Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər Vahid Gömrük Qiymətləndirmə Formasının hazırlanması məsələsini müzakirə edib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, müzakirələr İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Gömrük Ekspertləri Alt Komitəsinin 3-cü iclası zamanı baş tutub.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti iştirak edib.
İclasın ilk iş günündə əvvəlki toplantıların qərarları nəzərdən keçirilib, İƏT-in gömrük işi üzrə müqavilələrinə – “Qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına dair İqtisadi Əməkdaşlıq Təşkilatının məlumat bazasının yaradılması və fəaliyyəti barədə” və “Gömrük məsələlərində qarşılıqlı inzibati yardım haqqında” sazişlərə qoşulmaqla bağlı cari vəziyyət müzakirə olunub.
Sonra sessiyalar üzrə davam edən iclasda İƏT üzv dövlətlərinin gömrük əməkdaşları üçün təlim kursları və İƏT ölkələri arasında gömrük üzrə məlumatların elektron mübadiləsi barədə təkliflərə baxılıb, gömrük əməkdaşlığının gücləndirilməsi ilə bağlı təşəbbüslər, tədbirlər və planlar nəzərdən keçirilib.
İclasda “E-TIR Pilot” layihəsi; İƏT ölkələri tərəfindən Səlahiyyətli İqtisadi Operator proqramının tətbiqi; tez xarab olan mallar daşıyan yük maşınları və konteynerlərin sərhədlərdə onlara xüsusi üstünlük verilməklə və maneəsiz hərəkətinin sürətləndirilməsi ilə bağlı İƏT ölkələrinin təmin etdiyi imkanlar; idxal, ixrac və tranzit prosedurları ilə bağlı təlimatların hazırlanması da daxil olmaqla, BMT İnkişaf Proqramının məsləhətçisinin hesabatı ilə bağlı prioritet tövsiyələr və Vahid Gömrük Qiymətləndirmə Formasının hazırlanması məsələləri barədə danışılıb.
İclasın sonuncu iş günündə isə İqtisadi Əməkdaşlıq Təşkilatı və Dünya Gömrük Təşkilatı arasında Gömrük Əməkdaşlığına dair Anlaşma Memorandumuna yenidən baxılmasının mümkünlüyü ilə bağlı müzakirələr aparılıb və İƏT Gömrük Ekspertləri Alt Komitəsinin yekun hesabatı qəbul edilib.
Xatırladaq ki, oktyabrın 19-da Tehran şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Gömrük Xidməti Rəhbərləri Şurasının 7-ci iclası keçiriləcək.