TƏBRİKLƏR və TƏŞƏKKÜRLƏR!-ƏKBƏR QOŞALI YAZIR

Bir liderin uğurunu şərtləndirən ən önəmli amillər:təmkin, intellekt, vətəncanlılıq, prinsipiallıq və uzaqgörənlik Azərbaycan Prezidenti İlham Əliyevin dövlətə başçılıq etdiyi müddətin zirvəsi, heç şübhəsiz, 30 illik işğala 44 gün içində son qoyulması, onun Ali Baş Komandanlığı ilə Silahlı Qüvvələrimizin yağı düşmənə sağalmaz zərbə vurmasıdır.

Bəs bu Zəfəri şərtləndirən, Zəfəri doğuran, Zəfərə gələn yol hansı özəlliklərə malikdir, nədir, necədir?

– 30 illik işğal desək də, heç kəsə sirr deyil ki, 30 ilin arxasında da, təqribən 170 illik bir sürəc olmaq etibarı ilə, “Qarabağ problemi”nin kökü 200 il öncələrə dayanır. 200 il!

– Bu uzun illər içində bölgədə, dünyada nələr olub, necə böyük dəyişikliklər baş verib…

Çar Rusiyası dağılıb, Anadolular demiş, enkaz altında biz qalmışıq; SSRİ dağılıb, yenə biz dağıntılar altında qalmışıq… İrəvan əldən getdi, Zəngəzur itirildi, Göyçə göyçəlilərsiz qaldı və nəhayət Qarabağda işğal başladı, Xocalı Soyqırımı kimi insanlıq dramı yaşandı… İtirə-itirə ömür sürməyə, daha doğrusu, ömürsüz qalmağa mübtəla olduğumuz uzun, yorucu, üzücü illərə məhz İlham Əliyevin ali hakimiyyət illəri içində son verildi! Yalnız son verilmədi, proses Azərbaycan İntibahına doğru yön dəyişdirdi. Bir dövlət başçısı üçün elə yalnız bu fakt tarixin altın səhifəsində yer almaqçün yetərlidir. İlham Əliyev nüfuzlu ölkə başçısı, vətəncanlı, xalqcanlı lider, Müzəffər Ali Baş Komandan, etibarlı beynəlxalq tərəfdaş olaraq “hakimiyyət xalq üçündür, xalq hakimiyyət üçün deyil” formulunu təsdiq etdi.

Təsdiq etdi ki, o, bütün Azərbaycanlıların Prezidentidir və onun Prezidenti olduğu ölkə məsuliyyət və xarakter sahibidir. İlham Əliyevin Vətən Müharibəsinədək gələn uğur yolunun formulunu tezislər şəklində sıralamağa çalışaq:-Siyasi istiqrarı qorudu, ölkədə sabitlik yaratdı;-“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” (H.Əliyev) düsturunu praktikaya tətbiq etdi. İqtisadiyyatı inkişaf etdirdi, örnəyi, qeyri-neft sektorunun qalxınması, paytaxtdankənar bölgələrin də inkişafı – öz sözləri ilə desək, neft kapitalının insan kapitalına çevrilməsi yönündə işlər gördü;-İllər öncədən məhz Qurucu Prezident olaraq tanınan İlham Əliyev bir həqiqəti qəbul və tətbiq etdi: “Yol -iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat deməkdir” (H.Əliyev).

İlham Əliyevin hakimiyyəti illərində çəkilən yollar, tikilən körpülər bəlkə də, 70 ildə sovetlərin respublikamızda çəkdiyi yollardan daha uzun olar;- İlham Əliyevin sayəsində ordu quruculuğu, özəlliklə, milli müdafiə sənayesi sahəsində konkret addımlar atıldı, milli silahlar, habelə etibarlı tərəfdaş, dost, qardaş ölkələrlə birgə hərbi məhsul istehsalı təmin edildi;- Qardaş Türkiyə ilə, qardaş Pakistanla birgə hərbi təlimlər də İlham Əliyevin ali hakimiyyət illərinin payına düşür;-Dövlətlərarası əlaqələr bir üst qata çıxarılaraq, xalqlararası, ölkələrarası sıx işbirliyinə dönüşdürüldü.

Hətta dostlarımızla dostluq, qardaşlarımızla qardaşlıq daha dərin, daha üfüqlü aşamaya keçdi. Çoxvektorlu xarici siyasət kursu Azərbaycanın dövlət maraqları zəminində inkişaf edərək, ölkəmizə yeni dostlar qazandırdı. Respublikamızın BMT Təhlükəsizlik Şurasının ilk dəfə qeyr-daimi üzvü seçildiyini məmnuniyyətlə xatırlayırıq. O da təsadüfi deyil ki, İlham Əliyev hazırda BMT-dən sonra ən böyük təşkilat olan Qoşulmama Hərəkatının sədri, ötən aylaradək, həmçinin Türk Dövlətləri Şurasının (indiki Türk Dövlətləri Təşkilatı) sədriydi. Bu beynəlxalq birliklər, eləcə də, ikitərəfli işbirlikləri bizim digər sahələrdəki uğurlu addımlarımız üçün çox önəm daşıdı (daşıyır);-Azərbaycanın xarici siyasətində, rəsmi istilahla desək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə (daha doğru ifadə ilə desək, Ermənistanın Azərbaycan torpaqlarını işğalı faktına) beynəlxalq münasibətsizliyi (yaxud ədalətsiz münasibəti) ya neytallaşdırdı ya da haqqı müdafiə moduna keçirməyi bacardı; -Sosial sahədə gerçək addımlar atıldı.

Örnəyi, 750-dən çox xəstəxana ya yenidən tikildi ya da, əsaslı təmir edildi. Səhiyyə sistemimizin xəstəxana və tibb müəssisələri fondu artıq yüksək standartlara cavab verir. Cənab Prezidentin özünün vurğuladığı kimi, bundan sonra, əlbəttə, ilk növbədə, səhiyyə sisteminin təkmilləşdirilməsi və tibb xidmətlərinin keyfiyyətini artırmaq üçün əlavə addımlar atılacaq;-Təhsildə keyfiyyət: birbaşa dövlət büdcəsi hesabına yaxud “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Heydər Əliyev Fondu vasitəsi ilə onlarla məktəb tikildi, genişləndirildi, əsaslı bərpa edildi, avadanlıqlarla təchiz edildi;-Yeni kdarlar yetişdirildi, onlar dövlət idarəetmə sistemində irəli vəzifələrə çəkldi;-Gənc nəslin vətənpərvərlik tərbiyəsi sahəsində planlı işlər görüldü;-Azərbaycan kosmik ailənin üzvü oldu.

İndi 3 peykimiz öz “orbit”ində hərəkət edir. “İstiqbal göylərdədir” (M.K.Atatürk);- Kosmosu düşünən liderin ali hakimiyyət illərində yerin altındakı mədəni, mənəvi, tarixi sərvətlərimiz də gün üzünə çıxardıldı (örnəyi, Tovuzdakı GÖYTƏPƏ QƏDİM YAŞAYIŞ MƏSKƏNİ kimi). Necə deyərlər, “Bir əli torpaqda, bir əli haqda” (Z.Yaqub)…-Vətəndaş cəmiyyəti quruculuğu sahəsində bəlli bir məsafə qət edildi. Milli donor institutları yaradıldı;-“ASAN Xidmət”, “DOST” Mərkəzi, “SƏLİS” xidmət, “YAŞAT” Fondu və b. Azərbaycan intellektual brendləri yaradıldı; -Eks-prezidentlər haqqında Qanun da İlham Əliyevin ali hakimiyyət illərinin məhsuludur…-Multikultiralizm, sivilizasiyalar və mədəniyyətlərarası dialoq mühiti gücəndirildi yaxud yeni kulturoloji ocaqlar yaradıldı;-Dövlətimiz Azərbaycan milli mədəni irsinin dünya çapında qorunması mövzusuna həssas yanaşdı, UNESCO, İSESCO çərçivəsində çox ciddi uğurlar əldə edildi;-Respublikamızda idmanın inkişafı, o cümlədən ölkəmizdə beynəlxalq idman yarışlarının keçirilməsi sahəsində ciddi ənənələr yaradıldı və s.

Biz bu tezislər siyahısını yetərincə uzada bilərik. İlham Əliyevin ali hakimiyyət illərində həyata keçirdiyi böyük işlər geniş danışmağa, qanadlı düşünməyə, üfüqötəsinə boylanmağa əsaslar verir. Biz bütün bu əsasları 2016-cı ilin Aprel Döyüşləri, 2018-ci ilin mayındakı Günnüt Hərbi Əməliyyatı, 2020-ci ilin iyulundakı Tovuz Döyüşləri, nəhayət, 27 sentyabr 2020-ci ildə bütün cəbhə boyu sürətli əks-hücumla başlayan 44 günlük Vətən Müharibəsində gördük. Gördük, qürurlandıq, Ordumuzla, dövlət-xalq birliyimizlə, Ali Baş Komandanımızla fəxr etdik! Başımız göylərə dəydi!  Beləliklə, 30 illik yağı düşmən işğalına son qoyuldu, düşmən üzərində tarixi Zəfər təmin edildi, işğalçıları iti qovan kimi qovduq. Bəli, 44 günlük Vətən Müharibəsində tarixi nəticə 44 günün, 4 ayın, 4 ilin işi olmaqda qalmayıb, uzunmüddətli ardıcıl işlərin bəhrəsini, lider qətiyyətini, Prezident prinsipiallığını təcalla etdirir. 

Bu yerdə onu da xatırlayırıq ki, Xocalı Soyqırımının dünyada tanıdılması, ümumən Azərbaycan həqiqətlərinin dünya boyunca gərəkli səviyyədə yayılması yönündə bəlli işlər görülüb, görülməkdədir. Bir neçə il öncə, Xocalı Soyqırımı Günündə Azadlıq Meydanından “Ana harayı” abidəsinədək izdihamlı yürüş təşkil edən dövlət başçısı, bu il Şəhidləri Anma Günündə Vətən Müharibəsi Qəhrəmanının, xanımı isə Gəncəyə Ermənistandan atılan raketlə şəhid edilmiş körpə qızın portretini tutaraq yenə Azadlıq Meydanından Hərbi Qənimətlər Parkınadək yürüş etdi. 8 noyabr- Zəfər Günü ərəfəsində isə Vətən Müharibəsində şəhid olmuş hərbçilərimizin bir qrupunun orden və medallarla təltif edilməsi haqqında Prezident Sərəncamı verildi.

Öncəki yubileylərində qaçqın və məcburi köçkün şəhərciklərinə səfər edən, öz adgünlərini qaçqın və məcburi köçkünlərlə, əsgərlərlə keçirən dövlət başçısı, 44 günlük müharibədən ötən aylar içində dəfələrlə, işğaldan azad edilmiş bölgələrə səfər etdi.

– Qalib əsgər və zabitləri ilə hər görüş, azad edilmiş ərazilərdə tikilən hər körpü, qazılan hər tunel, çəkilən hər yol hansi gunə təvafuq edirsə, o, onunçün əziz gün deməkdir. İlham Əliyev rəsmi açılışlar etdiyi, rəmzi qırmızı lenti kəsdiyi günlərdə öz adgünündə olduğundan az sevinmir: ucalan binalar, işə düşən müəssisələr, açılan yollar, dalğalanan bayraqlar onun könlünü fərəhlə doldurur. Rəhbərin ovqatı cəmiyyətə sirayət edir. Biz qalib xalqıq və bundan sonra həmişə qalib xalq olaraq yaşayacağıq!

– Bu sözün də, gerçəkliyin də müəllifi odur – İlham Əliyev!

Bir sözlə, müharibədən ötən bir il içində Prezidentin Qarabağa, Gündoğar Zəngəzura səfərləri, o səfərlərdə verdiyi ismarıclar, “Qarabağın Hava Qapısı” Füzuli hava limanını qardaş Türkiyə Cümhurbaşqanı ilə birgə açması, yenə qardaş ölkə başçısı ilə “Şuşa Bəyannaməsi” imzalaması, Şuşanı Mədəniyyət Paytaxtı elan etməsi daxil olmaqla 1 ildə gördüyü işlər 1 ilə sığmır. Sürət və keyfiyyət, məzmun və mahiyyət, tarix və gələcək, işğalçının iç üzünü və torpağın əsl yiyələrinin həqiqətlərini dünyaya göstərmək – İlham Əliyev bunları çox yaxşı uzlaşdırır!  Şəhidlərimizin, yaralı qazilərimizin, müharibə iştirakçılarının, müharibədən zərər çəkmiş vətəndaşlarımızın qayğıları ali dövlət rəhbərliyinin diqqət-qayğısında olmaqla yanaşı, ayrıca, “YAŞAT” Fondu təsis edilib, İcra hakimiyyətlərində müvafiq şöbələr yaradılıb və s.

Dövlət başçısının təşəbbüsü ilə şəhidlərimizin, qazilərimizin təltif olunması üçün yüksək ordenlər, medallar, habelə Vətən Müharibəsi Qəhrəmanı adı təsis edilib. Müvafiq olaraq, şəhid ailələri, Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanları üçün Prezident təqaüdləri təsis edilib. Şəhid ailələrinə, qazilərə, qüsursuz xidmət illəri dolmuş hərbçilərimizə fərdi yaşayış evi tikilib yaxud mənzillər verilib. Və bu yönlü sosial siyasət dayanmadan davam etdirilir.

Azərbaycan yeni inkişaf aşamasına qədəm qoyub. Bu mərhələ (artıq ümumişlək hala gəlmiş sözlə desək), azadlıqdan abadlığa, işğal mədəniyyətsizliyindən quruculuq mədəniyyətinə keçidlə şərtlənir. Gələcəyimiz bugünümüzdən daha güclü, daha çiçəkli olacaq!

Bizə bu ümidi, inamı bəxş edən Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevi 60 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, möhkəm can sağlığı, yeni zəfərlər diləyirəm!

Əkbər QOŞALI

Etikxeber.az

Read Previous

“Vətən müharibəsində qələbəmizin memarı Ali Baş Komandan İlham Əliyevdir”-FATMA YILDIRIM

Read Next

“Növbəti Nobel Sülh mükafatının Prezident İlham Əliyevə verilməsi üçün prosedur başladılmalıdır”-ELŞAD MİRBƏŞİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir