yeni qanun layihəsinin – “Reproduktiv sağlamlıq haqqında”, “Optika və optikaçılıq haqqında” və “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanunvericilik aktlarının müzakirəsi nəzərdə tutulur.

Komitə sədri bununla yanaşı deyib ki, sessiya dövründə bəzi qanunlara dəyişiklikləri və əlavələri nəzərdə tutan qanun layihələrinin də müzakirəsi mümkünləşə bilər.

Ə. Əmiraslanov daha sonra ölkə prezidenti tərəfindən icbati tibbi sığortanın tətbiqi və icrası ilə bağlı “TƏBİB”-in yaradıldığını bildirib  və qeyd edib ki, bu, çox önəmli bir hadisədir:

“Bildiyiniz kimi, 2020-ci ildən ölkədə icbari tibbi sığortaya tam keçilməsi nəzərdə tutulur. 2019-cu il isə bu prosesdə həlledici il olacaq. Odur ki, bu məsələləri tənzimləmək üçün “TƏBİB” yaradılıb və bu qurum artıq fəaliyyətə başlayıb. Bu quruma da böyük, geniş səlahiyyətlər verilib. Bu baxımdan hesab edirəm ki, bu qurumun fəaliyyəti də bu sahədə səmərəli və effektli olacaq. Ümumiyyətlə, ölkədə səhiyyə xidmətini ən yüksək səviyyədə təmin etməyin yolu icbari tibbi sığortanın tətbiqindən keçir və inanıram ki, biz bu məsələdə qarşıya qoyulan məqsədlərə nail olan biləcəyik”.

***

İkinci bir qanun layihəsi tapılmaz ki, haqqında bu qədər danışılmış olsun

Ə. Əmiraslanov çıxışında həmçinin  deyib ki, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi artıq müzakirələrə tam hazırdır, sənəddəki bütün mübahisəli məqamlar tam aradan qaldırılıb.

Komitə sədri deyib ki, bu məsələ ilə bağlı hələ bir xeyli müddət öncə spiker Oqtay Əsədov onunla söhbət edib və sənədin nə yerdə olması ilə maraqlanıb: “Mən o zaman Oqtay müəllimlə söhbətimdə qeyd etdim ki, bu sənəd ilk dəfə (3-cü çağırış parlamentdə-red) müzakirə olunanda hələ deputat deyildim, məsələnin gedişatından xəbərsizdim. Yəni, bu onu göstərir ki, bu məsələ daim parlament rəhbərliyinin diqqətində olub. Onu da xatırladım ki,  bu qanun layihəsi deputat həmkarımız Məlahət xanım İbrahimqızı tərəfindən hazırlanmış və onun tərəfindən məruzə edilmişdi. Ancaq o zamanlar həmin sənəd bəzi məlum məqamlara görə geri qaytarılmışdı. Bizim Səhiyyə komitəsi yaradılandan sonra isə  bir daha bu məsələ ilə maraqlandıq və tam yeni qanun layihəsi hazırladıq. Hesab edirəm ki, artıq bu sənəd müzakirələrə tam hazırdır. Mən bu haqda artıq çox danışmaq istəmirəm, çünki bu barədə çoxc danışlıb, çox deyilib. Bəlkə də ikinci bir qanun layihəsi tapılmaz ki, haqqında bu qədər danışılmış olsun. Artıq hiss edilir ki, deputatlar da bu qanun müzakirəsinə və qəbuluna hazırdırlar, onların da etiraz edəcəyi bir məsələ qalmayıb. Bir sözlə, yaz sessiyasında bu qanun layihəsinin müzakirəsini nəzərdə tuturuq və gözləyirik”.

***

İnsanların çoxu növbə gözləyə-gözləyə həyatlarını itirirlər

Çıxışı zamanı komitə sədri onu da bildirib ki, orqan transplantasiyasına ehtiyacı olan insanların çoxu növbə gözləyə-gözləyə həyatlarını itirirlər.

Bu baxımdan, Ə.Əmiraslanov hesab edir ki, bununla bağlı mövcud qanunvercilik aktında ciddi dəyişikliklərə ehtiyac var:

“Meyitdən orqan və toxumanın götürülməsi həmin qanun layihəsində öz əksini tapmayıb. Bu da transplantasiyanın əsasını təşkil edir. Hesab edirik ki, bununla bağlı yeni qanun olsa, daha yaxşı olar. Məsələ ilə əlaqədar bağlı işçi qrup yaradaq. Bu gün cəmiyyətin bu qanuna böyük ehtiyac var. Bu qanun orqan transplantasiyasına ehtiyacı olan insanların işlərini də rahatlaşdırar. Orqan transplantasiyasına ehtiyacı olan insanların çoxu növbə gözləyə-gözləyə həyatlarını itirirlər”. Ə.Əmiraslanov qeyd edib ki, qaraciyər transplantasiyası ilə bağlı mühüm işlər görülür: “Ürək transplantasiyası işinə hazırlaşırlar, amma nə qədər ki, meyitdən orqan götürülməsinin hüquqi əsasları həll olunmayacaq, bu məsələlər düyün nöqtəsindən tərpənməyəcək”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

TEHRANIN QARABAĞ SİYASƏTİ DƏYİŞİR, YOXSA, BU, TAKTİKİ GEDİŞDİR? – Baxış

Read Next

Stomatoloji xidmət beynəlxalq standartlara uyğun gəlmir – MƏLAHƏT İBRAHİMQIZI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir