Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Son 15 ildə inkişaf fenomeninə çevrilən Azərbaycanın idarəçilik və yüksəliş modeli bir çox ölkələr üçün praktik nümunədir.
Bunu Etikxeber.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru, hüquq elmləri doktoru Mehdi Abdullayev deyib.
O, qeyd edib ki, sürətli iqtisadi inkişafın, sabitliyin, tolerantlığın, milli və bəşəri dəyərlərin ideal sintezinin nümunəsinə çevrilmiş Azərbaycan həm də qlobal enerji – logistika layihələrinin təşəbbüskarı və iştirakçısı, regionda ən qüdrətli orduya sahib əsas güc mərkəzi olduğunu sübuta yetirib.
Onun sözlərinə görə, həmçinin, həyata keçirdiyi tam müstəqil siyasəti ilə dünya birliyinin etibarlı tərəfdaşı statusunu qazanıb:
“Əlbəttə ki, dinamik inkişaf, sürətli tərəqqi və modernləşmə, həyata keçirilən qətiyyətli dövlət siyasətinin göstəricisidir. Bir sözlə, müasirliyə gedən yolda inamla addımlayan Azərbaycan ən qabaqcıl standartları milli dəyərlərimizə uyğun olan şərtlə tətbiq etməkdədir.Son illərdə həyata keçirilən uğurlu siyasi-iqtisadi islahatlar həm idarəçilik fəlsəfəsinə yeni məna çalarları gətirmiş, həm də xalqın daha xoş sabaha olan inamını qat-qat artırmışdır. Çünki davamlı inkişaf, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi dövlətin sosial siyasətinin prioritetidir.



Müstəqilliyinin cəmi 27 yaşı olan Azərbaycanda son 15 ildə həyata keçirilən dövlət siyasətinin təməlində ölkə vətəndaşının maraqları dayanıb. O baxımdan qısa zaman kəsiyində həyata keçirilən dövlət siyasətinə, qazanılan uğurlara nəzər salsaq aydın şəkildə görərik ki, Azərbaycan bir çox aparıcı dünya dövlətlərinin onilliklər boyu keçdiyi təkamül və inkişaf mərhələlərini qısa zaman kəsiyində qət edib. Azərbaycan tarix boyu heç zaman indiki kimi qüdrətli, güvənli, istiqrarlı olmayıb. Respublikamızda dünya ölkələrinin heç birinə bənzəməyən, özünəməxsus iqtisadi və siyasi inkişaf modelinin formalaşması faktı tam təsdiqini tapıb. İnkişaf fenomeninə çevrilən Azərbaycanın idarəçilik və yüksəliş modeli bir çox ölkələr üçün praktik nümunədir. Hansı ki, bu model qlobal iqtisadi və maliyyə böhranları şəraitində özünü tam doğruldub”.
M. Abdullayev deyib ki, müasir dövrdə dövlətlərin demokratiklik əmsalı sosial-iqtisadi inkişaf göstəriciləri ilə yanaşı, həm də siyasi hakimiyyətin xalqa xidmət səviyyəsi, cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqliyi ilə müəyyənləşir:
“Xalqdan mandat almış hakimiyyət fəaliyyəti ilə daim ictimai etimadı doğrultmağa, hər bir vətəndaşın mənafeyinə hesablanan siyasi-hüquqi və sosial-iqtisadi islahatları həyata keçirməyə çalışır. Demokratik proseslərin və milli inkişafın ən vacib şərti kimi qəbul olunan insan hüquqlarına hörmət və onların müdafiəsi də hər bir dövlətin ali vəzifəsidir. Müasir dövrdə insan hüquq və azadlıqları sahəsində baş verən köklü dəyişikliklər həm milli, həm də beynəlxalq normalar əsasında tənzimlənir.

Dünya birliyinin üzvü kimi demokratik, hüquqi inkişaf yolunu seçən Azərbaycanda insan hüquqlarının demokratik dəyərlər çərçivəsində təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab olunur. Son 15 ildə respublikamızda insan hüquq və azadlıqlarının təmini prosesi daha da təkmilləşib və ölkəmiz bu sahədə böyük uğurlara imza atıb. 28 dekabr 2006-cı ildə Azərbaycan Respublikasında İnsan Hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı, 2011-ci ildə isə Milli Fəaliyyət Proqramı təsdiq edilib. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 2000-ci ildən indiyədək 300-ə yaxın dəyişikliklər edilib ki, bunların da böyük əksəriyyəti humanistləşdirməyə, liberallaşdırmaya, azadlıqdan məhrum etmə cəzalarının azaldılmasına və bütövlükdə insan hüquq və azadlıqlarının təminatı mexanizminin təkmilləşdirilməsinə xidmət edir.
İnsan hüquqlarının qorunması ilə bağlı bütün beynəlxalq sazişlərə qoşulan Azərbaycanda bu sahədə qazanılan uğurlar bir daha təsdiq edir ki, ölkəmizdə insan hüquq və azadlıqlarının yüksək səviyyədə təminatına yönəlmiş kompleks tədbirlərin davam etdirilməsi yüksək nəticələrin əldə olunmasına imkan yaradır. İnsan hüquqlarının təmini istiqamətində həyata keçirilən tədbirlər vətəndaş cəmiyyəti quruculuğu prosesinin əsas şərtlərindən biri kimi çıxış etməklə nəinki respublikamızda, həmçinin beynəlxalq arenada yüksək qiymətləndirilir.Hərtərəfli siyasi islahatlar ölkənin siyasi sisteminin təkmilləşməsini və müasir standartlara uyğunlaşmasını əsaslı surətdə təmin edib. İnsan hüquq və azadlıqları, o cümlədən siyasi azadlıqlar, söz və mətbuat azadlığı tam təmin edilib, idarəetmənin optimallaşdırılması və səmərəliliyinin artırılması sahəsində ciddi addımlar atılıb.
2016-cı ildə keçirilən referenduma əsasən baş tutan Konstitusiya islahatları, vitse-prezident institutunun yaradılması siyasi islahatların dərinləşməsi istiqamətində ən uğurlu addımlardan sayıla bilər. Bu islahatların nəticəsində Azərbaycan dövlətinin daha qüdrətli və möhtəşəm görkəm alması haqlı olaraq xalqın qürur və iftixar mənbəyinə çevrilib. Tam müstəqil xarici və daxili siyasət dövlətin qüdrətinin, müstəqilliyinin ən bariz ifadəsidir…”
Prorektorun bildirdiyinə görə, bu, bir həqiqətdir ki, demokratik proseslərin davamlı şəkildə aparılmadığı hansısa dövlətin iqtisadi sahədə davamlı və yüksək nəticələr əldə etməsi, beynəlxalq arenada layiqli yerini tutması, dünya təsərrüfat sisteminə inteqrasiyası mümkün deyil:
“Eyni zamanda iqtisadi cəhətdən inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə və vətəndaş cəmiyyəti quruculuğuna yönələn cəhdlər əsasən uğursuzluqla nəticələnir. Çünki tətbiqinə cəhd göstərilən mütərəqqi yeniliklər vətəndaşların real yaşayış səviyyəsi ilə bir araya sığmır. Məhz bu reallıqları nəzərə alan Azərbaycan dövləti hər iki təmayülə vəhdət şəklində yanaşılmasını vacib sayır və ölkənin uzunmüddətli inkişafını məhz demokratik və iqtisadi islahatların paralel şəkildə aparılması şərtilə real hesab edir.
Azərbaycanda siyasi islahatlar çox cəsarətlə aparılır. Bu da dövlət siyasətinin prinsipial və düşünülmüş seçimidir. İqtisadi və siyasi islahatlar ölkənin inkişafı üçün çox möhkəm zəmin yaradır. Dövlət bu iki amili bərabər, paralel şəkildə həyata keçirir və gözəl zəmin əsasında güclü dövlət quruculuğu prosesi gedir. Bu zəmin əsasında Azərbaycanda güclü sosial siyasət aparılır. Cəmiyyət həyatındakı fundamental dəyişikliklər hüquqi-siyasi islahatların dərinləşdirilməsini, inkişaf etmiş Qərb dövlətlərinin mütərəqqi demokratik ənənələrinin mənimsənilməsinə xidmət edən fəal siyasətin həyata keçirilməsini aktual məsələ kimi önə çıxarır.
Respublikamızın aktiv inkişaf fazasına daxil olduğu indiki mərhələdə demokratik normaların ictimai şüurda möhkəmlənməsinə və qəbul edilməsinə daha yaxşı imkanlar yaranıb. Bu çağırışın əsasında Azərbaycanda liberal dəyərlərin, insan və vətəndaş hüquq və azadlıqlarının prioritetinə əsaslanan, cəmiyyətə təkamül yolu ilə əxz edilən suveren demokratiya modelinin formalaşdırılması məqsədi dayanır.
Azərbaycanda demokratikləşmə və modernləşmənin ilkin mərhələsi üçün xarakterik xüsusiyyətlərdən biri də dünya təsərrüfat sisteminə və ümumilikdə Avroatlantik məkana sürətli inteqrasiyanın təmin edilməsi olub. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Qərb şirkətlərinin Xəzər hövzəsində külli miqdarda investisiya yatırması Azərbaycana ən müasir innovasiya və informasiya texnologiyalarını gətirməklə yanaşı, demokratik proseslərin, hüquqi-siyasi islahatların sürətlənməsinə, vətəndaş cəmiyyətinin formalaşmasına, habelə Avropanın nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlıq xəttinin güclənməsinə ciddi təkan verib.
Avropa Şurası, ATƏT, Avropa Birliyi kimi mühüm demokratik təşkilatlarla əməkdaşlıq təkcə siyasi-hüquqi deyil, ictimai həyatın digər sahələrində də kardinal dəyişikliklərə yol açıb, respublikamıza xarici sərmayə qoyuluşlarının həcmini artırıb. Ümumiyyətlə, yaxın keçmişə nəzər salsaq aydın şəkildə görərik ki, son 15 ildə müasir iqtisadi inkişaf modelini müəyyənləşdirən Azərbaycanda yeni keyfiyyət mərhələsi başlayıb. Dövlət idarəçiliyində, ictimai-siyasi, iqtisadi, mədəni həyatda müstəsna əhəmiyyət daşıyan işlər görülüb. Əldə edilən nailiyyətlər isə olduqca çoxdur…”
Bəs, bu uğurlar necə əldə edilib?
M. Abdullayevin qənaətincə, dünyanın müxtəlif yerlərində, hətta, regionda baş verən toqquşmalar, müharibələr, vətəndaş müharibələri, ölkələrin bir-birinin işinə kobudcasına qarışması, hərbi müdaxilələr fonunda Azərbaycanda ilk növbədə daxili sabitlik təmin olunub, ölkədə əlverişli biznes və investisiya mühiti formalaşdırılıb: Ən önəmlisi odur ki, Azərbaycan hazırda dünyanın təhlükəsiz ölkələrindən biri kimi tanınır:
“Dünya birliyinin etibarlı tərəfdaşına çevrilən Azərbaycanda aparılan tam müstəqil dövlət siyasəti nəticəsində qazanılan nailiyyətlər ölkəmizi tarixinin ən qüdrətli dövlətinə çevirib. Bu möhtəşəm tarixi uğurlara qısa da olsa nəzər yetirək:
Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib, açıq dənizə çıxışı olmayan ölkə qısa zamanda regional logistik-nəqliyyat dəhlizinə, neft-qaz ixracatçısına, kosmik dövlətə, sənaye mərkəzinə çevrilib. Cənubi Qafqazın ən güclü modern ordusu və Xəzər dənizində 270 gəmidən ibarət hərbi donanma yaradılıb. Müstəqilliyinin cəmi 26 yaşı olan Azərbaycan beynəlxalq forumların, konfransların, idman yarışlarının keçirildiyi məkan kimi yeni standartlar müəyyənləşdirib.
Bundan başqa, Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq transmilli layihələr ölkəyə böyük dividendlər qazandırıb. “Əsrin müqaviləsi”nin 2050-ci ilədək uzadılması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi, 2 milyard ton neftin hasil edilməsi, Cənub Qaz Dəhlizinin, TANAP-ın işə düşməsi, təntənəli açılış mərasimləri şanlı tariximizə qızıl hərflərlə yazılıb…
Bununla yanaşı, dövlətin həyata keçirdiyi yeni iqtisadi konsepsiya respublikanın sosial-iqtisadi inkişafı prosesində dinamizmi və məqsədyönlülüyü təmin edib, qarşıda duran vəzifələrin həllinə real imkanlar açıb və cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin yaradıb.
27 illik müstəqillik Azərbaycanın çoxəsrlik həyatında tarixi nöqteyi-nəzərdən az bir zaman kimi görünsə də, ölkəmiz bu müddət ərzində böyük və misilsiz inkişaf yolu keçərək demokratik, hüquqi, dünyəvi dövlət qurmağa, onun təsisatlarını yaratmağa nail olub. Əldə edilən uğurlar müstəqilliyin möhkəmləndirilməsinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına və Azərbaycanın beynəlxalq aləmdə layiqli yerini təmin etməsinə imkan verib. Siyasi, iqtisadi müstəqillik və sosial sabitlik uğurlu inkişafın möhkəm təməlini formalaşdırıb.
Ancaq bir həqiqəti unutmamalıyıq ki, dünyanın heç bir yerində ərazisinin beşdəbir hissəsi düşmən işğalında olan dövlət 15 il ərzində öz iqtisadiyyatını üçqat artıra, ən yüksək artım tempinə nail ola, enerji, nəqliyyat və ərzaq təhlükəsizliyini təmin edə bilməyib. Bunu təkcə biz demirik, dünyanın mötəbər reytinq təşkilatlarının açıqladıqları nüfuzlu araşdırmaların hesabatları təsdiq edir. Məsələn, Azərbaycan 2018-ci il üzrə Dünya İqtisadi Forumunun ənənəvi inklüziv indeksində inkişaf edən ölkələr arasında üçüncü yerə layiq görülüb. “Siyasətçilərə ictimai etimad” kateqoriyası üzrə isə dünyada 137 ölkə arasında 20-ci yerə yüksəlib. Respublikamız “Böyük İyirmilik” ölkələrinin hər 4-dən 3-nü, bütün postsovet respublikalarını və türk dövlətlərini qabaqlayıb. Bu, Azərbaycanda həyata keçirilən inkişaf siyasətinin vətəndaşlar tərəfindən rəğbətlə və məmnunluqla qarşılanmasının ifadəsidir…”.
Etikxeber.az





