Tahir Rzayev Əliyevlə Elçibəyin müdafiəsinə qalxdı, Leyla Yunusu “topa” tutdu: “SƏRSƏMLƏYİR, SAYIQLAYIR, YENİ “TAPŞIRIQ”LARI İCRA EDİR”

TAHİR RZAYEV: Bu, bir faktdır və reallıqdır ki, Heydər Əliyevin fəaliyyəti dövründə respublikada ən yüksək vəzifələrdə qarabağlılar da, şirvanlılar da, şəkililər də, digər xalqların nümayəndələri,  milli azlıqların nümayəndələri də olublar, çalışıblar və Heydər Əliyevin ən yaxın silahdaşlarına çevriliblər…

Etikxeber.az-ın suallarını YAP-dan olan tanınmış millət vəkili, şair Tahir Rzayev cavablandırır:

“Heydər Əliyev Moskvaya gedəndə, o vaxt Sovetlər İttifaqında ən yüksək vəzifələrdən birini tutanda onu hansı qohumları orada müdafiə elədi? Onu hansı tayfa müdafiə elədi? Hansı tayfa ona dəstək oldu?”

-Tahir müəllim, yəqin ki, xəbəriniz var, neçə gündür sosial şəbəkələrdə hazırda xaricdə yaşayan Leyla Yunusun mərhum Heydər Əliyev və Əbülfəz Elçibəy, o cümlədən, ermənistanlılar (Qərbi azərbaycanlılar), naxçıvanlılar, tayfabazlıq, yerlibazlıq siyasəti haqqında dedikləri geniş müzakirə mövzusu olmqadadır.

O, Heydər Əliyevin 50 il öncə hakimiyyətə gəlişi ilə Azərbaycanda tayfabazlıq, yerlibazlıq, qohumbazlıq siyasətinin yeridilməyə başlandığını və bu siyasətin bu gün də davam etdirildiyini iddia edir. Siz bu iddialar haqqında nə düşünürsünüz?

-Əvvəla, Heydər Əliyev haqqında Leyla Yunusun “təhlili”, söylədiyi sözlər, qarayaxmalar qəbul edilən deyil. Çünki Leyla Yunusun özünün nəsli, nəcabəti, keçmişi, tutduğu mövqe, fəaliyyət ziddiyyətlidir, qaranlıqdır və onun kimlərə xidmət etdiyi, hardan bəhrələndiyi və rişələndiyi bizim hər birimizə yaxşı məlumdur. Ancaq Heydər Əliyevi nəinki Azərbaycan, bütün dünya tanıyır. Bütün dünya bu böyük şəxsiyyətə hörmət və ehtiramını ifadə edir, onun fəaliyyəti, əməlləri ilə yaxşı tanışdır. Ona görə Heydər Əliyev haqqında belə cılız, düşmən mövqeyində olan adamın və adamların danışması gülüşə, istehzaya  səbəb olur və onlara bir daha nifrət doğurur. Çünki Heydər Əliyevi Azərbaycan xalqı öz əməllərinə, xalqa, vətənə məhəbbətinə görə sevir. Onun ruhu qarşısında daim baş əyir, onu yad edir.

Əgər 1969-cu ilin iyulun 14-də Heydər Əliyev  birinci  dəfə Azərbaycana hakimiyyətə gəlməsəydi,  Azərbaycan bu qədər  tanınmazdı, Azərbaycan bu qədər yüksəlməzdi və Azərbaycan xalqına bu dərəcədə şərəf gətirməzdi. İkinci dəfə, o ağır, məşəqqətli və məsuliyyətli bir dövrdə-1993-cü ilin iyununda Heydər Əliyev  yenidən vəzifəyə, hakimiyyətə gəlməsəydi, biz bu günümüzdən, azadlığımızdan, müstəqilliyimizdən heç cür danışa bilməzdik. Hər iki halda Heydər Əliyev Azərbaycana yeni nəfəs, yeni ruh, yeni mədəniyyət, yeni mənəviyyat, yeni inkişaf, yeni iqtisadiyyat bəxş edən bir insandır. O, tarix yaradan və tarix yazan bir insandır, uca şəxsiyyətdir, zirvədir. Özü də nəinki tarix yazdı, o gəlişi ilə hər iki dəfə bir tarix yaratdı. Azərbaycanı çıxılmaz vəziyyətlərdən, ağır iqtisadiyyatdan, vətəndaş qarşıdurmasından, böhrandan və ciddi kataklizmlərdən qurtardı.

Ona görə Leyla Yunus boş-boş, ağlına və ağzına gələni danışır və elə bilirəm heç bir insan,  xüsusilə, Heydər Əliyevin əməlləri ilə tanış olan heç bir şəxs onun dediklərini qəbul etməz və qəbul da olunan deyil. Çünki Leyla Yunus həmişə, hər zaman Azərbaycan xalqını aşağılayır, Azərbaycan xalqını bir geridə qalmış xalq, millət kimi qələmə verməyə çalışır. O, həmişə istəyib ki, ziddiyyətlər olsun, qarşıdurmalar olsun, anarxiya olsun, özbaşınalıq olsun və bundan bəhrələnsin. O, bunun tərəfdarıdır. Onun hansı fəaliyyəti var? O, Azərbaycan xalqı üçün nə edib? O, çətin anlarda hansı mövqedə olub? Bunu hamımız bilirik. Ancaq Heydər Əliyev, dediyim kimi, ən çətin anda Azərbaycan xalqının yanında olub. Ən çətin anda Azərbaycan xalqı ona ümid yeri, pənah yeri kimi baxıb və doğru da edib.

Mən Heydər Əliyevlə Leyla Yunusu heç vaxt müqayisə eləməzdim. Çünki Heydər Əliyev elə bir günəşdir, elə bir aydır, elə bir zirvədir ki, leyla yunuslar onun yanında heç bir şeydir. Müqayisəyəgəlməz insanlardır, ancaq Leyla Yunus elə fikirlər söylədiyinə görə mən müəyyən məsələləri müqayisə etməli oldum. O, Heydər Əliyevi tayfabazlıqda günahlandırır və uzun müddətlik fəaliyyəti dövründə Heydər Əliyevin guya öz adamlarını, guya qohum-əqrabasını vəzifəyə gətirdiyini, onlara dəstək verdiyini söyləyir. Ancaq, bu, bir faktdır və reallıqdır ki, Heydər Əliyevin fəaliyyəti dövründə respublikada ən yüksək vəzifələrdə qarabağlılar da, şirvanlılar da, şəkililər də, digər xalqların nümayəndələri,  milli azlıqların nümayəndələri də olublar, çalışıblar və Heydər Əliyevin ən yaxın silahdaşlarına çevriliblər.

Xırdalığa varmaq istəməzdim, ancaq məcburam, məgər Qurban Xəlilov, Həsən Seyidov, Həsən Həsənov, Süleyman Tatlıyev, Ziya Yusifzadə, Əliş Ləmbəranski, Lidiya Rəsulova və digərləri Naxçıvandan və ya Qərbi Azərbaycandan (Ermənistandan) idilər? Yaxud da, Heydər Əliyevin ikinci hakimiyyətində bir çox mühüm və məsul vəzifələrdə çalışanlar həmin bölgələrdən idi? Bu, nə təfəkkürdür, bu, nə düşüncədir?! Yaxşı, tutaq ki, Heydər Əliyev Azərbaycanda qohumbazlıq elədi, tayfabazlıq elədi, bəs Heydər Əliyev Moskvaya gedəndə, o vaxt Sovetlər İttifaqında ən yüksək vəzifələrdən birini tutanda onu hansı qohumları orada müdafiə elədi? Onu hansı tayfa müdafiə elədi? Hansı tayfa ona dəstək oldu?

Əgər Heydər Əliyevin böyük siyasi dünyagörüşü, böyük müdrikliyi, böyük insanpərvərliyi, zəhmətkeş, zəhmətsevərliyi olmasaydı, o, Sovetlər İttifaqında tutduğu elə böyük vəzifədə o tapşırıqları yerinə yetirə bilməzdi. Çünki Nazirlər Sovetinin sədrinin birinci müavini kimi Heydər Əliyevə ən məsul vəzifələr tapşırılmışdı, ən mühüm sahələr tapşırılmışdı və o çalışdığı dövrdə həmin vəzifələri çox böyük bacarıqla, çox böyük qətiyyətlə yerinə yetirdi və o vaxt  Sovetlər İttifaqının bütün zəhmətkeşlərinin hörmətini və rəğbətini qazandı. Yaxşı, bu, hansı tayfabazlıq idi? Məgər Moskvada Heydər Əliyevin tayfası var idimi, ya onun qohumları var idimi? Bilirsiniz, insan danışanda düşünməlidir, götür-qoy etməlidir, keçmişinə baxmalıdır.

Keçmişi ancaq keçmişi olmayanlar unuda bilərlər. Yaxşıları ancaq yaxşı olmayanlar unuda bilərlər. Mərdləri, vətənpərvərləri ancaq vətənini sevməyən, bu xalqa xain mövqedə olanlar unuda bilərlər. Bu gün Leyla Yunusun danışdıqları bir cəfəngiyyatdır, sərsəmləmədir, sayıqlamadır və insanda bir ikrah hissi doğurur. İkrah hissi doğurur ki, Heydər Əliyev kimi böyük bir şəxsiyyəti bu qədər aşağılamaq fikrində olasan, onun əməllərinə bu qədər kölgə salmış kimi olasan.

Görünür, “əmiləri”ndən, “dayıları”ndan, ərinin qohumlarından yeni əmr, göstəriş, tapşırıq alıb, onu yerinə yetirir, yeni pullar “dövriyyə”dədir… Amma həyat və siyasət bumeranqdır, bir gün yenə ən böyük zərbəsi leyla yunusların özünə dəyəcək. Bunu unutmasınlar.

elcibey-heyder

elçibey və əliyev

HEYDAR-2

HEYDAR-3

HEYDAR-4

HEYDAR-5

heyder eliyev zerife 12141

tahir_rzayev_C00134

“Elçibəy aqressiv insan deyildi. Elçibəy humanist insan idi. Öz xalqı üçün, öz vətəni üçün, öz torpağı üçün yanan bir insan idi…”

-Yeri gəlmişkən, Leyla Yunus hakimiyyətində (həm özü, həm əri, həm də qayını) təmsil olunduğu mərhum Əbülfəz Elçibəyi də ittiham edərək, onu Heydər Əliyevin adamı, agent adlandırıb…

– Allah Elçibəyin ruhunu şad eləsin! Elçibəy uzaqgörən siyasətçi deyildi. Elçibəy yüksək təşkilatçılıq bacarığına malik olan insan deyildi, ancaq Elçibəy vətənpərvər, sadə, mehriban, tamahsız, qarşıdurmadan uzaq bir insan idi. Rəhmətlik Elçibəy o dövrdə Azərbaycan xalqı üçün lazım idi. Milli- azadlıq hərəkatı üçün lazım idi. Elçibəyə o dövrdə xalq etimad göstərdi, o, prezident seçildi və prezident seçiləndən sonra vəzifənin ağırlığını, məsuliyyətini, çətinliyini hərtərəfli anladı, bildi. Və bildi ki, bu vəzifə onun üçün deyil, bu vəzifəni o yerinə yetirə bilməz, bu vəzifədə uğurlar qazana bilməz. Çünki onun tutduğu vəzifə çox ağır vəzifə idi, həddindən artıq  ağır vəzifə idi. Ona görə mərhum Elçibəy Heydər Əliyevin  Bakıya gəlməsinə, respublikada müəyyən vəzifə tutmasına razılıq verdi.

Mə elə bilirəm ki, bu, Elçibəyin ən böyük xidmətidir xalqı, dövləti qarşısında. Çünki o vaxt Elçibəy bu fikirdə olmasaydı, bu qənaətə gəlməsəydi, öz yerini hansısa milli- azadlıq hərəkatında olan insanların birinə versəydi, Azərbaycan daha böyük fəlakətlərə, daha böyük uğursuzluqlara düçar ola bilərdi. Elçibəy ö dövrdə müdriklik göstərdi. Müdriklik göstərdi və xalqın tələbilə, xalqın səsini eşidərək Heydər Əliyevi Bakıya dəvət elədi və onun hər hansı bir postda işləməsinin tərəfdarı oldu. Bu, böyük bir xidmət idi və elə bilirəm ki, biz bu xidməti dəstəkləməliyik. Çünki Elçibəy aqressiv insan deyildi. Elçibəy humanist insan idi. Öz xalqı üçün, öz vətəni üçün, öz torpağı üçün yanan bir insan idi və o, Heydər Əliyevi yaxşı tanıyırdı.

Çünki vaxtilə Heydər Əliyev Elçibəyi çox ağır bəlalardan, az qala “Sibir sürgünü”ndən qurtarmışdı və həmişə Elçibəyə milli- azadlıq hərəkatının bir lideri kimi qiymət vermişdi, onun arzularını, istəklərini dəstəkləmişdi. Çünki o arzular, istəklər xalq üçün idi və onların vətənpərvərliyində, xalqa münasibətində, sadəliyində, mehribanlığında olan bir çox cəhətlər üst-üstə düşürdü. Ona görə bu gün Leyla Yunusun Elçibəyi də satqın, agent adlandırması, Heydər Əliyevin tayfasından olmasını deməsi, yenə deyirəm, düşmənçilikdir. Bu, milli- azadlıq hərəkatının liderini gözdən salmaqdır. Azərbaycan xalqının müdrik insanlarına və digərlərinə qarayaxmaqdır. Ona görə belə şeylərə fikir vermək, belə şeyləri təhlil etmək, belə məsələlərdə müəyyən təfərrüatlara varmaq elə bilirəm ki, lazım deyil. Çünki xalq, vətən, tarix hər bir insanın qiymətini verir.

Əgər insan öz sağlığında öz qiymətini, öz dəyərini alırsa, dünyadan köçəndən sonra da bu xidmətlər unudulmur. Əlbəttə ki, Heydər Əliyevin xidmətləri heç vaxt, heç zaman unudulan deyil. Nə qədər Azərbaycan xalqı var, nə qədər Azərbaycan tarixi var, nə qədər biz varıq, Heydər Əliyevin ideyaları ilə yaşayan insanlar var,  bir o qədər Heydər Əliyev bizim üçün uludur, zirvədədir, ucadır və daim yaşayacaq. Onun ideyaları onun silahdaşları tərəfindən uğurla həyata keçiriləcək. Leyla yunuslar isə tarixin zibilliyinə atılacaqlar, necə ki, çoxdan atılıblar.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az 

Read Previous

Şirvanda toy məclisində kütləvi zəhərlənmə – YENİLƏNİB – (1)

Read Next

“Qəbələ” Yuniçlə anlaşdı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir