Tanınmış jurnalist: “Yüzlərlə şairi və şairəni şeir yazmaqdan çəkindirmişəm, nə onları yazmağa qoymuşam, nə də özüm yazmışam…”

“Kitabını göndərib, hər iki – üç saatdan bir zəng vurub soruşur ki, oxudun? Orasını – burasını vərəqləyib bildirdim ki, oxudum. İndi düşüb üstümə ki, nə olar, bir şey yaz da kitabım haqqında. Dedim, yazmağına yazaram, amma yazsam, gərək bir də əlinə qələm almayasan. Dedi yaxşı, onda söz ver ki, hökmən kitabımın təqdimatına gələcəksən. Xüsusi vurğuladı ki, təqdimatdan sonra yaxşı yemək – içmək də olacaq…Dedim olarmı ki, təqdimata gəlməyim, elə birbaşa tədbirin yemək – içmək hissəsinə gəlim? Dedi, onda sağlığını elə orada söyləyərsən…”

Etikxeber.az xəbər verir ki, bunu tanınmış jurnalist Məzahir Süleymanzadə öz “Facebook” statusunda yazıb. Ad çəkməsə də, yazıb ki, həmin şəxsi çoxdan tanıyır.  Hətta, iyirmi il əvvəl yanına gəlibmiş ki, Azərbaycan Yazıçılar Birliyinə üzv olmaq istəyir, ona zəmanət versin.

“Nə vermədim, nə də verə bilməzdim, çünki heç özüm Yazıçılar Birliyinin üzvü deyildim. İndi bir kitabxanalıq kitabı çıxıb. Deyəsən, hələ pulu da qurtarmayıb, çünki hələ də yazır. Burada bir əhvalat yadıma düşdü…
Unudulmaz Zəlimxan Yaqubla hər gün metronun “Neftçilər” stansiyasında görüşər, “Sahil” stansiyasınadək yol yoldaşı olardıq. Sonra mən “Kommunist” qəzeti redaksiyasına, o isə Aşıqlar Birliyinə gedərdi. Bir gün dedim ki, Zəlimxan, sən bilirsən ki, mənim Azərbaycan ədəbiyyatı qarşısında böyük xidmətlərim var? Dedi bilirəm, qağa, yazılarını çoxdan izləyirəm.

Dedim yox ey, bu xidmət yazdığıma görə yox, yazmadığıma görədir.  Yüzlərlə şairi və şairəni şeir yazmaqdan çəkindirmişəm. Nə onları yazmağa qoymuşam, nə də özüm yazmışam…Güldü, dedi doğru deyirsən, ədəbiyyat qarşısında bundan böyük xidmət ola bilməz, amma sən onlara baxma, özün arada bir yaz…“-deyə, o, daha sonra yazıb.

Etikxeber.az

Read Previous

Oğan da od “püskürdü”: “Ülkücü Turançı olur, amma FETÖ-çü olmaz””

Read Next

Cüdoçumuz Bayram Mustafayev XV Yay Paralimpiya Oyunlarında Azərbaycana ilk medal qazandırdı-YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir