“Tibbi sığorta haqqında” qanun-DƏYİŞDİRİLDİ, TİBB İŞÇİLƏRİ MM-DƏ ALQIŞLANDI, ONLARA XÜSUSİ STATUS VERİLMƏSİ TƏKLİF OLUNDU, BABAOĞLU TİBBİ MASKALARDAN DANIŞDI, PAŞAYEVA ÇAĞIRIŞ ETDİ – VİDEO- YENİLƏNİB – (5)

İcbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi müddəti uzadılıb.

Etikxeber.az məlumat verir ki, bu, Milli Məclisin (MM) bu gün keçirilən iclasında “Tibbi sığorta” haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, icbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş ardıcıllıq nəzərə alınmaqla, 2020-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunmalı idi.

Dəyişikliyə əsasən, bu müddət 2021-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunacaq.

“Bütün tibb işçiləri ola biləcək problemlərin qarşısının alınması, ölkədə pandemik vəziyyət artdığı zamanı hansı addımların atılması üçün ciddi işlər aparır”.

Bunu qanun layihəsinin müzakirəsi zamanı MM-in Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

R. Mahmudov bildirib ki, icbari tibbi sığortanın ölkə üzrə mərhələli şəkildə tətbiq edilməsində koronavirusla əlaqədar çətinliklər yaranıb: “Ona görə də icbari sığortanın mərhələli tətbiqi ilə bağlı müddətlərə dəyişiklik edilir”.

***

Həmçinin, muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslərin icbari tibbi sığorta ödəməyə başlayacağı müddət uzadılıb.

Bu da “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, həmin şəxslər 2020-ci il aprelin 1-dən icbari tibbi sığorta ödəməyə başlayacaqdı. Dəyişikliyə əsasən, bu müddət 2021-ci il yanvarın 1-dək uzadılıb.

Qeyd edək ki, həmin şəxslər üçün icbari tibbi sığorta haqları sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz həcmində müəyyən edilib.

***

Bundan başqa, MM, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslərə münasibətdə onların təyin olunduqları dövlət orqanı (qurumu), seçkili ödənişli vəzifə tutan şəxslərə münasibətdə isə onların seçildiyi dövlət və ya bələdiyyə orqanı (qurumu), Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən işləyən şəxslərə (o cümlədən, digər əsaslara muzdlu işə cəlb olunan şəxslər) münasibətdə isə sığortalı qismində işəgötürənlər (işə cəlb edən şəxslər),  sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) və  mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərə münasibətdə sığortalı qismində onları işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslərin icbari tibbi sığorta ödəməyə başlayacağı müddət uzadılıb.

Bu dəyişiklik də “Tibbi sığorta” haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, həmin şəxslər icbari tibbi sığorta haqlarını 2023-cü il yanvarın 1-dən ödəməli idi. Bu müddət 1 il uzadılıb.

***

“Bu gün bir çox ölkədə tibb işçiləri xəstəliyə yoluxaraq dünyasını dəyişir”.

Bunu isə MM-in Əmək və sosial siyasət komitəsi sədr müavini Məlahət İbrahimqızı deyib.

M. İbrahimqızı təklif edib ki, koronavirusla mübarizə aparan tibb işçilərinə xüsusi status verilsin:

“Türkiyədə bu sahədə çalışan həkimlərə qazi, rəhmətə gedənlərə isə şəhid statusu verilir. Mən də bizim həkimlərə xüsusi status verilməsini təklif edirəm”.

***

“Millət vəkilləri olaraq, tibb işçilərini, fədakar insanları biz də Prezident İlham Əliyevin təşəbbüsünə qoşularaq alqışlamalıyıq.

Bunu da öz növbəsində MM-in Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.

Millət vəkilləri təklifə qoşularaq, tibb işçilərini alqışlayıblar.

***

“Tibbi maska təchizatı ilə bağlı hökumət tərəfindən iş aparılır”.

Bunu da MM-in Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib.

H. Babaoğlu bildirib ki, seçicilər tərəfindən apteklərdə maska olmaması ilə bağlı müraciətlər edilir:

“Bununla bağlı tədbirlər planı hazırlanıb. Əlaqədar qurumlardan xahiş edirəm ki, apteklərdə tibbi vasitələrin əlçatanlığını təmin etsinlər. Gün ərzində apteklərə 50-100 ədəd maska paylanır. Bu isə əhalinin tələbatını ödəmir”.

***

Qənirə PAŞAYEVA: İşçiləri ixtisara salmayın, maaşlarını verin…

“Böyük şirkətlər, restoranlara üzümü tutub demək istəyirəm ki, işçiləri ixtisara salmayın, maaşlarını verin”.

Bunu isə Q. Paşayeva “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna təklif edilən dəyişikliklə bağlı müzakirədə deyib.

Q. Paşayeva bildirib ki, böyük şirkətlər dövlətlə bərabər məsuliyyəti bölüşməlidir:

“Biz hər şeyi dövlətdən gözləməməliyik. İmkanlı insanlar, böyük şirkətlər bu məsuliyyəti dövlətlə bölüşməlidir. Bu gün kiçik və orta sahibkarları başa düşmək olar. Ancaq böyük şirkətlər və imkanlı insanlar dəstəyini əsirgəməməlidir”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Hərbi xidmətə çağırış müddəti uzadıldı-SİYAVUŞ NOVRUZOV İSƏ SƏFƏRBƏRLİKLƏ BAĞLI QANUNUN YENİLƏŞDİRİLMƏSİNİ TƏKLİF ETDİ – YENİLƏNİB – (1)

Read Next

MM-in iclası-BƏZİ DEPUTATLAR TİBBİ MASKADAN İSTİFADƏ EDİR – PLENAR İCLASLAR ONLAYN KEÇİRİLƏ BİLƏR – SİYAVUŞ NOVRUZOVUN ÜÇ “VİRUS”U – 3 QANUNA CİDDİ DƏYİŞİKLİLƏR…- FOTO- YENİLƏNİB – (7)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir