“Terrorizm dünya ölkələri üçün kədərli həqiqətə çevrilib…” – ELŞAD HƏSƏNOV

Bu gün terrorizm dünya ölkələri üçün kədərli həqiqətə çevrilib. Son illər ərzində Avropa Şurasının bir neçə ölkəsi terrorla üzləşib və indi terroru məğlub etmək üçün antiterror siyasətimizi əlaqələndirməliyik. Terror qurbanlarının qorunması onların ləyaqətini və insan haqlarını müdafiə edən vacib addımdır. Bu baxımdan Avropa dövlətləri terror qurbanlarının hüquqları ilə bağlı Avropa xartiyasının qəbul edilməsi imkanını yekdilliklə dəstəkləməlidirlər.

Etikxeber.az xəbər verir ki, bu fikirləri AŞPA-nın payız sessiyası çərçivəsində “Terrorizm qurbanlarının müdafiəsi və dəstəklənməsi” məruzəsinin müzakirəsinə qatılan qurumdakı nümayəndə heyətimizin üzvü Elşad Həsənov çıxışında söyləyib.

O, bildirib ki, Azərbaycan da Avropa İttifaqının bir sıra dövlətləri kimi terrora məruz qalıb. 1990-cı illərin əvvəllərində erməni hərbi birləşmələri və terror qruplaşmaları Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı rayonları işğal ediblər:

“Bu münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizi hələ də işğal altındadır, 1 milyondan çox insan qaçqın və köçkün vəziyyətinə düşüb. Terror qurbanları problemi Azərbaycanın müasir tarixinin bir hissəsidir. Bu insanlar uzun illərdir ləyaqətləri və insan hüquqları uğrunda mübarizə aparırlar”.

E. Həsənov “Çıraqov və digərləri Ermənistana qarşı” adlı məhkəmə prosesini xatırladaraq, 2015-ci ildə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu işə dair qərarına diqqət çəkib.

Həmin işlə bağlı müraciət edən şəxslərin terrora məruz qaldığını, onların Dağlıq Qarabağdan olan azərbaycanlılar olduğunu bildirib.

Qeyd edib ki, həmin şəxslər 1992-ci ildə öz yurd-yuvalarından qaçmağa məcbur olublar:

“O vaxtdan erməni işğalı və terroru səbəbindən onlar evlərinə, doğma yurdlarına dönə bilmirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yekun qərarında Ermənistanın Dağlıq Qarabağ üzərində tam nəzarəti həyata keçirdiyini və bəzi təməl hüquqları, o cümlədən şəxsi və ailə həyatına hörmət və məhkəmədə müdafiə olunmaq hüququnu pozduğunu bildirirdi”.

“Avropa Məhkəməsinin qərarını alqışlamalıyıq, amma təəssüf ki, iddiaçıların öz vətənlərində yaşamaq hüququ hələ də bərpa olunmayıb. Onların məhkəmədə müdafiə olunmaq, kompensasiya və dəstək xidmətlərindən faydalanmaq hüququna təminat verməliyik. Azərbaycan hökuməti terror qurbanlarını qorumaq və dəstəkləmək üçün əlindən gələni edir. Məcburi köçkünlər və terror qurbanları üçün bir çox sosial, təhsil və iqtisadi layihələr mövcuddur.

Azərbaycan hökuməti terror qurbanlarına həyatlarının hər sahəsində dəstək olur. Terror qurbanlarının tam müdafiəsini təmin etmək üçün biz deputatlar daha uzunmüddətli öhdəliklər göstərməliyik. Cəmiyyəti hər cür zorakılığa, separatizmə və terrorizmə qarşı mübarizəyə və effektiv antiterror siyasətini təmin etməyə təşviq üçün müvafiq təşəbbüsləri dəstəkləməliyik. Terror qurbanlarını qorumaq və dəstəkləmək üçün təkcə hüquqi deyil, həm də mənəvi borcumuz var”– deyə, E. Həsənov sonda vurğulayıb.

Etikxeber.az

Read Previous

UEFA Çempionlar Liqası: NÖVBƏTİ OYUNLAR – NƏTİCƏLƏR

Read Next

3 oktyabrdan – Heydər Əliyevin ilk dəfə prezident seçilməsindən – 26 İL KEÇİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir