“Bu, Turanımın sonuncu mövlud məclisidir…”-Cənnətdəki altıncı doğum günündə, 30 yaşının tamamında Biləsuvarlı İkinci Vətən Müharibəsi Şəhidi, tək və subay oğul-TURAN ƏLİYEVİN MƏZARI ZİYARƏT OLUNDU, MƏCLİS DÜZƏNLƏNDİ, VƏTƏN NAMİNƏ FƏDAKARLIĞINDAN SÖZ AÇILDI… – FOTOLAR – YENİLƏNİB – (1)

Biləsuvar rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Turan Sulduz oğlu Əliyevin doğum günüdür.

Bu gün-7 iyul 2025-ci il tarixində Turan Əliyevin 30 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.

Cənnətdəki altıncı doğum günü ilə bağlı sabah səhər saatlarında Şəhidin Əsgərabad kənd qəbiristanlığındakı Şəhidlər məzarlığında məzarı ziyarət olunub.

Ruhuna dualar edilib, “Quran” oxunub.

Ailəsinə-anası Tünzalə xanıma Allahdan səbr və dözüm arzulanıb.

Cənnətdəki altıncı doğum günü təbrik olunub.

Məzarını ziyarətdən sonra isə “Zirvə” şadlıq sarayında məclis düzənlənib, adına ehsan süfrəsi açılıb.

Məclisdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Qısa çıxışlar edilib.

Şəhidin cəmi 24 illik qısa, lakin şərəfli ömür, hərb və döyüş yolundan, Vətən naminə fədakarlığından söz açılıb.

Şəhidin anası Tünzalə xanım da öz növbəsində hər kəsə öz minnətdarlığını bildirib.

Eyni zamanda, bundan sonra övladı ilə bağlı mövlud mərasimi keçirməyəcəyini bildirib.

“Bu, balamın sonuncu mövlud məclisidir…Bundan sonra mövlud məclisi keçirməyəcəyəm…Ancaq Anım günlərində mərasim, məclis təşkil edəcəyəm…Bu, mənim şəxsi fikrim, şəxsi qərarımdır…Hər birinizə də yanımda olduğunuz üçün minnətdarlığımı bildirirəm…”-deyə, o, əlavə edib.

Məclisdə həmçinin, Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər, musiqilər səsləndirilib.

Şəhid-Vətən Müharibəsi Qəhrəmanı Cavid Mahmudovun valideynləri və uşaqlarla birlikdə Şəhidin doğum günü tortu kəsilib.

Xatirə fotoları çəkdirilib.

Qeyd edək ki, Şəhidin məzarını ziyarətdə və Cənnətdəki altıncı doğum günü ilə bağlı məclisdə ailə üzvləri, Biləsuvar, Beyləqan, Sabirabad, Füzuli, Cəlilabad və Bakıdan olan Şəhid ailələri, Qazilər, ziyalılar, din xadimləri, yerli məsul şəxslər və digərləri iştirak edib.

Etikxeber.az xəbər verir ki, Turan Əliyev 1996-cı il iyulun 7-də Biləsuvar rayonunun Əsgərabad kəndində dünyaya gəlib.

Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub.

Atasını çox erkən yaşlarında itirib.

Anası Tünzalə xanım ona, eləcə də hazırda ailəli-üç övlad anası olan bacısına-Türkana həm analıq, həm də atalıq edib.

Turan 2002-2013-cü illərdə Əsgərabad kənd tam orta məktəbində oxuyub.

Orta məktəbi bitirdikdən sonra, 2013-2016-cı illərdə kollecdə (texnikumda) təhsil alıb.

Kolleci bitirdikdən sonra, 2017-2018-ci illərdə isə “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib.

Əsgərlikdən sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb və 2018-ci ilin fevral ayından MAXE kimi Kiçik çavuş rütbəsində xidmətini davam etdirib.

Müdafiə Nazirliyinin Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi tərəfindən təşkil olunmuş atıcılıq kurslarında fərqləndiyinə görə Turan dəfələrlə mükafatlandırılıb.

Bir peşəkar hərbçi kimi İkici Vətən Müharibəsinə qatılıb.

Şərəfli döyüş yolu uzun çəkib, tarixi Qələbəmizədək davam edib…

Müharibənin ilk günündən son günücən döyüşlərdə iştirak edib və axırıncı dəfə isə anası Tünzalə xanımla noyabrın 25-də əlaqə saxlayıb.

Cəmi bir gün sonra, noyabrın 26-da isə Füzuli istiqamətində qəhrəmancasına Şəhid olub.

Nəşi də bir gün sonra, 27 noyabr 2020-ci il tarixində Biləsuvar rayonunun Əsgərabad kəndində dəfn olunub.

Şəhidliyindən sonra üç medalla təltif edilib.

Bu ilin iyun ayının 25-də isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.

Turan eyni zamanda, Əsgərabadın beş İkinci Vətən Müharibəsi Şəhidindən biridir.

24 yaşında Şəhidlik məqamına ucalan Şəhidimiz həm də subay olub.

Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü mübarək olsun!

Nur içində yatsın!

13:55

***

FOTOLAR:

15:30

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Balama maaşını xərcləmək belə qismət olmadı…”-SAMUXLU ANTİTERROR ŞƏHİDİ, AİLƏNİN İKİ OĞLAN ÖVLADINDAN BİRİ ELTUN VÜQAR OĞLU MƏMMƏDOVUN ANASI MƏXLUQƏ MƏMMƏDOVA – FOTOLAR

Read Next

“2020-ci ilin martında toy etmək istəsək də, pandemiyaya görə baş tutmadı…Sonra növbəti dəfə toyun vaxtını təyin etdik…Oktyabrın 23-ü qız toyu, noyabrın 14-də də oğlan toyu olmalı idi…Amma…”-BİLƏSUVARLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, ALİ-HƏRBİ TƏHSİLLİ, KAPİTAN, VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI CAVİD MAHMUDOVUN ANASI NƏSİBƏ MAHMUDOVA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir