Telefonunun kodu ilə dəfn tarixi eyni olan, üst-üstə düşən-AİLƏNİN TƏK VƏ SUBAY OĞLU, 18 YAŞLI, 4 MEDALLI ŞƏHİD – HÜSEYN İSAQ OĞLU YUSİFOV… – FOTOLAR

Əslən Ağstafalı, özü isə Sumqayıt doğumlu Şəhidimiz Hüseyn İsaq oğlu Yusifov…

Daha bir Vətən sevdalımız, daha bir Nur üzlümüz…

Hüseyn 2002-ci ilin iyul ayının 12-də sadə bir ailədə, Yusifovlar ailəsində dünyaya gəlib…

Ailədə iki övlad-bir bacı, bir qardaşı olublar…

Bacısı hazırda Sumqayıtdakı kolleclərdən birində təhsil alır, axırıncı kursdadır…

Hüseyn özü isə orta məktəbə bir il gec gedib və 2020-ci ildə orta təhsilini başa vurub…

2020-ci ilin iyul ayının 13-də, 18 yaşının tamamından cəmi bir gün sonra hərbi xidmətə çağırılıb və Goranboy rayonu istiqamətində “N” saylı hərbi hissədə qulluq etməyə başlayıb…

İkinci Vətən Müharibəsinin ilk saatlarından isə döyüşlərdə olub…

Şərəfli döyüş yolu cəmi 5 gün çəkib…

Axırıncı dəfə ailəsi, atası ilə sentyabrın 29-da, saat təxminən 13:00 radələrində danışıb…

Ondan sonra Hüseynlə əlaqə yaratmaq mümkün olmayıb…

Və oktyabrın 1-də qan su yerinə axan Suqovuşanda qəhrəmancasına həlak olub, Şəhidlik məqamına yüksəlib…

Ancaq nəşini neytral ərazidə qaldığı üçün uzun müddət götürmək mümkün olmayıb…

Nəşi yalnız iki ay 25 gün sonra, dekabr ayının 25-də əldə edilib və bir gün sonra, dekabrın 26-da Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn edilib, Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonta Ali Baş Komandan tərəfindən 4 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif olunub…

Hüseyn həm sə subay olub.

***

Bu gün axşam saatlarında digər Sumqayıtlı Şəhidimiz Adil Akif oğlu Rzayevin anası Məhbubə xanım, xeyriyyəçi-çox dəyərli insan Arzu xanım və digər iki xanımla birlikdə Şəhidimizin ailəsini “stansiya Sumqayıt” adlanan ərazidə yerləşən şəhərcikdəki və bir müddət öncə köçdükləri təzə mənzildə ziyarət etdik…

Və qeyd edim ki, Şəhidimiz Adil Rzayevin ailəsi də həmin şəhərcikdə, qonşu binalardan birində yaşayır, təzə mənzillərinə yeni köçüblər…

Şəhidimizin valideynləri-anası, 38 yaşlı Asya xanım və atası, 43 yaşlı İsaq bəylə, yaxın qohumları ilə görüşdük…

Onlara başsağlığı verdik, Allahdan səbr və dözüm dilədik…

“Şəhidimizin məkanı cənnətlik olsun! Ruhu qarşısında baş əyirik!”-dedik…

Eyni zamanda, Şəhidimizin anası və bacısını 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdik…

Bir xeyli söhbətləşdik, dərdləşdik…

Şəhid anasının dediklərindən:

“Hüseyn hərbi xidmətə getməzdən öncə qəzaya uğramışdı və möcüzə nəticəsində sağ qalmışdı…Amma sən demə, cəmi bir neçə ay sonra həlak olacaqmış, qismətində Şəhidlik varmış…Hətta bir məclisdə ondan soruşublar ki, arzun nədir, deyibmiş ki, Şəhid olmaq (Gözləri dolur)…Həmin videonu sonra dostları bizə də göstərdilər…Atası Hüseynə təzə telefon almışdı…Telefonunun kodunu 26/12 qoyubmuş…Və dəfn olunduğu gün də 26-sı 12-ci aydır (Göz yaşlarına hakim ola bilmir)… Bu dərəcədə də təsadüf ola bilməz…Balam Şəhid olacağını bilirmiş, ürəyinə damıbmış…”.

Şəhidimizin ailəsi övladlarının hərbi geyiminin onlara təhvil verilməsini istəyir…

Bununla bağlı hətta bir neçə dəfə müraciət olunsa da, müsbət cavab ala bilməyiblər…

Ona görə artıq məsuliyyətsizliyə son qoyulmasının, tək oğul övladlarının hərbi geyiminin, hərbi formasının onlara təhvil verilməsini istəyirlər…

Eyni zamanda, Şəhidimizin ailəsi övladlarının medallarının onlara təqdim edilməsini arzulayırlar…

Hələlik “Vətən uğrunda” medalını alıblar, istəyirlər ki, tezliklə digər medalları da onlara təqdim edilsin.

Çox istərdik və arzu edərdik ki, Şəhid ailəsinin arzusu, istəyi tezliklə gerçəkləşdirilsin.

Həm hərbi forması, həm də digər 3 medalı gözləri yaşlı, ürəkləri dərdli ailəsinə təhvil verilsin.

Nur içində yatsın, məqamı Uca olsun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

ABŞ Rusiyadan neft və qaz idxalına-QADAĞA QOYDU, BAYDEN AÇIQLADI

Read Next

YAP bu imtahahdan, bu sınaqdan da üzüağ, alnıaçıq çıxdı-ELDAR İBRAHİMOV YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir