Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bütün fərqli iqtidarların dövründə-Vəzirovdan, Mütəllibovdan…tutmuş Əliyevlər iqtidarlarına kimi-yüksək vəzifələr tutmağı, öndə olmağı bacarmış sabiq təhsil naziri Misir Mərdanov son illər, son ayllar həddindən ziyadə aktivləşib…
Hər gün olmasa da, hər ay müsahibələri, açıqlamaları qarşımıza çıxmaqdadıdr…
Səlis nitqi, savadlı danışığı və xalq dilində danışmaq bacarığı ilə insanlara, kütləyə sirayət, nüfuz edə bilməyi də bacarır, etiraf olunmalıdır…
Kimsə də buna irad tuta, müdaxilə edə, ona söz, danımaq haqqını qadağan edə bilməz…
Həm də öz şəxsi işidir, kimin nə dərdinə-azarına qalıb…
…Və yenə də test üsulu, Dövlət İmtahan Komissiyasının (DİM) sədri Məleykə xanım Abbaszadə ilə bağlə ənənəvi və eyhamlı fikirlərini, ittihamlarını səsləndirib…
Bu da onun şəxsi işidir, azad fikridir, özü bilər…
Həm də istər Məleykə xanım özü bu tənqidi fikirlərə, ittihamlara münasibətini sərgiləmək bacarığına malikdir, istərsə də ona yaxın olan jurnalistlər, DİM-in Mətbuat xidməti açıqlama verə bilər…
Kiməsə vəkillik etmək lazım deyil və ehtiyac yoxdur, həm də kənardan xoş görünməyə bilər…
Və görünən odur ki, kimlərsə MİSİR MƏRDANOVdan qəhrəman obrazı düzəltməyə çalışır…
Yenə də öz işləridir…
Amma və lakin…
FAKT faktdır, faktan böyük əlahəzrət FAKT yoxdur…
Faktları təhrif etmək, yaxın keçmişdə, gözümüz önündə olanları gizlətmək olmaz və olmur…
Akademik, hər zaman sözünün ağası olmuş, fikirlərini kimdənsə, nədənsə çəkinmədən birbaşa səsləndirmiş mərhum Cəlal Əliyevin qruplaşması-Misir müəllim də daxil olmaqla, TESTin aşkar əleyhinə olublar…
Testin ləğvinə, az qala Sovetlərdəki (xüsusilə, Sovetlərin son dönəmlərindəki) Qəbul sisteminin-rüşvət mexanizminin bərpasına çalışıblar…
Bu, məlum və keçmiş qruplaşma üzvləri-əksər rektorlar, rektorlar ordusu keçmişin “xoş xatirələri”ndən ayrıla, ayıla bilməyiblər, nostalji ilə yaşayıblar zaman-zaman, uzun müddət…
Bunu da havadan-sudan demirəm, iddia etmirəm…
38 ilin jurnalisti və 31 ilin parlament jurnalisti kimi deyirəm...
Uzun illər Təhsil qanunu ətrafında-xüsusilə, 2000-ci illərin əvvəllərində gedən oyunların izləyicisi, şahidi kimi deyirəm…
Parlament müzakirələrində nələri görmədik, nələri…
O zaman testin qatı tərəfdarı olan hakim partiya sədrinin müavini, indiki birinci vitse-spiker Əli Əhmədovla Misir Mərdanov arasında Təhsil qanunu ilə bağlı müzakirələr zamanı (parlament komitələrinin birləşdirilmiş iclasında) bir-birinə qarşı sərt fikirlər səsləndirməsi, bir-birinə ironiyalı, istehzalı yanaşması…hələ də gözlərimin önündən getməyib…
Bəlkə də 10 ilə yaxın (bəlkə də bir az da çox) gərgin, əsəbi müzakirələrdən, qarşılıqlı ittihamlardan sonra yeni Təhsil qanunu qəbul edildi və ən əsası antiTESTçilər bu mübarizədən məğlub ayrıldılar, öz istəklərinə nail ola bilmədirlər…
Kasıb, imkansız balalarının azad, rahat şəkildə heç nəsiz ali məktəblərə qəbulunun yolunu dayandırmaq mümkün olmadı…
Həm də hakim siyasi iradə buna imkan vermədi.
Bəli, FAKT odur ki, məhz testin sayəsində 1992-ci ilin yay-payızından KASIB balaları uzun on illiklərdən sonra ali məktəblərə daxil ola, ali məktəblərin üzünü görə bildilər…
Çünki TEST olmasaydı, bir kasıb balası da ALİ MƏKTƏB üzü görə bilməzdi…
Bunu sovetləri görən, sovetlərin tələbəsi kimi deyirəm…
İnqilabi TEST üsulunu Azərbaycana gətirdiyi üçün də Allah mərhum Əbülfəz Elçibəyə rəhmət, bu işdə əməyi olanların dünyadan köçənlərini cənnətlik etsin!
Nə yaxşı ki, testi Azərbaycana gətirdilər, nə yaxşı ki, ali məktəblərin qapılarını kasıb balalarının üzünə taybatay açdılar…
Eyni zamanda, testin ləğvinə, aradan qaldırılmasına imkan verməyən eks-prezident, mərhum Heydər Əliyevə Allah qəni-qəni rəhmət etsin! Ruhu şad olsun!
Allah Məleykə xanıma da can sağlığı versin! Səhvləri, yanlışları ilə birlikdə bir cəngavərdir, kimsə onun mübarizə əzmini qıra, sındıra, yolundan döndərə bilmədi.
Bununla belə, testin də, qəbul prosesinin də təkmilləşdirilməsi, bütövlükdə Azərbaycan təhsilinin ÖLÜ vəziyyətindən çıxarılması, ayağa qaldırılması lazımdır!
Təhsilsiz, savadsız, ürfansız…cəmiyyət Cahil, Nadan, Mövhumatçı, Xurafatçı…Cəmiyyətdir!!!
Hər bir inkişafın kökündə TƏHSİL dayanır, dayanıb və dayanacaq, TƏHSİLSİZ heç nəyə nail olmaq mümkün deyil və mümkün olmayacaq!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





