Telekanallarla bağlı müşavirə keçiriləcək – KOMİTƏ SƏDRİ

“Elə “jurnalistlər” var ki, cümləsinin başı ilə ayağı bilinmir, nə demək istədikləri anlaşılmır, iki səhifəlik mövzu, yazı versən, 50 dənə səhv tapmaq olar”

Bu ilin fevral ayının sonları, mart ayının əvvəllərində Azərbaycanın tele-radio məkanının və media aləminin nümayəndələrinin iştirakı ilə geniş müşavirənin keçirilməsui nəzərə tutulur.

Etikxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin (MM) qarşıdan gələn növbəti yaz sesiyası ilə bağlı parlamentin Mədəniyyət komitəsinin yanvarın 18-də keçirilən iclasında akademik, adıçəkilən komitənin sədri Rafael Hüseynov deyib. Onun sözlərinə görə, bu müşavirə onun rəhbərlik etdiyi komitənin təşəbbüsü, eləcə də, Mətbuat Şurası və Milli Teleradio Şurasının yaxından iştirakı və dəstəyi ilə keçirilir.

R. Hüseynov xatırladıb ki, bu məsələ çoxdan komitənin gündəmindədir və ötən müddət ərzində də nəzərdə tutulan tədbirlə bağlı ilkin hazırlıq işləri görülüb, xüsusilə, tele-radio məkanı ilə bağlı aparılmış monitorinqlərin ilkin nəticələri ortalıqdadır.

“Biz bu müşavirəni, dəyirmi masanı fevral ayında, ən uzağı mart ayında keçirməyi nəzərdə tuturuq. Hesab edirik ki, bunun Azərbaycanın efir məkanın, medianın inkişafına böyük töhfəsi ola bilər və olacaq”-deyən komitə sədri onu da bildirib ki, tez-tez “reket jurnalistika”dan və “reket jurnalistlər”dən danışılır.

“Reket jurnalistika”, “reket jurnalistlər” də təkcə kimdənsə pul, rüşvət almaq, onları şantaj etməklə ölçülmür, burada dilə qarşı reketçi münasibət də mühüm rol oynayır. Yəni, mətbuatda, efirimizdə Azərbaycan dili bəzən elə hala salınır ki, bunun özü də reketçilikdir. Elə “jurnalistlər” var ki, cümləsinin başı ilə ayağı bilinmir, nə demək istədikləri anlaşılmır. İki səhifəlik mövzu, yazı versən, 50 dənə səhv tapmaq olar. Bunun özü də elə reketçilikdir. Yəni, həmin tədbirdə bu məsələyə də ciddi diqqət veriləcək”-deyə, komitə sədri sözlərinə əlavə edib.

Adıçəkilən komitənin üzvü, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da keçirilməsi nəzərdə tutulan tədbiri alqışladıqlarını və ona dəstək verdiklərini bildirib.

Etikxeber.az

Read Previous

Sabah intensiv yağış yağacaq

Read Next

“Kinematoqrafiya haqqında” qanun layihəsi yaz sessiyasının müzakirələrinə çıxarılır…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir