Tarixi Naxçıvan, tarixi Şuşa səfəri və Qürur dolu anlar…-ELDƏNİZ SƏLİMOV YAZIR

Məlum olduğu kimi, Azərbaycanın iqtisadi-coğrafi rayonlaşdırılmasında Naxçıvan Muxtar Respublikasının ərazisi bütövlükdə ölkədaxili iqtisadi rayonlardan biri kimi qeyd olunub. Lakin o, özünün çoxşaxəli strukturu ilə seçilir.

Ümummilli liderimiz Heydər Əliyev Naxçıvana xüsusi diqqət və qayğı göstərirdi. Və indi tam cəsarətlə demək olar ki, əgər 1990–92-ci illərdə Ulu Öndər Heydər Əliyev Naxçıvanda olmasaydı, bu gün işğal olunmuş ərazilərimizin siyahısında muxtar respublika da olardı. Onun rəhbərliyi ilə Naxçıvanda naxçıvanlılar erməni işğalının qabağını ala bildilər.

Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas hissəsi ilə əlaqəni itirmişdi. Ermənilər Naxçıvanı blokadaya almışdılar. Üç tərəfdən Naxçıvan Ermənistanla əhatə olunur. Belə bir vəziyyətdə Naxçıvanı qorumaq, müdafiə etmək və düşməni yerinə oturtmaq Ulu Öndərin müstəsna xidmətlərindən biridir.

1993-cü ildə ölkəmiz demək olar ki, parçalanırdı, vətəndaş müharibəsi gedirdi və məhz Ulu Öndərin fəaliyyəti nəticəsində biz bu ağır sınaqdan üzüağ çıxa bildik. Məhz bugünkü Zəfərin təməli, bax, o vaxt qoyulmuşdur. Ölkə başçısı, prezident İlham Əliyevin imzaladığı müvafiq fərmanlarla müəyyən edilmiş sosial-iqtisadi inkişafın əsas istiqamətləri üzrə həyata keçirilən tədbirlər bu sahədə əldə edilən nailiyyətləri daha da möhkəmləndirib.

Digər tərəfdən, ölkə iqtisadiyyatının inkişafının müxtəlif istiqamətlərinin vahid dövlət proqramları çərçivəsində tənzimlənməsi, iqtisadi inkişafın sürətləndirilməsi, sosial-iqtisadi inkişafda mərkəzlə yanaşı, regionların da rolunun yüksəldilməsi, iqtisadiyyatın ayrı-ayrı sahələrinin və regionların kompleks inkişafının təmin edilməsi nəticəsində əhalinin rifah halının və həyat standartlarının təkmilləşdirilməsi istiqamətində mühüm nailiyyətlər əldə edilib.

Bu ümumi inkişaf fonunda Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı və sosial həyatı da özünəməxsusluğu ilə fərqlənir. İşğalçı Ermənistanın hərbi təcavüzü nəticəsində ölkənin əsas hissəsindən ayrı düşərək iqtisadi və nəqliyyat əlaqələri baxımından blokada şəraitində yaşamağa məhkum olunmuş muxtar respublika mövcud çətinliklərə baxmayaraq, Azərbaycanda həyata keçirilən genişmiqyaslı quruculuq prosesində fəal iştirak edir.

Prezident İlham Əliyev hakimiyyətdə olduğu illər ərzində Naxçıvan Muxtar Respublikasına 15 dəfə səfər edib. Bu səfərlər sadəcə bir dövlət başçısının yerlərdə vəziyyətlə tanışlıq məqsədi güdən protokol səfəri xarakterində olmayıb, hər biri taleyüklü problemlərin həllinə xidmət edib, regionda maraqlı qüvvələrə xüsusi mesajlar verilib. Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir.

Ümumi daxili məhsul 10 dəfədən çox artıb. 2000-ci illərin ikinci yarısından etibarən Naxçıvan Muxtar Respublikasının büdcəsi Ermənistanın büdcəsi ilə müqayisə olunmağa başlanıb. Kənd təsərrüfatı ilə bağlı görülmüş işlər nəticəsini verməkdədir. Süni Mayalanma Mərkəzinin açılışı nəticəsində yaxın 4-5 ildən sonra Naxçıvanda südçülük sahəsində artıq bütün işlər tamamlanmış olacaq və Naxçıvan özünü necə ki, digər əsas ərzaq məhsulları ilə təmin edir, südlə də təmin edəcəkdir.

Həmçinin Naxçıvanda çox böyük enerji potensialı yaradılıb. Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpaolunan mənbədən istifadə edir. Naxçıvan sürətlə inkişaf edir. Ordubad şəhərində içməli su və kanalizasiya layihəsi istifadəyə verilib. Qazlaşdırmanın səviyyəsi artıq 100 faizə çatıb. Elektrik enerjisi ilə təchizat 100 faizə çatıb və Naxçıvanda çox böyük enerji potensialı yaradılıb. Naxçıvanda “ASAN xidmət” Mərkəzinin tikintisi davam edir.

Bu da ictimai xidmətlər sahəsində çox önəmli bir təsisatdır və ölkəmizdə hazırda 7 mərkəz tikilir, o cümlədən Naxçıvanda. Onlar istifadəyə veriləndən sonra “ASAN xidmət” mərkəzlərinin sayı 27-yə çatacaq. Ölkəmizdə hazırda DOST mərkəzləri yaradılır. Bu da sosial təminat və pensiya təminatı sahələrində növbəti uğurlu addımdır.

Naxçıvanda hərbi xidmətdə olanların sosial vəziyyətinin yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Hərbi aerodromun və hərbi hospitalın açılışı Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin olunması işinin təşkilində əlamətdar hadisədir. Naxçıvanın təhlükəsizliyinin təmin edilməsində, hərbçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasında bu obyektlərin böyük önəmi var. Çünki hərbçilərin indi xidmət şəraiti yaxşılaşır, yeni hərbi hissələr tikilir.

Son illər ərzində Naxçıvanda bütün hərbi hissələr yenidən quruldu və olmayan bir çox hissələr yaradılmışdır. Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı da əlamətdar hadisədir. Çünki bu, Naxçıvan Muxtar Respublikasının ən böyük tibb müəssisəsidir, çarpayıların sayına görə Mərkəzi Xəstəxanadan da böyükdür. Eyni zamanda, hərbi aerodromun açılması Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin edilməsində xüsusi yer tutur. Naxçıvanda Ümumqoşun Əlahiddə Ordu yaradılmışdır.

Ermənistanın “ikinci cəbhə” açmaq həvəsini içindəcə boğmağa məcbur etmiş bu Ordu tam NATO (türk ordusu) standarlarına keçmiş xüsusi statuslu hərbi vahiddir. Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan lazımi dərəcədə müdafiə olunacaqdır.

İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri – həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər. Günnüt əməliyyatı Naxçıvan Ordusunun əsl potensialını göstərdi. Ordu ən müasir silah və texnika ilə təchiz edilmişdir. Naxçıvan ordusunda olan hərbi texnika bəlkə də bəzi qabaqcıl ölkələrdə olan texnikadan üstündür. Çünki Naxçıvana ən müasir, ən son texnologiyaya əsaslanmış texnika gətirilir. Bütövlükdə Azərbaycan Ordusuna xaricdən gətirilmiş texnikaların böyük əksəriyyətinin nümunələri Naxçıvan Muxtar Respublikasında mövcuddur.

Müharibədən sonra rəsmən deyə bilərik ki, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Azərbaycan bu münaqişəni təkbaşına həll edib, həm döyüş meydanında və ondan sonra masa arxasında. Döyüş meydanında qazanılmış Qələbə düşməni məcbur etdi ki, ağ bayraq qaldırsın və təslim olsun, kapitulyasiya aktına imza atsın. Noyabrın 10-da imzalanmış sənəd məhz Ermənistanın kapitulyasiya aktıdır. Əgər Ermənistan hansısa praktiki əməllərə keçsə, dərhal məhv olunacaqlar.

Ermənistanda nə güc var, nə iradə var, nə hər hansı bir mənəvi haqq var ki, revanşist fikirlərlə yaşasın. Bu, onlar üçün özünəqəsddir. Əgər zərrə qədər təhlükə olarsa, dərhal yerlərindəcə məhv ediləcəklər. Onlar da bunu bilirlər. Azərbaycanın gücü də var, iradəsi də var, cəsarəti də var. Yumruq da yerindədir. Heç kim bizim qabağımızda dura bilməz.

Zəngəzur dəhlizinin açılışı məsələsi strateji əhəmiyyət daşıyır. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir və bu dəhliz mütləq açılacaqdır. Horadiz-Ağbənd dəmir yolunun təməl daşı artıq qoyulub. Ordubaddan Ermənistan sərhədinə qədər çatışmayan 15-16 kilometrlik hissə inşa ediləcəkdir. Naxçıvan dəmir yolu fəaliyyət göstərir, indi həm sərnişin, həm yük daşımaları həyata keçirilir. Yəni, Azərbaycan ərazisində Horadiz-Ağbənd dəmir yolu tikiləndən sonra bütün infrastruktur yaradılacaqdır.

Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Müstəqil Azərbaycan Respublikası daha işıqlı sabahlara doğru inamla yol getməkdə davam edir.

Və tarixi Naxçıvan səfərinin ardınca tarixi və növbəti Şuşa səfəri…

Sevinc, qürur göz yaşlarını selə döndürən, nəfəslər tutduran, tarixi anlar…

Yeni və növbəti Şuşa Zəfəri…

Tarixi “Xaribülbül festivalı”, yeni məscidin təməlinin atılması, “Xan qız bulağı”nın bərpası…

Sözlərlə, kəlmələrlə ifadəsi belə mümkün olmayan hisslər, anlar…

 Bəli, mənfur və murdar ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər.

Bəli, mənfur düşmən tərəfindən binalar dağıdıldı, məscidlərimiz dağıdıldı, tarixi abidələrimiz dağıdıldı.

Ancaq Şuşa Azərbaycan ruhunu qoruya bildi.

Şuşa 28 il yarım əsarətdə idi, ancaq əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, milli ruhunu qorudu, Azərbaycan ruhunu qorudu.

Bəli, biz Şuşamıza qayıtmışıq, biz Qarabağımıza qayıtmışıq, biz Şuşamızda da, biz Qarabağımızda da əbədi qalacağıq, əbədi yaşayacağıq!

Bizimdir Şuşa, bizimdir Qarabağ!

Yaşasın, Şuşa! Yaşasın, Qarabağı!

Yaşasın, Azərbaycan! Yaşasın, Qalib Ali Baş Komandan İlham Əliyev!

Eldəniz SƏLİMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

Daha 558 yeni yoluxma-DAHA 13 ÖLÜM…

Read Next

“Biz Şuşaya qayıtmışıq, əbədi qayıtmışıq!”-İLHAM ƏLİYEV – ŞUŞADA YENİ MƏSCİDİN TƏMƏLİ QOYULDU, PREZİDENT AİLƏ ÜZVLƏRİ İLƏ “XAN QIZI” BULAĞINDA OLDULAR – YENİLƏNİB – (4) – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir