Torpaqlara nəzarətin müfəttiş vasitəsilə deyil, elektron səviyyədə də həyata keçirilməsi nəzərdə tutulur…

Azərbaycanda 44 rayon üzrə 1500-ə yaxın hüquqi və fiziki şəxsin sərəncamında olan kənd təsərrüfatı təyinatlı torpaqların səmərəsiz və ya ümumiyyətlə, istifadəsiz qalması faktları aşkarlanıb.

Etikxeber.az məlumat verir ki, bunu Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin keçirdiyi təqdimatda deyib.

O bildirib ki, görülən tədbirlər nəticəsində 255 min hektara yaxın istifadəsiz qalmış kənd təsərrüfatı təyinatlı torpaqlar geri qaytarılaraq təkrar istifadəyə verilib:

rafiqqq

“Monitorinqlər nəticəsində qanunsuz hasarlanma və zəbt olunma halları daha çox Abşeron, Beyləqan, Bərdə, Göygöl, Sabirabad, Salyan, Goranboy, Xaçmaz rayonlarında aşkarlanıb. Neftçala, Samux, Hacıqabul, Şamaxı, Xızı, Ağstafa rayonlarında isə daha çox istifadəsiz torpaqlar müəyyənləşdirilib. Mülkiyyət növündən və təyinatında asılı olmayaraq, bütün torpaqların uçotu komitə tərəfindən aparılır. Komitə bu işləri yeni texniki vasitələrlə həyata keçirir. Bütün ölkənin ərazisi mühəndislər tərəfindən dəqiq ölçülür. Məlumat bazası canlı və işlək olacaq. Bu gün hər hansı bir əmlak haqqında sərəncam verilir və qeydiyyat aparılırsa, kadastr xəritəsində əks olunur. Əvvəllər mövcud olan torpaqların koordinatları arasında uyğunsuzluq mövcuddur. Bunun da obyektiv və subyektiv səbəbləri var. Kadastr xəritələri tam hazır olduqdan sonra dövlət orqanları da bundan istifadə edəcək. Ölkənin vahid torpaq fondu barədə məlumat bazası hazır olduqdan sonra bütün dövlət qurumları bundan yararlanacaq”.

R. Cəlilov qeyd edib ki, torpaqlara nəzarətin təkcə müfəttiş vasitəsilə deyil, gələcəkdə elektron səviyyədə həyata keçirilməsi nəzərdə tutulur:

“Bununla bağlı xarici təcrübə öyrənilib. Sloveniya şirkəti ilə sənəd imzalanıb. Onlar bizə bu torpaqlara peyklə nəzarəti ilə bağlı sistemi hazırlayacaqlar. Bununla da bütün torpaqlarda baş verən yanğın, qanunsuz tikili və digər məlumatları öyrənmək mümkün olacaq”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“İstifadəsiz torpaqlar” məsələsində narazılığa imkan vermək olmaz – DEPUTAT

Read Next

Meşənin içində də kənd təsərrüfatı təyinatlı sahə olar? – ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir