“Tam üzən məzənnəyə keçid zamanı manat daha da uzuclaşacaq” – EKSPERT

“Tam üzən məzənnəyə keçid zamanı manat  daha da uzuclaşacaq. Manat dollara nisbətdə 2,2-2,5 manatadək  qaxacaq”.
Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə,  Azərbaycan hökuməti tam üzən məzənnəyə keçidlə bağlı prosesdə ən azı iki il gecikib.
“Mərkəzi Bank tam üzən məzənnəyə keçsəydi, maliyyə bazarlarında baş verə biləcək hər hansı mənfi tendensiyaların qarşısını alamq üçün yetərincə maliyyə  rıçaqlarına malik idi. Yəni,  iki il öncə Mərkəzi Bankın valyuta ehtiyatı  16 mlrd dollar civarında idi. Amma  indi bu ehtiyat 4 mlrd dollar həcmindədir. Mərkəzi Bank iki ilə valyuta ehtiyatının 75 faizini itirib. Mərkəzi Bank  keçən müddətdə bazarda manat kütləsini azaltmaqla, real sektora qoyulan investisiyanı azaltmış oldu. Bu da nəticədə iş yerlərinin bağlanmasına gətirib çıxardı. Məhz Mərkəzi Bankın bu siyasəti  manatın möhkəmlənməsinə deyil, əksin, dolların bahalaşmasına gətirib çıxardı”– deyə, V. Bayramov vurğulayıb.
Ekspert  bildirib ki,  Mərkəzi Bankın bu müddət ərzində həyata keçridiyi pul-kredit siyasəti manatın bazarda real qiymətinin tapmamasına, daha da ucuzlaşmasına və real sektorun inkişafının qarşısını almağa gətirib çıxardı:
“Odur ki, Mərkəzi Bank tam üzən məzənnəyə keçdilə bağlı məsələdə gecikib”.
Hökumətin  gec də olsa, tam üzən məzənnəyə keçməsinin səbəbini açıqlayan  V. Bayramov  deyib ki, əgər hökumət tam üzən məzənnəyə keçməsə, real sektora sərmayə cəlb etmək mümkün olmayacaq:
“Real sektora sərmayə cəlb etmədən də, bu sektorun inkişafı çətin olacaq. Çünki real sektorda çalışanlar manatın bazardakı real məzənnəsini tələb edirlər. Bu baxımdan da,  tam üzən məzənnəyə keçid ağrısız olmayacaq və bu proses asan keçməyəcək”.
V. Bayramov əlavə edib ki, Rusiya və Qazaxstanda olduğu kimi, Azərbaycan iki il öncə tam üzən məzənnəyə keçsəydi, bu proses elə də ağrılı olmayacaqdı:
“Çünki o zaman Mərkəzi Bankın yetərincə ehtiyatı var idi. Amma indi bu addım manatın daha da ucuzlaşdırlmasına gətirib çıxaracaq.  Aparılan qiymətləndirmələr gösətərir ki, növbəti ildə manatın dollara nisbəti 2,2-2,5 manatadək dəyişə bilər”.
Bununla belə ekspert hesab edir ki, gec də olsa, tam üzən məzənnəyə keçid labüddür və bu addım atılmalıdır.
“Ancaq hökumət tam üzən məzənnəyə keçidlə bağlı  kompleks tərdbirlər planını həyata keçirməlidir. Əgər kompleks tədbirlər planı həyata keçirilməsə, liberal məzənnəyə keçid mənfi təsirlərlə müşahidə olunacaq. Ona görə də elə etmək lazımdır ki, vətəndaş bundan əziyyət çəkməsin”- deyə, o,  vurğulayıb.
Vətəndaşın və real sektorun  liberal məzənnəyə keçdiddən əziyyət çəkməməsi üçün ekspert hökumətə bir sıra təkliflərini də verib.
O, bildirib ki,  ilk olaraq dollarla olan kreditlərlə bağlı kompensasiya verilməlidir:
“Maliyyə Nazirliyi və Mərkəzi Bank pul kütləsinin az olmasına baxmayaraq, dollarla olan kreditlərə kompensasiya verməlidir. Düzdür, bununla bağlı hələ 2015-ci ildə hökumətə təklif verdik, ancaq nəzərə almadılar. Əgər bu, olmayacaqsa, tam üzən məzənnəyə keçdiddə  manata daha da ucuzlaşacaq və bu zaman dollarla kreditinin qaytarılmasında  daha ciddi problemlər ortaya çıxacaq. O baxımdan, hökumət bunu nəzərə almalı və kompensasiya verməlidir.
İkincisi, hökumət  qiymət artımının qarşısını almaq üçün idxalatla məşğul olan şirkətlərə subsidiya verməlidir. Onlar da bu subsidiya  ilə dolların bahalaşacağı təqdirdə, idxal olunan malların qiymətinin artırılmasına imkan verməməlidirlər. Digər məqam isə ondan ibarətdir ki,  hökumət paralel olaraq yerli istehsalı sürətlə inkişaf etdirməlidir. Yerli istehsalı sürətləndirməklə qısa zamandan sonra idxalatın subsidiyalaşmasını dayandırmaq olar. Hökumət bu təklifləri nəzərə alarsa, liberal məzənnəyə keçid elə də ağrılı olmayacaq. Əks təqdirdə, tam üzən məzənnəyə keçid   təkcə vətəndaşın sosial həyatına deyil, eyni zamanda,  real sektorun inkişafına da öz mənfi təsir göstərəcək”.
 Ekspert sonda onu da bildirib ki, liberal məzənnə siyasətində və Azərbaycanın postneft dövründə pul-kredit siyasəti önəmlidir:
“Mərkəzi Bankın  bu iki ilədə sərt pul-kredit siyasəti real sektora investisiyanın cəlb olunmasına  ciddi maneçilik yaratdı və ona görə də bu siyasətin dəyişdirilməsinə ehtiyac var. Postneft dövründə  sərt pul-kredit siyasətinin yürüdülməsi yolverilməz haldır. Əgər hökumət bundan sonra da sərt pul-kredit siyasətini davam etdirməklə tam üzən məzənnəyə keçəcəksə,  biz bunun  yaxşı olmayan nəticələrini müşahidə etməklə yanaşı, daha çox iş yerlərinin bağlanmasının  şahidi olacağıq”. 
M. B
Etikxeber.az

Read Previous

Bazar günü hava necə olacaq?

Read Next

Minimum əməkhaqqı orta əməkhaqqı səviyyəsinin 60%-nə çatdırılacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir