“Tarixi müraciətlər…Dastan yazan Azərbaycan Əsgəri…Biz birlikdə güclü və birlikdə xilas olacağıq!”-ZİYAD SƏMƏDZADƏ YAZDI – (ÜÇÜNCÜ HİSSƏ)

Prezident İlham Əliyevin qələbələr marafonu

(Üçüncü hissə)

***

Tarixi müraciətlər…

Ali Baş Komandanın 27 sentyabr tarixindəki Azərbaycan xalqına tarixi müraciətdən heç saniyələr, dəiqəqələr keçməmiş Azərbaycan vətəndaşları, igid, mərd Azərbaycan oğulları səfərbərlik qurumlarına axışdılar, Vətənin keşiyində dayanmağa, Azərbaycan Əsgərinə dəstək olmağa hazır olduqlarını bildirdilər.

Bir andaca Azərbaycan xalqı səfərbər oldu, müsəlləh əsgərə çevrildi. Sentyabrın 28-də Ali Baş Komandanın Fərmanı nəticəsində ölkədə qismən səfərbərliyin elan olunması ilə atalar, analar öz övladlarını toy-bayramla, deyə-deyə, gülə-gülə, musiqi, şeir, cəngi sədaları altında Vətənin müdafiəsinə uğurladılar, yola saldılar.

 27 sentyabrı müraciət Azərbaycanın insanının bir daha inamını özünə qaytardı, öləzimiş olan imidlərini alovlandırdı, hər kəs müsəlləh əsgərə döndü. Xalq-dövlət, xalq-iqtidar vəhdəti, Xalq-İlham Əliyev birgəliyi bir daha və qətiyyətli şəkildə özünü bütün nümayiş etdirmiş oldu. Bütün dünya, bizi sevənlər də, sevməyənlər də bir daha Azərbaycan xalqının birliyini, bərabərliyini, həmrəyliyini, gücünü gördü.

 Müharibənin elə ilk saatlarından əldə edilən zəfərlər, 27-28 il ərzində işğal olunmuş kənd və qəsəbələrin, yüksəkliklərin bir-birinin ardınca işğaldan azad olunması Azərbaycan xalqının mübarizə ruhunu, Qələbə əzmini daha da artırdı, daha da yüksəltdi. Ölkə Prezidentinin öz rəsmi “Tvitter” hesabından tez-tez etdiyi Qələbə müjdəli paylaşımları, Cəbrayıl şəhərinin, Füzuli şəhərinin  Zəngilan şəhərinin, Qubadlı şəhərinin, o cümlədən, Qarabağın gözü, dilbər guşəsi olan qədim Qalamızın, Şuşamızın işğaldan azad olunması ilə bağlı tarixi müraciətləri İkinci Vətən Müharibəsinin Qələbə və Qalibiyyətlə başa çatdırılmasında, 32 illik qanlı Qarabağ münaqişəsinə son qoyulmasında öz birmənalı və tarixi rolunu oynadı.

 Xüsisilə də, dövlət başçısının sadə, bəzək-düzəksiz, rəsmiyyətdən uzaq, el dilində danışması, xitab etməsi insanların qəlbindəki, ruhundakı inamı, sevgini birə-beş artırdı, məşhur “düşməni itiqovan kimi qovuruq, qovmuşuq və qovacağıq” kəlamı bir andaca el məsəlinə, zərb-məsələ,  dillər əzbərinə, Qələbə, Zəfər şüarına çevrildi.

 Dövlət, dövlət başçısı, Azərbaycan Ordusu Azərbaycan xalqından güc aldı, Azərbaycan xalqı isə öz Liderindən, öz Dövlətindən, öz Ordusundan güc aldı. Bu bu birlik, bu bərabərlik, bu vəhdət, bu “Dəmit yumruq” sonda tam və qəti Qələbə, Zəfərlə nəticələndi.

 Noyabrın 8-də Şuşanın 28 il 6 aylıq işğalına, noyabrın 9-da isə daha 72 kəndin, xüsusilə, yaralı Xocalının bir neçə kəndinin və 8 strateji yüksəkliyin işğalına son qoyulması ilə düşmənin beli qırıldı, o, məhvə məhkum edildi.

 Şuşanın alınması, işğaldan azad olunması ilə bağlı Şəhidlər Xiyanbanında ölkə Prezidentini xalqa tarixi müraciəti tarixi Qələbənin çox yaxında olduğunun anonsu oldu. Ölkə Prezidenti müraciətində dedi:

 “Bizim zəfər yürüşümüz davam edir. Hələ də işğal altında torpaqlar var, hələ də döyüşlər gedir. Əgər Ermənistan rəhbərliyi mənim tələblərimə cavab verməsə, sona qədər gedəcəyik. Heç kim bizi dayandıra bilməz. Dünyada elə qüvvə yoxdur ki, bizi dayandıra bilsin. Ermənistan artıq öz acı məğlubiyyətini etiraf edib, özünü alçalda-alçalda, xalqını təhqir edə-edə. Ermənistan rəhbərliyi indi dünya ölkələrindən yardım istəyir, hərbi yardım istəyir, silah, texnika istəyir. Bəs, hanı sənin yenilməz ordun? Məhv etmişik onu. Onların bütün sözləri, onların bütün bəyanatları mif idi, yalan idi. Yenilməz ordu Azərbaycan Ordusudur! Bunu döyüş meydanında göstərir, düşməni torpaqlardan təkbaşına qovur”.

 Bəli, Azərbaycan xalqı, Azərbaycan Ordusu Zəfər yürüşünü davam etdirdi və noyabrın 10-da, gecə saatlarında öz tarixi Qələbəsini əldə etdi. Azərbaycan və Rusiya prezidentlərinin, eləcə də, işğalçı Ermənistanın baş nazirinin birgə bəyanatı ilə münaqişəyə son qoyuldu. Ermənistan məğlub və təslim edildi.

 Həmçinin, həmin bəyanatla, cəmi 21 gün ərzində bir güllə atılmadan və bir Şəhid verilmədən Ağdam, Kəlbəcər və Laçın rayonları işğaldan azad edildi, öz sahibinə, Azərbaycanına qovuşdu. Hər üç rayonun işğaldan azad olduqları günlərdə Ali Baş Komandan bir daha Azərbaycan xalqına müraciət etdi. Ölkəmiz üçün yeni dövr, quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü başlayır.

 “Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik”-deyə, bəyan edən Ali Baş Komandan bir daha qətiyyətli şəkildə bildirdi ki, artıq istədiyimizə nail olmuşuq və bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir.

 Bəli, bizi artıq digər səngələrdə növbəti və böyük Qələbələr, Zəfərlər gözləyir. Bu Zəfərlərə və Qələbələrə də 44 günün memarı və banisi Ali Baş Komandanın başçılığı və rəhbərliyi ilə birgə gedəcəyik, onunla bir addımlayacağıq.

 Zəfərlər, Qələbələr Liderimizlə birlikdə bizimlə, bizlərlə olacaq!

 44 günlük Zəfərin bayraqdarı, Dastan yazanı – Azərbaycan Ordusu, Azərbaycan Əsgəri

 Bəli, sentyabrın 27-də başlayıb, noyabrın 10-da, gecə saatlarında müvəffəqiyyətlə, Zəfərlə başa çatan “Dəmir Yumruq” adlı 44 günlük tarixi İkinci Qarabağ Savaşının, İkinci Vətən Müharibəsinin əsas qəhrəman, əsas Dastan yazanları məhz Müzəffər Ali Baş Komandanın əsgərləri, Şanlı və Rəşadətli Azərbaycan Ordusudur.

O ordu ki, 27-28 il öncə demək olar ki, yox idi, olanı da pərakəndə, dağınıq, xaotik idi. Bir-birini qəbul etməyən, heç kimə tabe olmayaq istəməyən silahlı dəstələr, könüllülər batalyonlarından ibarət idi Azərbaycan Ordusu. Ancaq bu, uzun müddət davam edə bilməzdi, buna dözmək olmazdı və necə ki, olmadı, dözülmədi.

Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı, o ağır günlərdə Tarixi Xilaskarlıq missiyasına başlaması bütün sahələrdə, o cümlədən və ilk növbədə Orduda nizam-intizamsızlığa son qoyulmağa başlandı. Silahlı dəstələr, könüllülər bir mərkəzdə, vahid komandanlıqda birləşdirildi, dəmir nizam-intizam yaradıldı.

Ümummilli Liderin və onun layiqli davamçısı İlham Əliyevin 17 illik hakimiyyəti dönəmində Azərbaycan Ordusunun gücünün, qüdrətinin, döyüş qabiliyyətinin və əzminin, vətənpərvərlik ruhunun qaldırılması, onun ən müasir silahlarla, hərbi texnikalarla təchiz olunmasında fantastik addımlar atıldı. Hərbçilərimiz və ya hərb sənətinin bütün incəlikləri ilə tanış olmaq, əxz etmək istəyən gənclərimizin xarici ölkələrdə, xüsusilə, qardaş və Türkiyənin yüksək, peşəkar ali hərb məktəblərində təcrübə keçmələrinə, təhsil almalarına hər cür şərait və imkanlar yaradıldı.

 Bəli, ardıcıl, sistemli tədbirlər, çəkilən uzun zəhmətlər öz səmərəsini və öz bəhrəsini  verməyə başladı. Elə bunun nəticəsi idi ki, Azərbaycan Ordusu 2016-cı ilin 4 günlük  Aprel döyüşlərində, 2018-ci ilin Cünnüt əməliyyatında öz sözünü deyə, Azərbaycanın gücünü, döyüş əzmini bütün dünyaya nümayiş etdirə bildi.

Bütün dünya bir daha Azərbaycan qüdrətinə, yenilməzliyinə, onun Ordusunun döyüş qabiliyyəti və əzminə şahidlik etdi. Heç təsadüfi deyil ki, məhz Aprel döyüşlərinin nəticəsi olaraq, Ermənistanda xaos yarandı, qanlı cinayətkar xuntanın, Xocalı qatillərindən olan Serj Sarkisyanın hakimiyyət ömrünə son qoyuldu. Təəssüflər olsun ki, düşmən, onun başsız başbilənləri, yeni hakimiyyətə gələnlər də, “Soros uşaqları” da bundan bir nəticə çıxarmadı, dərs, ibrət götürmədi. Keçmişdəkilərin, qanlı cinayərkarların-Koçaryanların, Sarkisyanların, Ohanyanların, digər yanların  səhvlərini, xətalarını, cinayətlərini təkrarladılar.

 “Dəmir Yumruq”la düşmənin başına elə bir zərbə vuruldu ki, çətin ki, bir də onun zərbəsindən, təsirindən ayıla bilsinlər…

 Bəli, düşmən-düşməndir, ona  heç zaman güvən olmaz və yoxdur, yenə də təxribatlarından əl çəkməyəcək, necə ki, yenə də əl çəkmirlər…

 Amma cavablarını da alırlar və alacaqlar, “Dəmir Yumruq” “Domokl qılıncı” kimi, heç zaman onların başının üstündən əskik olmayacaq.

 Azərbaycan Ordusu, Azərbaycan Əsgəri öz sözünü deyib, dedi, deyir və bundan sonra da deyəcək!

“Dünyanı lərzəyə salan koronavirus bəlası, “gizli düşmən”lə mübarizə, dövlətin bir daha öz vətəndaşının yanında olması, növbəti Azərbaycan modeli və “Biz birlikdə xilas olacağıq!”

 Başa çatmaqda olan 2020-ci ilin ilk günlərindən, yanvar, fevral aylarından dünya, bəşəriyyət daha bir amansız sınaqla, imtahanla üzləşdi.  Koronavirus adlı pandemiya bütün dünyanın, bəşəriyyətin, insanlığın bəlasına çevrildi.

  “Gizli düşmən”  adlandırılan bu bəla, bu xəstəlik elə bir ölkə, elə bir xalq, elə bir insan, ailə qalmadı ki, “üzlü və çağırılmamış qonaq” kimi onun qapısını döyməmiş olsun. Hər kəs az və ya çox dərəcədə bu bəladan öz nəsibini aldı.

 Xüsusilə, Avropanın, Qərbin ən qabaqcıl, ən inkişaf etmiş ölkələri, güclü səhiyyə və sosial müdafiə sisteminə malik olan dövlətləri bu amansız və qəddar “düşmən” qarşısında aciz qaldı, sanki diz çökdü, iqtisadiyyatlar məhv oldu, insanlıq dramları yaşandı. İtaliyada, İspaniyada, Fransada, Almaniyada, ABŞ-da, Braziliyada, Hindistanda, İranda yaşananlar bu bəlanın nə qədər qorxunc və təhlükəli olduğunu bir daha gözlər önünə sərdi.

 Çox təəssüflər olsun ki, koronavirus bəlası bütün cəhdlərə və səylərə rəğmən bizim ölkəmizə də gəlib çıxdı, bizim də “qapımızı” döyüdü, onun qarşısını almaq, dayandırmaq müşkülə çevrildi. Fevral ayının sonları, mart ayının əvvəllərindən ölkəmizə “ayaq açan” bu bəla ilə əsl mübarizəyə, müharibəyə başlanıldı.

 Ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli addımları və səyləri ilə koronavirus pandemiyasının yaxın və qonşu, eləcə də, Qərb ölkələrində yaşanan fəsadlarının təkrarlanmaması üçün bütün zəruri işlər görüldü. Mart ayının əvvəllərindən başlayaraq, ölkədə əvvəlcə xüsusi, sonra, martın ortalarından sərt karantin rejiminə keçildi. Koronavirusla sistemli mübarizə üçün Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı, Nazirlər Kabineti Yanında Operativ Qərargah təşkil edildi,  ölkə Prezidenti və onun ən yaxın, ən sadiq silahdaşı, Birinci vitse-prezident Mehriban Əliyeva bir illik məvaciblərini iyanə olaraq, Fonda köçürdü və bununla hər bir kəsə örnək, nümunə oldular.

 Eyni zamanda, ilkin olaraq, Fonda 100 milyon manat vəsaitin köçürülməsi, bunun ardınca Bakı şəhərində və digər bölgələrdə modul tipli xəstəxanaların  tikilməsi ilə bağlı dövlət büdcəsindən vəsaitlər ayrıldı.

 Həmçinin, işsiz olan, iş yerlərini itirmək məcburiyyətində qalan, sosial müdafiəyə ehtiyacı insanların sosial müdafiəsinin gücləndirilməsi üçün 600 mindən çox insana 190 manat həcmində birdəfəlik ödəmələrin həyata keçirilməsinə, 15 mindən çox ödənişli təhsil alan tələbənin yaz və payız semestrlərindəki təhsil haqlarının ləğvinə start verildi.

 Bu istiqamətdə bir neçə dəfə sosial paketlər ortaya qoyuldu, bütövlükdə 5 milyonu əhatə edən bu sosial dəstək addımlarına döblət büdcəsindən 2,5 milyard dollar həcmində vəsait xərclənildi. Ölkə Prezidentinin və Birinci xanımın bir neçə dəfə koronavirusa qarşı mübarizə ilə bağlı  Azərbaycan xalqına müracilətləri oldu, müraciətlərdə insanlar tibbi maska və əlcəklərdən istifadə etməyə, sosial məsafəni gözləməyə, həmrəylik nümayiş etdirməyə çağırışlar edildi.

 Dalbadal Bakı şəhərində, bir sıra bölgələrimizdə-Gəncədə, Qobustanda, Şamaxıda, Qəbələdə, digər rayon və şəhərlərimizdə modul tipli xəstəxana və klinikaların açılışları gerçəkləşdirildi. Ən əsası hər bir açılışda iştirak edən ölkə Prezidenti və Birinci xanım qapal məkanlarda tibbi maskalardan istifadə etməklə, bir daha örnək və nümunə oldular. Bununla yanaşı, dövlət başısının birbaşa təşəbbüsləri ilə yeni fəaliyyətə başlamış 6-cı çağırış Milli Məclisin (MM) yaz və növbədənkər sessiyalarında bir sıra qanunvericilik aktlarına, Vergi, İnzibati Xətalar Məcəllərinə, Cinayət Məcəlləsinə, sığorta ilə bağlı qanunlara önəmli və vacib düzəlişlər, dəyişikliklər edildi, sahibkarlığın inkişaf etdirilməsi, sahibkarların dəstəklənməsi üçün bütün addımlara gedildi.

 Eyni zamanda, pandemiyaya qarşı mübarizədə Azərbaycan yeni model yaratdı, bir örnəyə, nümunəyə çevrildi. Həm sədrlik etdiyi Türk Zirvəsi ölkələrinin dövlət və hökumət başçılarının, həm də 3 illik sədrlik funksiyasını yerinə yetirdiyi Qoşulmama Hərəkatına daxil olan dövlətlərin, bəzi beynəlxalq qurumların, o cümlədən, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbərliyinin iştitakı ilə videokonfranslar formatında Zirvə toplantılarının kecirilməsinə, önəmli qərarların qəbul edilməsinə nail oldu.

 Xüsusilə, bir neçə beynəlxalq təşkilata, o cümlədən, ÜST-ə və onlarla ölkəyə (ümunən 30-dan çox dövlətə)  pandemiyaya qarşı mübarizə ilə  bağlı həm mənəvi, həm də maddi dəstək göstərildi.

 Bununla bir daha sübut olunmuş oldu ki, Azərbaycan sözdə deyil, əməldə əsl müttəfiq və tərəfdaşdır, rəhbərlik etdiyi qurumlara yalnız sözlərlə, bəyanatlarla deyil, konkret əməllərlə, addımlarla dəstək verir. Elə bunun nəticəsidir ki, düşmən ölkə olan Ermənistanın bütün cəhdlərinə, təxribatlarına rəğmən, Qoşulmama Hərəkatına üzv olan dövlətlər də daxil olmaqla, 150 ölkənin dəstəyini qazanan  ölkəmiz pandemiyaya qarşı mübarizə sahəsində BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılmasını təklifini, təşəbbüsünü reallaşdıra bildi. Bu istiqamətdə həm bu ilin sentyabr ayında, İkinci Vətən Müharibəsinə başlanılmazdan bir neçə gün öncə, eləcə də, bugünlərdə BMT Baş Assambleyasının sessiyası, iclasları baş tutdu.

 Biz birlikdə güclüyük. Biz birlikdə bacaracağıq. Biz İkinci Vətən Müharibəsini birlikdə gücümüzlə, həmrəyliyimizlə başa vurduğumuz, Qələbə nail olduğumuz kimi, “gizli düşmən”lə mübarizədə, savaşda da birliyimiz və həmrəyliyimiz nəticəsində Qələbə əldə edəcəyik, birlikdə bu bəladan xilas ola və qurtula biləcəyik.

 Birlikdə “gizli düşməni” də məhv edə, onun üzərində Qələbə qazana biləcəyik.  

Bəli, biz birlikdə güclüyük və birlikdə də xilas olacağıq!

(Davamı var)

Ziyad SƏMƏDZADƏ,

Milli Məclisin deputatı, akademik

Etikxeber.az

Read Previous

Daha iki Şəhid-ƏLİ ƏLƏSOVUN 85, RƏŞİD LƏTİFOVUN 94 GÜNDƏN SONRA ŞƏHİDLİYİ TƏSDİQLƏNDİ, ŞƏHİDLƏRİMİZ GORANBOY VƏ MASALLIDA DƏFN OLUNDULAR…

Read Next

Daha 1101 yeni yoluxma-DAHA 37 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir