Təhsil kreditləri, uşaq pulu, internet, məcburi təyinat, banklar, təhsil haqqı-REKLAM, RƏQBƏT MƏCƏLLƏSİ VƏ… – YENİLƏNİB – (2)

Mən və millət vəkili Vahid Əhmədov “Təhsil kreditləri” haqqında qanun layihəsini hazırlamışıq.

 Etikxeber.az-ın məlumatına görə, bunu bu gün  Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədrinin müavini Əli Məsimli bildirib.

 Ə. Məsimli deyib ki, il ərzində təhsil haqlarının ödənilməməsi ilə bağlı 3 min insanın taleyi dəyişir:

“Təklif edirəm ki, “Təhsil kreditləri” haqqında qanun layihəsi komitənin İşlər planına daxil edislin”.

***

“Pandemiya ilə bağlı rayonlarda internetlə bağlı problemə görə uşaqlar onlayn təhsildən kənarda qalıb”.

Bunu isə millət vəkili Məşhur Məmmədov bildirib.

M. Məmmədov deyib ki, problemlə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etsə də, ümumi cavablar verilir:

“Belə olmaz. Əgər təhsil İnternet üzərindədirsə, İnternet yoxdursa, uşaqların gələcəyi necə olacaq?”

Millət vəkili Masallıda həkim çatışmazlığı olduğunu nəzərə çatdırıb:

“Rayonlarda həkim kimi işləyəcək tələbələrin təhsil haqqından azad edilməsi yaxşı olar. Əgər Masallıda 65 yaşdan yuxarı həkimlər xəstəxanadan çıxarılsa, həkimlərin 60 faizi azalacaq. Azərbaycanda tibb təhsili alan kadrlar Avropada özlərinə iş tapa bilirlər. Biz rayonlarda həkim problemini həll etməsək, rayonlardan Bakıya əhalinin köçü artacaq”.

M. Məmmədov qeyd edib ki, rabitə, qaz və elektrik xətlərinin çəkilməsi ilə bağlı taariflər kifayət qədər yüksəkdir:

“Biz bir qrup millət vəkili ilə bu məsələni bir neçə dəfə müzakirə etmişik. Bu taariflərin azaldılmasına ehtiyac var”.

Cavabında komitə sədri Tahir Mirkişili bildirib ki, rüsumları parlament yox, Nazirlər Kabineti, Tarif Şurası müəyyən edir:

“2021-ci ildən tibbi sığortanın tətbiqinə başlanır. Amma Tibb Universitetində oxuyan tələbələrin hamısının təhsil haqqının dövlət tərəfindən verilməsi maraqlı təklifdir”.

Millət vəkili Rüfət Quliyev sovet dövründə olduğu kimi bəzi ixtisaslarla bağlı məcburi təyinat sisteminin yenidən tətbiq olunmasını təklif edib:

“Bəzən müraciət edirlər ki, oğlum adi təhsillidir, niyə iş tapa bilmir? Baxıram ki, beynəlxalq hüquq, gömrük və digər ixtisasları bitiriblər. Amma bu gün bizə aqronomlar, kənd təsərrüfatı sahəsi üzrə mütəxəssislər lazımdır. Bu gün aqronom gəzirsən, 70 yaşlı azərbaycanlı gəlir.  Qardaş Türkiyədən aqronom gəlir, məsləhət verir, 2500-3000 min manat haqqın əks olunduğu çek yazır. Bizə mütəxəssislər lazımdır”.

R. Quliyev tariflərin baha olması ilə bağlı məsələnin müzakirəsi üçün dövlət qurumlarının rəhbər şəxslərinin MM-ə dəvət edilməsini təklif edib.

***

“Banklarla bağlı böyük qanun paketi hazırlanır”.

Bunu da komitə sədri T. Mirkişili bildirib.

T. Mirkişili deyib ki, bununla bağlı parlamentdə dinləmələr də keçiriləcək.

***

“Azərbaycanda Azərbaycan dilindən başqa bütün dillərdə reklam var”.

Bunu da öz növbəsində millət vəkili Vahid Əhmədov bildirib.

V. Əhmədov deyib ki, “Reklam haqqında” qanun qəbul olunsa da, icra olunmur:

“Burada xüsusən dil məsələsinə dair tələblər yerinə yetirilmir. Ona görə də xahiş edirəm ki, Reklam Agentliyini də dəvət edərək reklamla bağlı dinləmələr keçirək”.

Millət vəkili qeyd edib ki, nəhayət, Rəqabət Məcəlləsini qəbul etmək lazımdır:

“Rəqabət Məcəlləsi hələ də bizə gəlib çatmayıb. Bu Məcəllə qəbul olunsa, sahibkarların 30-40 faizi normal fəaliyyət göstərir. Bəzi dövlət şirkətləri özəlləşdirməyə hazırlanır. Mənə məlumat gəlib çatıb ki, dövlət şirkətlərinin rəhbərləri bəzi sahələrə öz qohumlarını yerləşdirməyə başlayıblar. Ona görə də Rəqabət Məcəlləsi qəbul edilməlidir”.

Sonra “Uşaq pulu verilməlidir, yoxsa yox? Bu məsələyə nəhayət nöqtə qoyulmalıdır”-deyən V. Əhmədov bildirib ki, aidiyyəti qurumlarla bu məsələni müzakirə edib, yekun mövqe ortaya qoymaq lazımdır.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Mehdiyev AMEA-ya prezident təyin olunanda çoxları fikirləşirdi ki…Dövlət məmurları, deputatlar, iş adamları, zənginlər həvəslə elmi adlara yiyələnməyə çalışırlar… Elə bil onlara vəyh gəlib…”-SABİQ DEPUTATDAN SƏRT SÖZLƏR

Read Next

“Sürücümdən soruşuram ki, nə qədər cərimə var, elə bir məbləğ dedi ki, burada səsləndirilməli deyil, yəni böyük məbləğdi…”-RÜFƏT QULİYEV BNA-NI “TOPA” TUTDU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir