“Terraktın baş verməsi İranla əlaqələrimizə çox böyük ziyan vurdu…”-XƏLƏF XƏLƏFOV

27 yanvar təqribən 08:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum terror aktı törədilib.

Etikxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

 Bildirib ki, bu hadisənin baş verməsi bizin üçün gözlənilməz idi:

“Ona görə ki, belə hadisələrin baş verməsi mümkün deyil, ümumiyyətlə qəbuledilməzdir. Vyana konvensiyasının müvafiq maddələrinə görə səfirliyi qəbul edən ölkə təhlükəsizliyə məsuliyyət daşıyır. Baş vermiş terror hadisəsi və onun ağır nəticələri ilə əlaqədar İran bir dövlət kimi məsuliyyət daşıyır”.

O, qeyd edib ki, baş verən hadisələrlə bağlı ölkə Prezident bu silahlı hücumu terror aktı kimi qiymətləndirib və terror aktını pisləyib. Bu, ölkəmizin mövqeyidir.

Xələf Xələfov bildirib ki, biz bu hadisə baş verəndən sonra öncə İranın ölkəmizdəki səfrini Xarici İşlər Nazirliyinə dəvət etdik:

“Əlimizdə olan ilkin məlumatlar əsasında Azərbaycan dövlətinin tələblərini İran səfirinin nəzərinə çatdırmışıq. Əsas tələbimiz ondan ibarətdir ki, İran məsuliyyət daşıyan dövlət kimi beynəlxalq öhdəlikləri çərçivəsində baş vermiş terror aktını hərtərəfli və təfsilatlı olaraq şəffaf şəkildə tədqiq etməlidir, cinayətkarları məsuliyyətə cəlb etməlidir, cinayətkarların arxasında duran, təşkil edən, bu cinayətin törədilməsində əli olan bütün iştirakçıları müəyyən etməlidir və onları ədalət məhkəməsinə cəlb etməklə cəzalandırılmalıdır”

Sonra “Eyni zamanda təbii ki, belə məsələlərin həll olunmasında dövlətlər arasında əməkdaşlıq həyata keçirilir”-deyən xarici işlər nazirinin müavini bildirib ki, bu cinayətin açılması ilə əlaqədar Azərbaycan beynəlxalq mexanizmlərdən istifadə etməyi planlaşdırır:

“Yaranmış şəraitdə Azərbaycan Prezidenti çətin də olsa bu qərarı qəbul etdi ki, Tehrandakı səfirliyimiz təxliyə olunmalıdır. Əlbəttə hər hansı ölkədə səfirliyin diplomatik nümayəndəliyin fəaliyyətini dayandırması çox məsuliyyətli qərardır. Amma siz bilməlisiniz ki, biz bunu İran tərəfinin də nəzərinə çatdırmışıq ki, bizim səfirliyimizin mühafizəsinin, səfirlikfə çalışan əməkdaşlarımızın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı İran tərəfinə etibarımız, etimadımız, inamımız yoxdur. Nə üçün bunu deyirik? Çünki dəfələrlə biz İran tərəfinin nəzərinə çatdırmışdıq ki, Azərbaycan Respublikasının diplomatik nümayəmdəliklərinə qarşı İran ərazisində təhdidlər var. İran tərəfindən tələb etmişdik ki, mühafizə təhlükəsizlik tədbirlərini artırsınlar. dünən baş verən hadisə onu göstərir ki, İran buna etinasız, məsuliyyətsiz yanaşmış və bu terror aktı baş verib”.

Xələf Xələfov sonra deyib ki, teror aktının baş verməsindəb dərhal sonra İranın bəzi strukturları terror aktının guya məişət zəminində baş verməyini insanlara sırımağa çalışdılar. Bildirib ki, bu absurddur və ictimai fikri məsələnin əsas mahiyyətindən uzaqlaşdırır:

“Amma biləsiniz ki, bizim müvafiq orqanlarımızda cinayətin baş verməsi ilə bağlı kifayət qədər tutarlı sübutlar, materiallar var. Ona görə biz İran tərəfindən tələb edəcəyik ki, istintaq ədalətli aparılsın. Bu işdə əli olan, bu cinayəti törətmiş bütün insanlar ədalət mühakiməsinə cəlb olunmalıdır və öz layiqli cəzasını almalıdır.

Eyni zamanda, “Terror aktının baş verməsi İranla əlaqələrimizə çox böyük ziyan vurdu”-deyən Xələf Xələfov bildirib ki, bu ziyanın vurulmasında bütün məsuliyyət İran dövlətinin üzərinə düşür:

“İran dövlətində hələ bu hadisə baş verməzdən əvvəl antiazərbaycan mühiti yaranmışdı. Həm mətbuatda, həm ictimaiyyətdə. Biz dəfələrlə İran tərəfini xəbərdar etmişdik ki, bu şəraitdə normal münasibət saxlamaq mümkün deyil, bu mühitdən çəkinmək lazımdır. Mən bu fikri söyləməkdən çəkinmirəm ki, o mühitin yaranması da bu terror aktının baş verməsinə müəyyən rəvac verib”.

Etikxeber.az

Read Previous

İlham Əliyev Macarıstana-SƏFƏR ETDİ… – FOTOLAR – YENİLƏNİB

Read Next

“İrandakı səfirliyimizin diplomatik fəaliyyətini tamamilə dayandırmışıq”-XARİCİ İŞLƏR NAZİRİNİN MÜAVİNİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir