“Təhsilin aşağı düşməsinə imkan verməməliyik…” – QƏNİRƏ PAŞAYEVA – VİDEO

Milli Məclisdə (MM)  2020-ci ilin dövlət büdcəsi layihəsinin komitələrində müzakirəsi zamanı çıxış edən millət vəkili Qənirə Paşayeva bölgələrdə yaşayan insanların səsinin dövlət qurumlarında daha çox eşidilməli olmasının vacibliyinə toxunub.

Etikxeber.az-ın xəbərinə görə, millət vəkili seçildiyi Tovuz rayonunun sakinlərinin bir sıra təkiflərini səsləndirib, müvafiq qurumları onların həllində daha fəal olmağa çağırıb.

Q. Paşayeva ölkəmizin ən qədim tarixi abidələrindən biri olan Göytəpə qədim yaşayış məskəni ilə bağlı ciddi çağırış edib.

O, yerli alimlərlə, mütəxəssislərlə birgə Yaponiyanın, Fransanın və Almaniyanın alimlərinin birgə araşdırma və tədqiqat apardığı, Tokiodan Londona qədər tədqimatı keçirilən və dünyada Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olmasını təsdiqləyən, Tovuz rayonunda yerləşən Göytəpə ilkin neolit dövrü yaşayış məskəni barədə danışıb.

Ölkə prezidenti  İlham Əliyevin 2012-ci ildə Tovuza səfəri zamanı Göytəpəyə baş çəkdiyini, bu ziyarətdən sonra Göytəpə arxeoloji parkının yaradılması ilə bağlı sərəncam imzaladığını xüsusi vurğulayan millət vəkili müvafiq qurumları bu sərəncamı həyata keçirməyə çağırıb.

Millət vəkili bütün azərbaycanlılar adından bu arxeoloji parkın yaradılması ilə bağlı ölkə prezidentinin sərəncamının həyata keçirilməsi istiqamətində vəsait ayrılmasına, təcili işlərə başlanılmasına çağırıb və deyib ki işlərin ləngiməsi abidəyə özünün mənfi təsirini göstərir.

Çıxışında kasıb ailələrdən olan tələbələrin təhsil ala bilməsində önəmli rol oynaya biləcək təhsil kreditləri ilə bağlı məsələlərin öz həllini tapmasına ciddi ehtiyac olduğunu xüsusi vurğulayan millət vəkili “Təhsilin aşağı düşməsinə imkan verməməliyik. Kəndlərdə təhsil düşərsə, bu ölkəmiz üçün problemlərin əsasını qoyacaq. Valideynlərin, kasıb və orta imkanlı ailələrin övladlarını Bakıda kirayədə yaşatmaq imkanları məhduddur”– deyib.

Həmçinin, dövlət universitetlərinin yataqxanalarının artmasının vacibliyini xüsusi vurğulayaraq, yataqxanaların tikintisinə daha çox vəsait ayrılmasını, ilkin mərhələdə ən azı kəndlərdən gələn tələbələrin ehtiyaclarını qarşılayacaq qədər təcili şəkildə yataqxanaların tikilməsini, bu prosesin sürətlə davam etməsini xahiş edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən  prezidentin, birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə böyük islahatlar aparıldığını və bunun insanlar tərəfindən daha da yüksək dəyərləndirildiyini vurğulayan Q. Paşayeva fiziki imkanları məhdud uşaqlara verilən müavinətlərin artırılmasının vacibliyi barədə danışaraq müvafiq qurumlara çağırışlar edib:

“Autizmli uşaqların aldığı müavinət onların ayda cəmi 3-4 dəfə peşəkar mütəxəssislərdən dəstək almasına ancaq çatır. Bu uşaqların müalicəsi təhsil və təlimlərini yüksək səviyyədə həyata keçirə bilmək üçün onlara və ailələrinə dəstək proqramları olmalıdır. Ona görə də müvafiq qurumları autizmli uşaqların müalicəsi, təhsili, təlimi və onların ailələrinə dəstək proqramı hazırlayıb qəbul etməyə çağırırıq. Autizmli uşaqların sayının ildən ilə artmasını nəzərə alaraq bu məsələyə xüsusi diqqət yetirməliyik və bu uşaqların ailələri ciddi dəstək gözləyir”.

Aliment Fondunun yaradılmasının vacibliyi barədə də  danışan millət vəkili  “artıq SOS siqnalıdır, qısa zamanda aliment fondunun yaradılması ilə bağlı ciddi addımlar atılmalıdır”- deyib və bu istiqamətdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin irəli sürdüyü təklifləri dəstəklədiyini söyləyib.

Q. Paşayeva eyni zamanda, çoxuşaqlı ailələrə yardım edilməsi ilə bağlı məsələyə qısa zamanda baxılması və bu məsələnin həllini tapmasının vacibliyi barədə danışaraq müvafiq qurumlara çağırış edib.

Etikxeber.az

Read Previous

Avroliqa: APOEL – “Qarabağ” – 2:1 – YENİLƏNİB – (6)

Read Next

“Hələ heç nə bitməyib…” – QURBAN QURBANOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir