Taekvando üzrə Qran-pri yarışının final mərhələsi davam edir

Bakının ev sahibliyi etdiyi taekvando üzrə Qran-pri yarışının final mərhələsi davam edir.

Etikxeber.az  xəbər verir ki, “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən beynəlxalq turnirin sonuncu günündə yığmamızın daha üç taekvandoçusu mübarizəyə qoşulur.

Rio Yay Olimpiya Oyunlarının qalibi, öz çəkisinin lideri Radik İsaev (80 kq-dan yuxarı) günə uğursuz start verib. O, rusiyalı rəqibi Roman Kuznetsova məğlub olaraq turniri erkən başa vurub.

Reytinqdə 12-ci yerdə qərarlaşan Ayxan Tağızadənin (68 kq) rəqibi Koreya Respublikasından olan Seok-bae Kim olacaq. Bu yarışda yeganə qadın təmsilçimiz Yaprak Eriş (57 kq) isə ilk döyüşünü Hedaya Malaka (Misir) qarşı keçirəcək.

Bu gün idmançılar ümumilikdə dörd çəki dərəcəsində qüvvələrini sınayacaqlar. Yarışda hər çəki dərəcəsi üzrə Dünya Taekvando Federasiyasının (DTF) Olimpiya reytinqində qərarlaşan ən güclü 16 idmançı mübarizə aparır.

Turnirdə 47 ölkədən 128 taekvandoçu dayanq üzərinə çıxır. Onların arasında “Rio-2016” və bir sıra turnirlərin medalçıları çoxluq təşkil edir.

Yarış DTF-nin 45 hakiminə həvalə olunub. Azərbaycanı beynəlxalq dərəcəli hakimlər Elşən Quliyev, Oh Kvang Çeol və Elşad Məmmədov təmsil edirlər.

“G8” kateqoriyalı turnirdə qızıl medal qazanan taekvandoçunun reytinqinə 80 xal əlavə olunacaq. İkinci yerin sahibi 48, bürünc mükafatçı 28,8 xal qazanacaq.

Yarışın qaydalarına əsasən, birinci, ikinci və üçüncü yerin sahiblərinə müvafiq olaraq 6 min, 3 min və min ABŞ dolları məbləğində pul mükafatı nəzərdə tutulub.

Etikxeber.az

Read Previous

İki ev, bir maşın yandı,köməksiz vəziyyətdə qalan iki şəxs isə xilas edildi

Read Next

Qızıl 10 dollardan çox ucuzlaşdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir